Qarabağ müharibəsi: Humanitar atəşkəs və Gəncəyə hücumlar – baş verənlərin xronogiyası

Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər. Azərbaycan Müdafiə Nazirliyi bu gün səhər sübhdən Ermənistan tərəfinin atəşkəsə əməl etməməsilə ilə bağlı məlumat yayıb.

Canlı reportaj

  1. Təcili xəbər, Ağcabədi "atəşə tutulur"

    Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, Ermənistən silahlı qüvvələri Ağcəbədi rayonunu atəşə tutur.

  2. Tanınmamış "DQR" ölən hərbçi sayının 525-ə çatdığını açıqlayıb

    Tanınmamış "DQR" dünən axşam verdiyi açıqlamada daha 45 hərbçisinin öldüyünü açıqlayıb.

    Bununla erməni hərbçilərinin ümumi itkisi 525 nəfərə çatıb.

    Azərbaycan hərbi itkilərinin sayını açıqlamır.

  3. Təcili xəbər, Goranboy, Tərtər və Ağdam rayonları "atəşə tutulur"

    Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, Ermənistən silahlı qüvvələri Goranboy, Tərtər və Ağdam rayonlarını atəşə tutur.

  4. ANAMA: "Dünən müxtəlif rayonlara mərmi düşməsi barədə 27 müraciət daxil olub"

    ANAMA

    Şəklin mənbəyi, ANAMA

    Oktyabrın 12-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tovuz, Tərtər rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisinə mərmilərin düşməsi barədə 27 müraciət daxil olub.

    ANAMA bildirib ki, aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 240 mm-lik M24F raketi, 1 ədəd 100 mm-lik top mərmisi (OF-32), 1 ədəd 9M528 raketinin idarəetmə bloku, 24 ədəd partlamış mərmi qalıqları aşkar olunub, 374 ədəd bombacıq partlayış yolu ilə zərərsizləşdirilib.

    Qurum 1 276 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatının aparıldığını qeyd edib.

    ANAMA

    Şəklin mənbəyi, ANAMA

    ANAMA

    Şəklin mənbəyi, ANAMA

  5. Təcili xəbər, Tərtər rayonu "atəşə tutulur"

    Azərbaycanın Müdafiə Nazirliyi oktyabrın 13-də səhər saatlarından Tərtər rayonunun yenidən atəşə tutulduğunu bildirib.

  6. Gəncə sakinləri Ermənistanın atdığı raket atəşlərindən ölənlərin anım mərasimini keçiriblər

    Gəncə sakinləri bazar gününə keçən gecə Ermənistan silahlı qüvvələrinin atdığı raket atəşləri nəticəsində həlak olmuş insanların anım mərasimini keçiriblər.

    Onlar dağılmış yaşayış binasının qalıqları yanına toplaşıblar, xatirə lövhəs hazırlayıblar və ətrafa güllər qoyublar.

    Azərbaycan Ərazilərinin Minalardan təmizlənməsi üzrə milli agentliyin icraçı direktoru Qəzənfər Əhmədov Gəncəyə atılan raketin orta mənzilli ballistic raket olduğunu deyib.

    Oktyabrın 11-nə keçən gecə Gəncəyə atılan raket zərbəsindən 205 insanın məskunlaşdığı çoxmənzilli bina dağılıb, 10 nəfər həlak olub, onlarla insan yaralanıb. Yaralılar arasında azyaşlı uşaqlar da var.

    Ermənistan dinc sakinləri hədəfə almadığını bildirir. Gəncə ilk dəfə oktyabrın 4-də raket hücumuna məruz qalmışdı. O zaman 1 nəfər həlak olmuş, 20-dən çox adam yaralanmışdı.

    Azərbaycan-Ermənistan arasında oktyabrın 10-da saat 12-dən sonra atəşin dayandırılması ilə bağlı razılaşma olmuşdu. Hər iki tərəf bir-birini yeni atəşkəs razılaşmasını pozmaqda ittiham edir.

    Azərbaycan işğal olunmuş torpaqlarını azad etmək üçün sentyabrın 27-dən əks-hücum əməliyyatına başlayıb.

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube

  7. "Xankəndində nisbi sakitlikdir," - BBC Ruscanın müxbiri xəbər verir

    Xankəndi  Stepanakert Azərbaycan Ermənistan

    "Bu gün Stepanakertdə (Xankəndində) vəziyyət nisbətən sakitdir. Hava hücumu həyəcanı iki dəfə çaldırılıb, lakin şəhərə hücumlar olmayıb," - BBC Ruscanın müxbiri Marina Katayeva hadisə yerindən xəbər verir.

    "Uzaqdan partlayış səsləri gəlir. Sakinlər deyir ki, bu səs Hadrut ərazisində baş verən döyüşlərin səsidir. Atəşkəs elan edildikdən sonra Stepanakertdə (Xankəndi) ilk gecədə mərminin düşüb partladığı yerə getdik. Küçələrdə adam azdır, elə maşınlar da. Keçən həftə mərminin dəydiyi məktəbin yaxınlığında Qrant adlı yerli sakinlə rastlaşarkən o deyib: "Məktəbimi belə bir vəziyyətdə görmək çox kədərlidir". Stepanakert (Xankəndi) bazarında da demək olar ki, heç kim yoxdur, yalnız yeganə işləyən kababxananın qarşısında jurnalistlər toplaşır. Kababxananın sahibi Borya bizə danışıb ki, oğulları və nəvələri müharibəyə gediblər, özü də bacardığı qədər kömək etməyə çalışır".

  8. FHN: "Ermənistan ordusunun atdığı mərmi Ağdamda fərdi yaşayış evində yanğına səbəb olub"

    Azərbaycan Fövqəladə Hallar Nazirliyi Ermənistan Nagorno-Karabakh Dağlıq Qarabağ münaqişə müharibə savaş

    Şəklin mənbəyi, Fövqəladə Hallar Nazirliyi

    "Ermənistan ordusunun atdığı mərmi Ağdam rayonunda vətəndaşa məxsus fərdi yaşayış evində yanğına səbəb olub", Azərbaycan Fövqəladə Hallar Nazirliyi bazar ertəsi günü axşam saatlarında yaydığı məlumatda bildirib.

    Qurum "əraziyə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğının söndürülərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısının alındığını" açıqlayıb.

  9. Hikmət Hacıyev Ermənistanla Azərbaycan arasındakı humanitar atəşkəsdən danışıb

    Bazar ertəsi Gəncədə olan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, ölkənin ikinci böyük şəhərində raket atəşinə tutulan ərazi mülki yaşayış binası olub və ətrafda heç bir hərbi obiyekt yoxdur.

  10. Gəncəyə raket atılması nəticəsində ölənlərin sayı 10-a çatıb

    Gəncə Azərbaycan Ermənistan Qarabağ münaqişəsi savaş

    Bazar ertəsi günü Gəncəyə raket düşməsi nəticəsində yaralanmış şəxslərdən biri, 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib, Azərbaycanın BAş Prokurorluğu məlumat yayıb.

    Qurum "hazırda digər yaralı şəxslərin stasionar şəkildə müalicələrinin davam etdirildiyini" bildirib.

  11. İlham Əliyev: “Siyasi proses başlamasa, biz durmayacağıq”

    Azərbaycan prezidenti İlham Əliyev deyib ki, siyasi proses başlamasa, Azəbaycan Qarabağ müharibəsində sona qədər gedəcək.

    İlham Əliyev deyib ki, Azərbaycana “dur” deyilirsə, o zaman siyasi proses başlamalıdır: “Siyasi proses başlamasa, biz durmayacağıq. Biz sona qədər gedəcəyik, sona qədər. Amma necə? Hərbi yolla, yaxud da ki, siyasi yolla, o, başqa məsələdir. Biz istəyirik ki, hərbi mərhələ dursun, qan tökülməsin, şəhidlər olmasın və sülh yolu ilə öz torpaqlarımızı azad edək,” – Türkiyənin “Haber Global” televiziyasına müsahibəsində o bildirib.

  12. Bu gün Gəncədə Nizami məqbərəsinin yaxınlığında 10-a yaxın mərmi zərərsizləşdirilib

    mərmi, ANAMA, Azərbaycan

    Şəklin mənbəyi, Azərtac

    Bazar ertəsi Gəncədə 10-a yaxın mərmi partladılıb, ANAMA rəsmisi bildirib.

    "Atılmış mərmilər saat 17:00 radələrində Nizami məqbərəsi yaxınlığında boş ərazidə zərərsizləşdirilib," - ANAMA-nın operativ qərargahının rəhbəri İdris İsmayılov BBC News Azərbaycancaya bildirib.

    O deyib ki, bu barədə əvvəlcədən Gəncə Şəhər İcra Hakimiyyətinə və polisə məlumat verilib.

    "Bu mərmilər sentyabrın 27-dən bu yana ətraf bölgədən yığılmış mərmilərdir. Daşına bilir və gətirib keçmiş Nizami poliqonunda yığıb saxlayırıq, imkan olduqca da zərərsizləşdiririk," cənab İsmayılov deyib.

    İdris İsmayılov deyib ki, indiyədək təxminən 78 mərmi toplanıb, bu gün onun 10-a yaxını zərərsizləşdirilib.

    O vurğulayıb ki, sakitlik olan kimi digər mərmilər də zərərsizləşdiriləcək.

  13. Sergey Lavrov: "Türkiyə Qarabağda atəşkəsi dəstəkləyib"

    Sergey Lavrov Rusiya Azərbaycan Ermənistan Dağlıq Qarabağ
    Şəklin alt yazısı, Sergey Lavrov

    Bazar ertəsi Moskvada Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib.

    Bu görüş Qarabağda döyüş əməliyyatları başlamazdan əvvəl planlaşdırılmışdı.

    Görüşdən sonra keçirilmiş mətbuat konfransında Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyənin Ermənistan və Azərbaycanın Moskvanın vasitəçiliyi ilə cümə günü keçirilmiş görüşdə əldə etdikləri razılaşmaları dəstəklədiyini söyləyib.

    "Yeri gəlmişkən, Türkiyə xarici işlər naziri Mevlüt Çavusoğlu ilə bağlantı qurub, səylərimizin dəstəklənəcəyinə ümid etdiyimiz haqqında onu məlumatlandırdım və bazar günü biz bir daha telefon danışığı apardıq, həmin danışıq zamanı Moskva sənədinə dəstək təsdiqlənmiş olub," – Lavrov deyib.

  14. Diplomatlar Mingəçevirə gediblər

    Azərbaycanda olan diplomatlar, hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri Gəncədən sonra Mingəçevirə gediblər.

    Bir neçə gün dalbadal erməni hərbçiləri Mingəçevirə raket zərbələri endiriblər.

    Azərtac xəbər verir ki, diplomatları Prezident və I vitse-prezidentin köməkçiləri Hikmət Hacıyev və Elçin Əmirbəyov müşayiət edib.

    "Səfərin məqsədinin xarici diplomatları Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etmək olduğu bildirilir," - Azərtacın xəbərində bildirilir.

    Diplomatlara həmçinin bildirilib ki, Ermənistanın siyasi-hərbi rəhbərliyinin əsl məqsədi dinc sakinlərlə yanaşı, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyasını, həmçinin “Mingəçevir” Su Elektrik Stansiyasını atəşə tutmaq olub.

    Sentyabrın 27-dən bəri erməni hərbçilərinin Mingəçevir şəhərinə atdıqları raketlərin bir neçəsi yaşayış yerlərinə düşüb. Nəticədə dinc sakinlər yaralanıb, eyni zamanda evlərə külli miqdarda ziyan dəyib.

  15. İlham Əliyev: “Müəyyən müddətdən sonra biz növbəti elanlar verəcəyik”

    Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Global” televiziyasına müsahibəsində deyib ki, indi bir neçə yaşayış məntəqəsi Azərbaycanın nəzarəti altındadır:

    “Sadəcə olaraq o yaşayış məntəqələrinə biz hələ girməmişik. Çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik. Ona görə bütün cəbhə boyu istiqamətlərdə Ermənistan məğlubiyyətə uğrayır və belə olan halda öz heyfini, öz acısını, oz məğlubiyyətini mülki əhalidən çıxarmaq istəyir,” – Azərbaycan Prezidenti deyib.

  16. Vaqif Dərgahlı: "Su-25 hücum təyyarəsinin vurulması ağ yalandır"

    "Ermənistan Müdafiə Nazirliyinin Azərbaycanın növbəti Su-25 hücum təyyarəsinin “vurulması” ilə bağlı məlumatı çarəsizlikdən irəli gələn ağ yalandır," - Azərbaycan Müdafiə Nazirliyinin rəsmisi Vaqif Dərgahlı deyib.

    O vurğulayıb ki, hazırda "Azərbaycanın döyüş aviasiyası tətbiq olunmur və humanitar atəşkəsin tələblərinə tam əməl olunur".

    Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bazar ertəsi günü "Qarabağ müdafiə ordusunun hava hücumundan müdafiə qüvvələri" tərəfindən Azərbaycanın bir ədəd Su-25 hücum təyyarəsi vurulduğunu bildirib.

  17. İlham Əliyev: "Gəncənin raket atəşinə tutulması göstərişini Nikol Paşinyan verib"

    İlham Əliyev

    Şəklin mənbəyi, president.az

    Azərbaycan prezidenti İlham Əliyev iddia edir ki, Gəncənin raket atəşinə tutulması göstərişini "şəxsən Ermənistanın baş naziri Nikol Paşinyan verib".

    O bu barədə Türkiyənin "Haber Global" televiziya kanalına müsahibəsində bildirib.

    "Gəncəyə raket zərbəsinin səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Bizdə olan məlumata görə, bu qərar şəxsən Paşinyan tərəfindən verilib," - Azərbaycan Prezidenti deyib.

    Elan olunan humanitar atəşkəsə baxmayaraq, Azərbaycanın Gəncə şəhəri bazar gününə keçən gecə atəşə tutulub.

    Şəhərin mərkəzində raket zərbəsinə məruz qalmış yaşayış binasının dağıntıları altında azı doqquz nəfər həlak olub. Onlarla insan yaralanıb.

    Gəncə Azərbaycanın ikinci böyük şəhəridir.

    Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın ittihamlarını rədd edib.

  18. Zohrab Mnatsakanyan Moskvada nə deyib?

    Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan Rusiyalı həmkarı ilə görüş zamanı regional təhlükəsizliyin real təhdidinə çevrilmiş vəziyyətin inkişafına xüsusi diqqət yetiriləcəyini bildirir.

    O bildirib ki, Azərbaycanın atəşkəs üzrə öz öhdəliklərinin yerinə yetirmir.

    Zohrab Mnatsakanyan deyib ki, ilk növbədə döyüşlər dayandırılmalıdır və o, bunda Rusiyanın “son dərəcə mühüm rol” oynadığını qeyd edib.

    Ermənistan xarici işlər naziri atəşkəs rejimi şərtlərinin yerinə yertirilməsinə nəzarət mexanizmlərinin tətbiq edilməsini təklif edib.

  19. Bazar günü Gəncədə raket zərbəsindən həlak olanlar arasında bir ailənin 3 üzvü var

    Gəncə Azərbaycan Qarabağ Münaqişəsi

    Gəncədə bazar günü raket zərbəsindən həlak olmuş şəxslər arasında bir ailənin üç, bir ailəninsə iki üzvü var.

    Qonşular BBC News Azərbaycancanın müxbirinə bildiriblər ki, Ələsgərovlar ailəsindən yaşlı ata-ana və onların 30 yaşlı oğulları həlak olub.

    62 yaşlı Ceyhun Ələsgərov Gəncə Alüminium zavodda işləyib, xanımı, 59 yaşlı Təranə Ələsgərova evdar qadın olub. Oğulları Ülvi Ələsgərov işsiz imiş.

    Əlizadə ailəsində 38 yaşlı, özəl firmada sürücü işləmiş Anar Asif oğlu, xanımı, evdar qadın olan 33 yaşlı Nurçin Əlizadə həlak olub. Onların iki övladı qalıb.

    Həlak olanlar arasında 53 yaşlıı Dürrə Cəfərova, 63 yaşlı Afaq Əliyeva, 62 yaşlı Ramiz Bagirov, 28 yaşlı Adil Əliyev də var.

    Bazar ertəsi Ermənistan Silahlı Qüvvələrinin atdığı raket zərbələri nəticəsində həlak olanların xatirəsi yad edilib.

    Onlar bu gün dəfn olunublar.

    Gəncə Azərbaycan Qarabağ Münaqişəsi
    Gəncə Azərbaycan Qarabağ Münaqişəsi
    Gəncə Azərbaycan Qarabağ Münaqişəsi
    Gəncə Azərbaycan Qarabağ Münaqişəsi
    Gəncə Azərbaycan Qarabağ Münaqişəsi
    Gəncə Azərbaycan Qarabağ Münaqişəsi
  20. Cəbrayıl rayonunun azad edilən Süleymanlı kəndinin görüntüləri paylaşılıb

    Azərbaycan Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad edilən Süleymanlı kəndinin görüntülərini paylaşıb.

    Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-da Süleymanlı kəndinin azad edildiyini elan edib.

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube