You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.

Take me to the main website

Rus qoşunları Kiyevin kandarında - Rusiya Ukraynanın işğalına necə başladı?

Rusiyanın Ukraynada genişmiqyaslı hərbi əməliyyatları davam edir. Prezident Putin müraciətində Ukraynanın şərqindəki ukraynalı əsgərləri silahları yerə qoymağa və evlərinə qayıtmağa çağırıb. Hazırda rus əsgərləri Kiyevin yaxınlığındadır.

Canlı reportaj

  1. “The Bell”: rusiyalı biznesmenləri Kremlə yığırlar

    “The Bell” nəşri iki mənbəyə istinadən xəbər verir ki, Ukraynada başladılmış hərbi əməliyyatlardan sonra Rusiyadakı böyük bizneslərin nümayəndələrini Kremlə yığırlar.

    Mənbələrdən birinin dediyinə görə, görüş artıq bu gün – bir neçə saatdan sonra başlayacaq. İddia edilir ki, dəvət olunanlar biznesin ən müxtəlif sahələrinin təmsilçiləri – şirkət rəhbərləridir.

    Onlarla kimin görüşəcəyi hələ məlum deyil, amma bu şəxsin Putin olacağı və onun toplantıya videoəlaqə vasitəsiylə qatılacağı istisna olunmur.

    Əgər belə bir görüş həqiqətən keçirilsə, bu, Rusiya şirkətlərinin səhmlərinin çökməsi fonunda baş tutacaq.

    Bu gün səhər Moskva Birjasının indeksi üçdə birdən də çox azalıb, günün ortasında itkiləri nisbətən bərpa edilib – ticarətin dünənki bağlanışıyla müqayisədə hazırda onlar mənfi 28,72% təşkil edir.

  2. NATO Rusiyaya: Bu, "təcavüzdür"

    NATO son bir saat ərzində “Rusiyanın Ukraynaya dəhşətli hücumunu” pisləyən bəyanat yayıb və bunu “tamamilə əsassız” adlandırıb.

    Müdafiə alyansı Belarusu da hücuma “imkan verdiyinə” görə qınayıb.

    "Bu yeni hücum beynəlxalq hüququn, o cümlədən BMT Nizamnaməsinin ciddi şəkildə pozulmasıdır", - NATO bildirib.

    “Bu, müstəqil dinc ölkəyə qarşı təcavüz aktıdır”.

    "Rusiyanın hərəkətləri Avro-Atlantik təhlükəsizliyə ciddi təhdid yaradır və bunun geostrateji nəticələri olacaq. NATO bütün müttəfiqlərinin təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün bütün lazımi tədbirləri görməyə davam edəcək".

    NATO sədri də mətbuat konfransı keçirib və axıdılan qanlara görə Putinin məsuliyyət daşıdığını deyib.

  3. “2-ci Dünya Müharibəsindən bəri Avropanın ən qaranlıq saatları”

    Səhər Rusiyanın Ukraynada işğala başlaması ilə oyanan dünyada Moskva əleyhinə tənqidlər getdikcə artır.

    “İndiki məqam İkinci Dünya Müharibəsindən bəri Avropanın ən qaranlıq saatlarıdır”, – bu sözləri Avropa İttifaqının Xarici Siyasət üzrə Ali komissarı Josep Borrell deyib.

    O qeyd edib ki, nüvə gücünə malik olan Rusiya qonşu ölkəyə hücum edib və Kreml bildirib ki, əgər hər hansı ölkə Ukraynanı xilas etməyə gəlsə, ona qarşı da güc tətbiq etməkdən çəkinməyəcək.

    “Bu, beynəlxalq hüququn ən böyük pozulma faktıdır və insanların yaşamaq haqqının gözardı edilməsi cəhdidir”, avropalı rəsmi bildirib.

    Josep Borrell vurğulayıb ki, təmsil etdiyi qurum Rusiyaya qarşı misli görünməyən sanksiyalar tətbiq edəcək.

    Böyük Britaniyanın Baş naziri Boris Johnson Ukraynada baş verənlərdən dəhşətə gəldiyini deyib və əlavə edib ki, Vladimir Putin “bu hücumu yerinə yetirməklə qan tökülməsi” yolunu seçdi.

    Fransa Prezidenti Emmanuel Macron isə Rusiyanı dərhal hərbi əməliyyatları dayandırmağa çağırıb.

    Almaniyanın iqtisadiyyat naziri Robert Habeck bildirib ki, Avropa “hər zaman tarix kitablarından oxuduğu ərazi müharibəsini indi öz gözləri” ilə görür.

    Günün erkən saatlarında isə ABŞ Prezidenti Joe Biden Rusiyanı müharibə variantını seçməkdə ittiham edərək, bunun “faciəvi insan ölümlərinə yol açacağını” deyib.

    Amerika xalqına səslənən Joe Biden baş verənlərə görə bütün məsuliyyətin Rusiyanın üzərində olduğunu diqqətə çatdırıb.

  4. Ukrayna müdafiə kəşfiyyatının qərargahı "vurulub"

    Reuters xəbər agentliyi bildirir ki, Kiyevin mərkəzində Ukrayna müdafiə kəşfiyyatının qərargahı üzərində qara tüstü görünür.

    Ukrayna bildirib ki, Rusiyanın hərbi əməliyyata başlamasından sonra bu səhər bəzi hərbi komandanlıq mərkəzləri Rusiyanın raket zərbələri ilə vurulub.

  5. Rusiyanın Nəqliyyat Nazirliyi cənubdakı sakinlərə: Sizə kömək edə bilərik

    Rusiyanın Nəqliyyat Nazirliyi faktiki vəziyyəti nəzərə alaraq ölkənin cənubunu tərk etmək istəyən hər kəsə kömək vəd edib.

    Ölkənin cənubundakı hava limanlarında uçuşların müvəqqəti dayandırılmasıyla əlaqədar olaraq Rusiyanın Nəqliyyat Nazirliyi dəmiryolu və avtobuslar vasitəsilə Rusiya və digər dövlətlərin ərazini tərk etmək istəyən bütün vətəndaşlarınının operativ daşınmasını həyata keçirəcək, məlumatda deyilib.

  6. Azərbaycanda hökumət susur

    Azərbaycan hökumətinin Rusiyanı Ukraynanın ərazisini işğalı ilə bağlı mövqeyi məlum deyil - Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynanın ərazisini işğalı ilə bağlı BBC News Azərbaycancaya mövqe bildirməkdən imtina edib.

    İqtidarda olan Yeni Azərbaycan Partiyasının təmsilçisi Aydın Mirzəzadə isə BBC News Azərbaycancaya “Ukraynanın ərazi bütovlüyünün qorunmalı olduğunu” deyib.

  7. Odessada 18 nəfər həlak olub, Səbəb hərbi hissəyə endirilmiş zərbədir.

    Odessa vilayətinin hakimiyyət orqanları Lipetskoye kəndindəki hərbi hissəyə hücum zamanı 8 kişi və 10 qadın olmaqla 18 nəfərin həlak olduğunu bildirir. Daha altı nəfər xəstəxanaya yerləşdirilib. Ölənlər arasında Lipetskdə işləyən xilasedicilərdən biri də var.

  8. Ukrayna: Əsgərlərimiz qaçmayıb

    Ukrayna hərbçilərinin öz mövqelərini qoyub qaçması barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatı həqiqətə uyğun deyil.

    Facebook-da, “Ukrayna Birləşmiş Qüvvələrinin Əməliyyatı” səhifəsində paylaşılan məlumatda belə deyilir.

    Paylaşımda həmçinin qeyd olunur ki, “Birləşmiş qüvvələr Rusiya hərbi qüvvələrinə layiqincə müqavimət göstərirlər. Birləşmiş Qüvvələr Komandanlığı təyin edilmiş komanda məntəqələrində hərbi hissələrin fəaliyyətinə nəzarəti həyata keçirir”.

  9. Gürcüstan: Ukraynanın yanındayıq

    Bu gün Gürcüstan prezidenti və bu ölkənin bir sıra yüksək vəzifəliləri də“Twitter”-dənRusiyanın Ukraynaya hücumuna qarşı beynəlxalq ictimaiyyətə çağırışlar ediblər.

    Gürcüstan prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili və parlamentin spikeri Şalva Papuaşvili Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı beynəlxalq ictimaiyyəti “bütün mümkün tədbirləri görməyə” çağırıblar.

    İrakli Qaribaşvili isə öz tvitində “suveren ölkəyə hərbi hücumun qəbuledilməz olduğunu” bildirib.

    “Biz beynəlxalq ictimaiyyəti Rusiya tərəfindən beynəlxalq asayişin açıq şəkildə pozulmasının və hərbi eskalasiyanın daha da genişlənməsinin qarşısını almaq üçün bütün mümkün tədbirləri görməyə çağırırıq”, - Qaribaşvili yazıb.

    “Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi təcavüz tamamilə dözülməzdir”, - Gürcüstanın XİN rəhbəri David Zalkaliani bildirib.

    O, “Ukraynanın yanında olduqlarını” deyib və ölkəsinin beynəlxalq tərəfdaşlarını “Rusiya tərəfindən beynəlxalq hüququn pozulmasına sərt reaksiya verməyə çağırıb”.

    Rusiyanın bu ölkəyə qarşı genişmiqyaslı hücuma başlamasından bir neçə saat sonra Gürcüstan rəhbərliyindən ilk olaraq parlamentin spikeri Şalva Papuaşvili reaksiya verərək deyib ki, Gürcüstan “bu çətin günlərdə Ukraynanın yanındadır”.

    “Təəssüf ki, Ukraynadakı müharibənin qarşısını almaq mümkün olmadı”, - o qeyd edib və beynəlxalq ictimaiyyəti “Rusiyanın hücumunun genişmiqyaslı münaqişəyə çevrilməsinin qarşısını almaq və beynəlxalq normaların qorunmasını təmin etmək üçün effektiv və qəti addımlar atmağa” çağırıb.

    Rusiya prezidenti Vladimir Putin cümə axşamı günü səhər tezdən, Moskva vaxtı ilə saat 6:00 radələrində Ukraynaya qarşı “xüsusi hərbi əməliyyat” adlandırdığı əməliyyatların başladığını elan edib.

    Çox keçmədən, Moskva genişmiqyaslı əməliyyatlara başlayıb və Ukrayna boyunca partlayışların baş verməsilə bağlı xəbərlər gəlməyə başlayıb.

  10. Ukraynada partlayışları göstərən xəritə:

  11. Xarkovda yaşayış binasına zərbə - yaralı var

    Ukraynanın böyük şəhərlərinin yaxınlığında raket zərbələri və partlayışlar qeydə alınır.

    Hücumların harada baş verməsi ilə bağlı da çoxlu məlumat var.

  12. "Hamı qorxur", Ukraynanın şərqindən çıxarılan sakinlər, Yüzlərlə sakin Ukraynanın şərqindəki separatçı Donetsk və Luhanskı tərk edir. Rusiya prezidenti Vladimir Putin bu iki regionu müstəqil dövlət kimi tanıyıb.

  13. Ukrayna Rusiya ilə diplomatik əlaqələri kəsir

    Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə diplomatik münasibətləri kəsdiyini açıqlayıb. Ukrayna prezidenti müraciətində rusları müharibəyə etiraz etməyə çağırıb.

  14. “Saydığım raketlərin sayı 7 idi”, Ukraynalı jurnalist Kiyev yaxınlığındakı hərbi bazaya edilən hücumdan danışır

    Ukraynalı jurnalist Lyubov Veliçko paytaxt Kiyevə yaxın ərazidə yerləşən hərbi bazaların birinin çox yaxınlığında yaşayır.

    O, deyir ki, yerli vaxtla saat 4:30-da eşitdiyi “çox güclü səsə” yuxudan oyanıb və nə baş verdiyini anlamayıb. Çölə çıxanda isə “yanğına oxşayan nəsə” görüb.

    Veliçko qeyd edib ki, qonşuları şokda idilər və onların bəzilərinin ağladığını görüb. Saat 5-dən etibarən isə həmin ərazidə yaşayan “hər kəs uşaqları zirzəmidə gizlətməyə” başladı.

    Daha sonra hərbi hissəyə baş çəkən jurnalist ardıcıl raket zərbələri nəticəsində 2 nəfərin öldüyünü deyir.

    “Mən 7 raket saydım”, Lyubov Veliçko sözlərinə əlavə edib.

    Hazırda o, ailəsi ilə birlikdə şəhəri tərk edir.

    Veliçko deyir ki, o, özünü təhlükəsiz hiss etmir. Çünki eşidib ki, Rusiya tankları onun evindən 80 kilometr uzaqlıqda olan Belarusla sərhədin yaxınlığındadır.

  15. Lukaşenko: Belarus Rusiyanın hərbi əməliyyatında iştirak etmir, Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Belarus ordusu Ukrayna ərazisindəki hərbi əməliyyatlarda iştirak etmir.

    “BelTa” agentliyinin məlumatına görə, Lukaşenko Rusiya və Belarusun Ukraynaya qarşı müharibəyə hazırlamadıqlarını bildirib. O iddia edir ki, təlimə gəlmiş Rusiya hərbçilərinin bir hissəsini Belarusda saxlamağı həmkarı Putindən özü xahiş edib.

    Lukaşenkonun sözlərinə görə, buna onu Ukrayna hərbi hissələrinin Belarus sərhədinə yaxınlaşması vadar edib.

    Lukaşenko həmçinin qeyd edib ki, Putin mövcud situsiyanı ona çox ətraflı şəkildə izah edib, amma hərbi əməliyyatların məqsədiylə bağlı sualına verilən cavab Rusiyanın rəsmi mövqeyinin təkrarı olub – guya bu əməliyyatların məqsədi Donbasda “xalqa qarşı soyqırımı” durdurmaqdır.

  16. “Bu gün baş verənlər əsl bölücülükdür”, BBC müxbiri Steve Rosenberg Moskvadan xəbər verir:

    Dünya liderləri həftələr boyu Rusiya prezidentiylə danışıqlarda diplomatik səylər göstərdilər, amma belə görünür ki, Ukraynaya genişmiqyaslı hücumu Putin lap əvvəldən planlaşdırmışdı.

    Putin Ukraynanı Rusiyanın təsir dairəsinə qaytarmaq üçün bu hərbi yolu seçib. Biz bundan sonra nə baş verəcəyini bilmirik. Amma bu gün baş verənlər əsl bölücülükdür və ondan xəbər verir ki, Putin Qərbi heçə sayaraq öz planlarını reallaşdırmaq qərarına gəlib.

  17. Rusiyanın hərbi karvanı Ukraynanın cənub sərhədini keçib

    Ukraynanın sərhəd mühafizə xidməti Rusiyaya məxsus hərbi karvanının ölkənin cənub sərhədlərini keçməsi ilə bağlı şəkil yayıb.

    Dövlət qurumundan bildirilib ki, Rusiya hərbi eşalonu Ukraynanın 2014-cü ildə Rusiyaya ilhaq edilən Krım ərazisindən daxil olub.

    Sərhəd mühafizə xidmətinin verdiyi məlumata görə, rus hərbi maşınları qeyd olunan ərazidən keçməzdən əvvəl Ukraynanın sərhəd boyu məntəqələri artilleriya atəşinə tutulub.

    Ukrayna rəsmi dairələri qeyd ediblər ki, Rusiyaya məxsus hərbi kalonlar ölkənin Belarusla olan şimal sərhədlərindən, eləcə də Rusiya ilə olan şərq sərhədlərindən də ölkəyə daxil olub.

  18. Rusiyalı məşhurlar hərbi əməliyyatları tənqid edirlər

    Sosial şəbəkələrdə Rusiyanın tanınmış sənətçilərinin Ukraynadakı hərbi əməliyyatlara qarşı açıqlamaları yayılmağa başlayıb.

    Tanınmış müğənni Valeri Meladze və komediyaçı-müğənni Maksim Qalkin müharibəni pisləyən çıxış ediblər.

  19. Ukraynanın Müdafiə Nazirliyi: Ukrayna ordusuna kömək etmək istəyənlərə silah verməyə hazırıq

    Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib ki, hakimiyyət orduya kömək istəyən ukraynalıları silahla təmin etməyə hazırdır.

    Bununla bağlı o, sosial şəbəkələrdə belə bir bəyanat paylaşıb:

    “Hörmətli həmkarlarımız-soydaşlarımız! Düşmən hücum edir, amma bizim ordumuz məğlubedilməzdir. Ukrayna tam müdafiə rejiminə keçir.

    Kim silah götürməyə hazırdırsa və ondan istifadə etməyi bacarırsa, elə indicə Ukrayna Hərbi Qüvvələrinin sizin regionunuzdakı Ərazi Müdafiə Qüvvələri (ƏMQ) sıralarına daxil ola bilər.

    Silah əldə etmək üçün bilavasitə öz regionunuzdakı ƏMQ briqadalarına müraciət etməlisiniz. Özünüzlə sadəcə pasportunuzu götürməniz kifayətdir”.

  20. Almatıdakı Rusiya konsulluğu qarşısında etiraz aksiyası keçirilib

    Qazaxıstanın Almatı şəhərində yerləşən Rusiya konsulluğunun qarşısında onlarla insan piket keçirib.

    “Arbat media”nın yazdığına görə, əllərində Ukrayna bayrağı tutan etirazçılar üzərində “Ukraynada Müharibəyə Yox”, “Ukrayna Müstəqildir!” ifadələri olan posterlər nümayiş etdiriblər.

    Nümayişçilər Ukrayna xalqı ilə həmrəy olduqlarını dilə gətiriblər.

    Aksiyanın keçirildiyi yerə gələn yerli icra orqanının nümayəndəsi etirazçıları dağılmağa çağırıb.

    Daha sonra isə əraziyə polislər cəlb olunub və demək olar ki, etirazçıların hamısı saxlanılıb.

    Aksiya iştirakçıları Rusiya konsulluğunu mühasirəyə alan polis maşınlarına mindirilərək, Bostandık rayon polis idarəsinə aparılıb.