You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.

Take me to the main website

Rus qoşunları Kiyevin kandarında - Rusiya Ukraynanın işğalına necə başladı?

Rusiyanın Ukraynada genişmiqyaslı hərbi əməliyyatları davam edir. Prezident Putin müraciətində Ukraynanın şərqindəki ukraynalı əsgərləri silahları yerə qoymağa və evlərinə qayıtmağa çağırıb. Hazırda rus əsgərləri Kiyevin yaxınlığındadır.

Canlı reportaj

  1. Ukraynada yaşayan azərbaycanlı ilə müsahibə

    Fevralın əvvəlində, Rusiya ilə mümkün müharibə müzakirələrinin getdiyi vaxtda Ukraynada yaşayan Afaq Həmidovadan oradakı vəziyyət barədə müsahibə almışdıq.

    YouTube kanalımızda izləyə bilərsiniz:

  2. Kiyevi tərk edənlər var

    Paytaxt Kiyevi tərk etməyə çalışan sakinlərə görə uzun tıxaclar yaranıb.

    Digərlərinin metrolarda sığınacaq tapdıqları deyilir.

    BBC müxbirləri deyirlər ki, insanlar hücum gözləsələr də, əməliyyatların həcmi onları təəccübləndirib.

  3. “DXR” və “LXR” Donetsk və Luhansk vilayətlərinə nəzarəti ələ keçirməyi planlaşdırır

    Hərbi qüvvələrə Donetsk vilayətinin administrativ sərhədlərinə çıxmaq tapşırığı verilib - özünü "Donetsk Xalq Respublikası" adlandıran qurumun “xalq milisinin” nümayəndəsi Eduard Basurin belə deyib.

    O, “Rossiya 24” kanalına açıqlamasında bildirib ki, “Donetsk Xalq Respublikası və Luhansk Xalq Respublikası 2014-cü ilə qədərki administrativ sərhədlərdə yerləşir. Ona görə də bir nömrəli vəzifəmiz həmin sərhədlərə çıxmaq və Ukrayna siyasətçilərinin zülmü altında olan insanları azad etməkdir”.

    Basurin bir neçə istiqamətdə uğurlu hücum əməliyyatları keçirildiyini söyləyib:

    “Volnovaxa istiqamətində - Viktorovka və Boqdanovka rayonlarında irəliləmişik, bu iki yaşayış məntəqəsi bizim nəzarətimiz altındadır”.

    Pusiya Prezidenti Vladimir Putin daha əvvəl bəyan etmişdi ki, Rusiya “DXR” və “LXR”-i Donetsk və Luhansk vilayətlərinin bütün ərazisi çərçivəsində tanıyacaq.

    Hərbi əməliyyatlar başlayana qədər tanınmamış respublikaların hökumətləri bu ərazinin ancaq üçdə birinə nəzarət edirlər.

  4. Azərbaycan Ukraynadakı vətəndaşlarına müraciət edib, Və məlumat üçün telefon nömrələri və email ünvanlarını paylaşıb

    Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyətlə əlaqədar orada daimi və müvəqqəti yaşayan vətəndaşlarına müraciət edərək onlardan hərbi qüvvələrin cəmləşdiyi ərazilərə (Ukraynanın şərq bölgəsində yerləşən sərhəd vilayətlərinə) səyahət etməməyi, habelə ölkə ərazisindəki hərbi obyektlərdən uzaq olmalarını tövsiyə edib.

    "Vətəndaşlarımıza ehtiyac olmadığı təqdirdə evlərində və ya güvənli yerlərdə qalmaları və səyahətlərdən çəkinmələri məsləhət görülür", Azərbaycan XİN bildirib.

    Qurum vətəndaşlara tövsiyə edib ki, Ukrayna dövlət orqanlarının rəsmi məlumatlarını izləsinlər.

    Azərbaycan XİN xüsusi hallarla bağlı vətəndaşların əlaqəyə keçməsi üçün telefon nömrələri və email ünvanları paylaşıb.

    Azərbaycanın Kiyev şəhərindəki səfirliyi: (+380 73) 5050000 və ya kiev@mission.mfa.gov.az;

    Xarkov şəhərindəki fəxri konsulluq: (+38057) 7000531 və ya info.azconsulate@gmail.com

    Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi tərəfindən bildiriləcək, XİN bildirib.

  5. Rusiyanın Ukraynaya hücumundan sonra Kiyevdə həyat-fotolar

    Fotolara bu linkdə baxın.

  6. Moskva Birja İndeksi dəyər itirməyə davam edir

    Moskva Birja İndeksinin göstəriciləri azalmağa davam edir.

    Ötən gün ticarət əməliyyatlarının bağlanmasından indiyədək Moskva Birja İndeksi bazar dəyərinin 1/3-ni və ya 34.7 faizini itirib.

    Səhm qiymətlərində azalma müşahidə edilən aparıcı şirkətlərin siyahısı:

  7. Ukrayna polisi Kiyevdə küçəyə düşən raketin qalıqlarını yoxlayır

  8. Rublun məzənnəsi ən aşağı həddə düşüb, Avro 100 rubldan yuxarı, dollar isə təxminən 90 rubla mübadilə olunur

    Cümə axşamı günü Rusiyanın milli valyutası avro və dollar qarşısında 10% dəyər itirərək, tarixi minimumu yeniləyib.

    Moskva Birjası bütün valyuta ticarətinin təxirə salındığını elan edib.

    Moskva vaxtı ilə səhər saat 9-a olan məzənnəyə görə, bir avro 100 rubldan baha mübadilə edilir. Dolların rubla qarşı məzənnə fərqi isə 90 rubla çatıb.

    Rusiyanın Donbasda hərbi əməliyyatlarını əsas gətirən Moskva Birjası, səhər saat 8-dən etibarən (Moskva vaxtı) bütün valyuta bazarlarında aparılan ticarəti dayandırmışdı. Saat 10-dan başlayaraq isə məhdudiyyət aradan qaldırılıb.

    Fond birjalarının açılmasından dərhal sonra Rusiya Ticarət Sistemi indeksi (RTS) 1000 bənd dəyər itirərək, 2020-ci ilin aprelindən bəri ən aşağı həddə düşüb.

    Moskva Birja indeksi isə 2700 bənd azalaraq, 2020-ci ilin noyabrından bəri qeydə alınan rekordu yeniləyib.

    Rusiyanın ən böyük şirkətlərinin bazardakı payları da ciddi itki ilə üzləşib.

    Sberbank-ın səhmləri 10.8%, Norilsk Nickel 12.4%, Qazpromun adı çəkilən qiymətli kağızları isə 11.5% ucuzlaşıb.

    Rusiya Mərkəzi Bankı rublun məzənnəsini qorumaq üçün zəruri maliyyə müdaxilələri edəcəyini bildirib.

    “Maliyyə bazarında sabitliyi təmin etmək məqsədi ilə, Rusiya Mərkəzi Bankı xarici valyuta bazarına müdaxilə etməyə qərar verib. Bura Lombard siyahısının genişləndirilməsi və bank sektorlarında likvidliyin artırılması daxildir”, - ölkənin əsas maliyyə tənzimləyicisinin bəyanatında belə deyilir.

    Qurumdan bildirilib ki, geosiyasi gərginliyin artması fonunda Mərkəzi Bankın bütün mümkün ssenarilərə qarşı fəaliyyət planı mövcuddur.

    Rusiyada fəaliyyət göstərən kommersiya bankları hələlik işlərində hər hansı problemin olması ilə bağlı məlumat verməyiblər.

    Sberbank rəsmiləri geosiyasi vəziyyətin bütün inkişaf səviyyələrinə və müştərilərin maraqlarını qorumağa hazır olduqlarını deyiblər.

    Metallinvestbank-ın xarici valyuta bazarları üzrə baş mütəxəssisi Sergey Romançuk bildirib ki, Donbasda baş verənlər maliyyə bazarı iştirakçıları üçün “sürpriz” olub.

    “Bütün xarici kəşfiyyat xidmətlərinin məlumatlarına baxmayaraq, çox az insan inanırdı ki, Rusiya hərbi əməliyyatlara başlayacaq. Bu maliyyə bazarı üçün ciddi dəyişiklikdir. Bazar infrastrukturu da daxil olmaqla, Rusiya gələcək bütün təhdidlərə hazır olmalıdır”, bank nümayəndəsi BBC-yə bildirib.

    Bazarlarda təşviş fevralın 24-ü gecə saatlarında, Prezident Vladimir Putinin Donbasda hərbi əməliyyatla bağlı elanı verməsindən sonra başlayıb.

    Rusiyaya məxsus bütün aktivlər darmadağın olub və dünya enerji bazarında neft qiymətləri 100 dolları ötüb.

    Avropada qazın 1000 kub metrinin qiyməti bugün səhər saatlarından etibarən 1400 dollara yüksəlib.

  9. Lvovda həyəcan siqnalı eşidilir

  10. Kiyevdə vəziyyət

    Kiyevdə insanlar fevralın 24-ü səhər saatlarından etibarən bankomatların qarşısında uzun növbələr yaradaraq, pullarını götürməyə çalışırlar.

    Rəsmilərin bildirdiyinə görə, Rusiya Ukrayna paytaxtını raket və artilleriyadan atəşə tutduqdan sonra, şəhərdə həyəcan siqnalları verilib.

    Rusiya fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara start verib.

    Ukraynanın müxtəlif ərazilərində partlayış səsləri eşidilib.

    Ölkənin Xarici İşlər Nazirliyi Ukraynaya qarşı “genişmiqyaslı işğalın” davam etdiyini bildirib.

  11. Ziddiyyətli hərbi məlumatlar

    Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Ukraynanın hava hücumundan müdafiə sistemləri onlar tərəfindən məhv edilib.

    Ukrayna hərbçiləri hələ də hücuma qarşı mübarizə apardıqlarını bildiriblər.

    Rusiya Müdafiə Nazirliyi Ukrayna ərazisində baş verənlərlə bağlı məlumatı yeniləyib. MN-nin dedikləri budur:

    • Ukrayna silahlı qüvvələrinin hava hücumundan müdafiə vasitələri sıxışdırılıb
    • Ukrayna silahlı qüvvələrinin hava bazalarının hərbi infrastrukturu sıradan çıxıb
    • Ukrayna sərhədçiləri rus bölmələrinə heç bir müqavimət göstərmirlər

    Bu məlumatlar Ukrayna hərbçilərinin dedikləri ilə ziddiyyət təşkil edir. Ukrayna tərəfi bildirib ki, ölkənin hərbi hava qüvvələri hücuma qarşı mübarizə aparır, hərbçilər isə müdafiə mövqelərini saxlayır.

  12. Rusiya hər cinahdan hücum edir

    Ukrayna bildirir ki, Rusiya hərbi texnikası şimalda Belarus, cənubda Krım da daxil olmaqla bir neçə yerdən ölkəyə daxil olub.

    Digər bir giriş isə şərqdən – Xarkov və Luhansk bölgəsindən olub. Ukrayna sərhəd xidmətinin məlumatına görə, Rusiya hərbi texnikanı, maşınları göndərməzdən əvvəl artilleriya atəşi açıb.

    Qərb kəşfiyyatının 10 gün əvvəlki qiymətləndirməsinə görə, Rusiyanın Kiyevə (şimaldan) uğurlu hücuma keçə bilməsi üçün Ukraynanın ən bacarıqlı hərbi hissələrinin (şərqdə, Donbasla üz-üzə olan) mühasirəyə alınması və ya zərərsizləşdirilməsi vacib olub.

    Sübutlar göstərir ki, hücumlar hər cinahdan edilir.

  13. Hava limanlarına və sərhədçilərə raket zərbələri "endirilib"

    Ukrayna Prezidenti Zelenski ölkədə raket zərbələri endirilməsi ilə bağlı xəbərləri təsdiqləyib.

    Onun sözlərinə görə, Rusiya Ukraynanın infrastrukturuna və sərhədçilərinə raket zərbələri endirib.

    Ukrayna Silahlı Qüvvələri yaydığı bəyanatda Rusiya hərbi hava qüvvələrinin ölkənin Kiyevdə yerləşən beynəlxalq Boryspil və digər mülki hava limanlarını atəşə tutduğunu açıqlayıb.

    Bundan əlavə, qurum Rusiyanın Odessa şəhərində dəniz limanını ələ keçirməsi ilə bağlı iddiaları təkzib edib.

    Rusiyanın Müdafiə Nazirliyi şəhərlərin hücuma məruz qalması iddialarını inkar edib.

    Nazirliyin açıqlamasında deyilir ki, Rusiya hərbi əməliyyatları "sərrast silahlarla" həyata keçirir və məqsəd "hərbi infrastrukturu, hava hücumundan müdafiə sistemini və hava qüvvələrini" hədəf almaqdır.

  14. Putin müharibəni Avropaya geri gətirdi – Aİ lideri

    Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Brüsseldəki çıxışı zamanı “Putini müharibəni Avropaya geri gətirdiyi üçün” qınayıb.

    O elan edib ki, Rusiyanın iqtisadi bazasını və onun “modernləşdirmə qabiliyyətini” zəiflətmək məqsədi ilə bir qədər sonra “geniş” sanksiyalar paketi təklif olunacaq.

  15. Ölənlər, yaralananlar və itkin düşənlər var

    Ukrayna polisi Rusiya qüvvələrinin bombardmanında 7 nəfərin öldüyünü açıqlayıb.

    Rəsmilər bildirirlər ki, Podilskdəki bir hərbi birliyə hücum nəticəsində Odessa ətrafında 6 nəfər öldürülüb, 7 nəfər yaralıdır.

    19 nəfər itkin hesab olunur.

    Mauripol şəhərində isə bir nəfər ölüb.

  16. Belarus istiqamətdən hücumlar başlayıb

    Ukraynalı rəsmilərin açıqlamasına görə, Belarusda yerləşdirilən qüvvələr də bu ölkəyə qarşı şimal istiqamətdən hücumlara başlayıb.

    Analitiklər hücumu Rusiyanın şərq istiqamətdən başlatdığı "döyüşlərə dəstək" kimi qiymətləndirib.

    Onlar Rusiyanın regionda əsas müttəfiqi olan Belarusu Kremlin "nəzarətində olan ölkə" kimi təsvir edirlər.

  17. AZAL Kiyevə uçuşları ləğv edib

    Azərbaycan Hava Yolları (AZAL) QSC-nin struktur bölməsi olan “Buta Airways” bugünki Bakı-Həştərxan reysini ləğv edib.

    Şirkətin sosial media hesabında açıqlanan məlumata görə, Rusiya cənub hava limanlarından uçuşlara məhdudiyyətlər qoyduğu üçün "Buta Airways" aviaşirkəti cümə axşamı üçün nəzərdə tutulan Bakı-Həştərxan-Bakı reysini ləğv edib.

    AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski BBC News Azərbaycancaya bildirib ki, Bakı-Həştərxan aviareysi ilə yanaşı, Kiyevə olan uçuşlar da dayandırılıb.

    Bu gün Ukraynanın digər şəhərlərinə uçuşların olmadığını deyən qurum nümayəndəsi, istər Bakı-Həştərxan, istərsə də, Kiyevlə bağlı qərarın bu gün üçün nəzərdə tutulduğunu deyib.

    Məlumatda o da, bildirilir ki, ləğv edilmiş reysin sərnişinləri biletləri digər tarixlərə dəyişdirə və ya cərimələr tətbiq edilmədən geri qaytara bilərlər.

  18. Salam, Rusiyanın Ukraynada genişmiqyaslı hərbi əməliyyatlara başlamasına dair xəbərləri bu canlı səhifəmizdən oxuya bilərsiniz.

    BBC müxbiri xəbər verib ki, bu gün səhər saat 5-dən etibarən Kiyevdə ilk partlayış səsləri eşidilib.

    O deyib ki, səhərin erkən saatlarından partlayış səsləri əvvəl uzaqda, sonra isə tədricən yaxın ərazilərdən eşidilib.