Qarabağ müharibəsi: Humanitar atəşkəs və Gəncəyə hücumlar – baş verənlərin xronogiyası

Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər. Azərbaycan Müdafiə Nazirliyi bu gün səhər sübhdən Ermənistan tərəfinin atəşkəsə əməl etməməsilə ilə bağlı məlumat yayıb.

Canlı reportaj

  1. Baş Prokurorluq: İndiyədək 43 mülki şəxs həlak olub, 214 nəfər yaralanıb

    Baş Prokurorluq bildirib ki, müharibə başlayandan bəri erməni tərəfinin yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 43 nəfər həlak olub, 214 nəfər isə xəsarət alıb.

    Qurum həmçinin bildirib ki, Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1505 ev, 66 çoxmənzilli yaşayış binası və 277 mülki obyekt yararsız vəziyyətə düşüb.

  2. Azərbaycan MN: "Azərbaycanın Ermənistan ərazisində hər hansı hərbi hədəf və maraqları yoxdur"

    Azərbaycan Müdafiə Nazirliyi yaydığı son açıqlamada bildirib ki, Ermənistan Müdafiə Nazirliyi atəş zərbəsi ilə sıradan çıxarılan əməliyyat-taktiki raket komplekslərinin (ƏTRK) "Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda, mülki obyekt və infrastrukturun olmadığı ərazidə tam döyüş növbəsində və tətbiqə hazır vəziyyətdə olduğunu etiraf edib".

    "Həmin ƏTRK-lar Azərbaycan ərazisindəki mülki obyektləri və infrastrukturu hədəfə almışdı. Ermənistan müdafiə nazirliyinin guya Ermənistan ərazisindən Azərbaycanın yaşayış məntəqələrinə atəş açılmaması barədə bəyanatları isə açıq-aşkar yalandır. Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrimizin məhz Ermənistan ərazisindən atəşə tutulması danılmaz faktdır.

    Azərbaycanın Ermənistan ərazisində hər hansı hərbi hədəf və maraqları yoxdur. Əksinə, Ermənistan öz ərazisindən Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqla qəsdən münaqişənin coğrafiyasını genişləndirmək məqsədini güdür. Bildiririk ki, mülki əhalimiz və yaşayış məntəqələrimizin təhlükəsizliyini təmin etmək məqsədilə legitim hərbi hədəflərin zərərsizləşdirilməsi hüququnu Azərbaycan bundan sonra da özündə saxlayır," - məlumatda deyilir.

  3. Rusiya Müdafiə naziri Azərbaycandan və Ermənistandan olan həmkarları ilə danışıb

    Rusiya Müdafiə naziri Sergey Şoyqu Azərbaycan və Ermənistan Müdafiə nazirliklərinin rəhbərləri Zakir Həsənov və David Tonoyana telefon zəngi edib.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

  4. Ermənistan Müdafiə Nazirliyi Azərbaycanı Ermənistan ərazisində hərbi texnikaya hücum etməkdə ittiham edir

    Ermənistan Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, oktyabrın 14-də Azərbaycan Silahlı Qüvvələri, “yalnız Azərbaycan dinc yaşayış məntəqələrinə zərbə endirməyə hazırlaşdığına dair öz ehtimallarına əsaslanaraq, Kəlbəcərlə həmsərhəd bölgədə Ermənistan Respublikası ərazisində döyüş növbətçiliyi aparan hərbi texnikanı hədəfə alıb”.

    Ermənistan Müdafiə Nazirliyi Azərbaycan hərbi-siyasi rəhbərliyini “sırf öz ehtimallarına əsaslanaraq, Ermənistan ərazisində olan və adi döyüş növbətçiliyi aparan hərbi texnikanı” atəşə tutmaqda günahlandırır. Tələfat və xəsarət alan olmadığı bildirilir.

    Azərbaycan siyasi rəhbəriyi bəyan edib ki, oktyabrın 11-də Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin əhalinin sıx yaşadığı məntəqəsinə “SCUD” tipli ballistik raket Ermənistan ərazisindən atılıb. Bu raket atəşi nəticəsində 10 nəfər ölüb, onlarla şəxs yaralanıb.

    Azərbaycan Müdafiə Nazirliyi çərşənbə günü səhər saatlarında məlumat yayıb ki, Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna yaxın sərhədyanı ərazilərində Ermənistan silahlı qüvvələri növbəti əməliyyat-taktiki ballistik raket kompleksinin start vəziyyətinə gətirildiyi müşahidə olunub və Gəncə, Mingəçevir və digər şəhərlərə doğru hədəflənmiş operativ-taktiki raket kompleksi sıradan çıxarılıb.

    Ermənistan Müdafiə Nazirliyi bu günədək Azərbaycan istiqamətində hər hansı bir raket, mərmi və ya güllə atıldığını təkzib edir, eyni zamanda bildirir ki, “indən belə Ermənistan Respublikasının silahlı qüvvələri eyni məntiqlə Azərbaycan ərazisində istənilən hərbi obyekt, yaxud yerdəyişmələri hədəfə almaq haqqını özündə saxlayır”.

    Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev oktyabrın 14-də yaydığı məlumatda bəyan edib ki, Azərbaycan humanitar atəşkəsə sadiqdir. Amma o əlavə edib ki, Ermənistan ərazisindən Azərbaycanın hərbi və mülki obyektlərinə, dinc insanlara qarşı raket və digər hücumlar olduğu təqdirdə, “Azərbaycan legitim hərbi hədəflər olaraq onların zərərsizləşdirilməsi hüququnu” özündə saxlayır.

  5. Azərbaycan Müdafiə Nazirliyi: “Su-25 təyyarəmiz vurulmayıb”

    "Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsinin vurulması barədə yalan xəbər yayıb", Azərbaycan Müdafiə Nazirliyi bildirir.

    Nazirlik "Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş aviasiya vasitələri tətbiq edilmədiyini və heç bir Su-25 döyüş təyyarəsinin havaya qaldırılmadığını" bildirib.

    Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan bundan əvvəl Twitter-də yazmışdı ki, çərşənbə günü Dağlıq Qarabağda "Azərbaycana məxsus Su-25 təyyarəsi vurulub".

  6. Hikmət Hacıyev: “Ermənistan üçüncü tərəfləri münaqişəyə cəlb etmək istəyir”

    Qarabağ, Azərbaycan, Ermənistan, Hikmət Hacıyev

    Şəklin mənbəyi, APA

    Humanitar atəşkəs adı altında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın şəhərlərinə raket və artilleriya vasitələri ilə hücumlar davam edir, Azərbaycan Prezidenti Hikmət Hacıyev bildirib.

    O yaydığı bəyanatda vurğulayıb ki, Azərbaycana qarşı raket hücumları Ermənistan ərazisindən həyata keçirilir.

    “Ermənistan çalışır ki, münaqişənin coğrafiyası genişlənsin və üçüncü tərəfləri münaqişəyə cəlb etsin. Azərbaycanın Ermənistan ərazisində hər hansı hərbi hədəfləri yoxdur,” – o bildirib.

    Hikmət Hacıyev deyib ki, 11 oktyabrda Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin əhalinin sıx yaşadığı məntəqəsinə “SCUD” tipli ballistik raket də Ermənistanın ərazisindən atılıb. “SCUD tipli böyük məhv etmə gücünə malik olan raketin döyüş zonasından kənarda mülki insanlara qarşı istifadə olunması ATƏT məkanında birinci haldır. Ümumiyyətlə, dünya üzrə son hərbi münaqişələrdə müşahidə olunan nadir hallardan biridir,” – onun açıqlamasında deyilir.

    Hikmət Hacıyev bildirib ki, Ermənistanın operativ-taktiki ballistik raket sistemləri bu gün səhər radələrindən start vəziyyətinə gətirilərək Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərini yenidən hədəfə alınıb. O, mülki insanların həyatını xilas etmək üçün qabaqlayıcı zərbə ilə “atəşə hazır olan bu legitim hərbi hədəflər olan raket kompleksləri zərərsizləşdirildiyini” deyib.

    Prezident köməkçisi qeyd edib ki, çərşənbə günü səhər saatlarından Tərtər şəhəri və Ağdamın kəndləri atəş altındadır. “Bir nəfər həlak olub. Düyərli kənd orta məktəbinin həyətinə mərmi düşməsi nəticəsində 8 nəfər mülki şəxs yaralanıb. 100-dən çox mərmi atılıb. Yaralananlar içərisində Azərbaycan Dövlət Televiziyasının çəkiliş qrupunun üzvləri də vardır”.

    Hikmət Haciyev vurğulayıb ki, Azərbaycan humanitar atəşkəsə sadiqdir. Amma o əlavə edib ki, Ermənistan ərazisindən Azərbaycanın hərbi və mülki obyektlərinə, dinc insanlara qarşı raket və digər hücumlar olduğu təqdirdə, “Azərbaycan legitim hərbi hədəflər olaraq onların zərərsizləşdirilməsi hüququnu” özündə saxlayır.

    Ermənistan Gəncəyə raket zərbəsi endirdiyini təkzib edir və bildirir ki, mülki şəxsləri hədəfə almır. Oktyabrın 4-də tanınmamış “Dağlıq Qarabağ Respublikasının rəhbərliyi” bəyan etmişdi ki, Azərbaycanın şəhər və rayonlarında hərbi obyektləri hədəfə alacaqlar. Bundan sonra Gəncə, Mingəçevir, Yevlax və döyüş bölgəsindən uzaqda yerləşən digər şəhər və rayonlar hücuma məruz qalmışdı. Gəncədə raket hücumları nəticəsində 11 dinc sakin həlak olub, aralarında qadınlar və uşaqlar olan 50-dən çox şəxs yaralanıb, evlər dağılıb.

  7. Xankəndində Azərbaycanın "raket və top atəşlərinin yenidən başladığı bildirilib", BBC News Rusca yazır.

    Xankəndində Azərbaycanın "raket və top atəşlərinin yenidən başladığı bildirilib", - BBC News Rusca yazır.

    "Tanınmamış “Dağlıq Qarabağ Respublikasının Müdafiə Nazirliyinin” mətbuat xidməti öz növbəsində çərşənbə günü səhər Azərbaycanın silahlı qüvvələrinin Qarabağ münaqişəsi zonasında cəbhənin bir sıra ərazilərində intensiv atəş apardığını bildirib,” -xəbərdə deyilir.

    "14 oktyabr səhəri Azərbaycanın silahlı qüvvələri humanitar atəşkəsə dair razılaşmanı pozaraq raket və artilleriya atəşlərinə davam etdilər. Ən intensiv atəş şimal-şərq, şimal və cənub-şərq istiqamətlərində aparılır," -BBC News Rusca Xidməti tanınmamış “qurumun Müdafiə Nazirliyinə” istinadən yazır.

    “Bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun mövqelərinə hücum etdiyini bildirmişdi," - BBC News Rusca yazıb.

    Azərbaycan Müdafiə Nazirliyi “bu gün səhər Ermənistan tərəfinin Azərbaycanın Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisinin artilleriya atəşinə tutulduğunu, nəticədə bir mülki şəxsin həlak olduğunu bildirib”.

    Azərbaycan MN "Azərbaycan Ordusu tərəfindən humanitar atəşkəs rejiminə əməl edildiyini” bildirib.

  8. "Köhnə münaqişə üçün yeni silahlar təhlükəsi"- Qarabağ döyüşləri dünya mediasında

  9. Xankəndində nə baş verir?

    Stepanakert Xankəndi

    Şəklin mənbəyi, Getty Images

    "Stepanakertdə (Xankəndində) daha bir gecə sakit keçdi. Bununla ardıcıl üçüncü sakit gecə oldu", BBC News Rusca Xidməti RİA Novosti-yə istinadən yazır.

    "Tanınmamış "Dağlıq Qarabağ Respublikasının" paytaxtında hava həyəcanı verilmədi, top mərmiləri və MLRS yaylılarının partlayışları eşidilmədi", xəbərdə deyilir.

  10. Azərbaycan MN: "Ermənistanın daha bir operativ-taktiki raket kompleksi sıradan çıxarılıb"

    Azərbaycan MN

    Şəklin mənbəyi, Azərbaycan MN

    "Mülki insanlar arasında tələfata səbəb olmaq, mülki infrastruktura xələl yetirmək məqsədilə Gəncə, Mingəçevir və digər şəhərlərə doğru hədəflənmiş Ermənistanın operativ-taktiki raket kompleksi sıradan çıxarılıb", Azərbaycanın Müdafiə Nazirliyi açıqlayıb.

    Nazirlik "mülki insanların təhlükəsizliyini təmin etmək məqsədilə legitim hərbi hədəf kimi start vəziyyətində olan raketlər qabaqlayıcı dəqiq zərbə ilə sıradan çıxarıldığını" bildirib.

    "Oktyabrın 14-ü səhər saatlarında Ermənistanın Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna yaxın sərhədyanı ərazilərində Ermənistan silahlı qüvvələri növbəti əməliyyat-taktiki ballistik raket kompleksinin start vəziyyətinə gətirildiyi müşahidə olunub.

    Bundan əvvəl saat 01:00 radələrində həmin istiqamət üzrə start vəziyyətinə gətirilmiş əməliyyat-taktiki raket kompleksləri də dəqiq zərbə ilə məhv edilmişdi.", qurumun məlumatında bildirilir.

    Müdafiə Nazirliyi "raketlərin atəş vəziyyətinə gətirildiyi məntəqələrdə hər hansı mülki infrastruktur və obyektlərin olmadığını" vurğulayıb.

  11. Təcili xəbər, Tərtər şəhər İcra Hakimiyyəti: "Tərtərin atəşə tutulması nəticəsində bir mülki şəxs həlak olub"

    Tərtər

    Şəklin mənbəyi, Getty Images

    "Bu gün səhər Tərtər şəhərində 1969-cu il təvəllüdlü Axundov Ədavət Zahid oğlunun həyətinə mərmi düşməsi nəticəsində o həlak olub", - Tərtər İcra Hakimiyyətinin rəsmisi Elvin Umudov BBC News Azərbaycancaya bildirib.

    Azərbaycanın Baş Prokurorluğunun yaydığı məlumatda bildirilir ki, "həlak olmuş şəxsin evinə külli miqdarda zərər dəyib".

    Qurum "mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirlərinin həyata keçirildiyini" bildirib.

  12. Hikmət Hacıyev: "Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həllində vacib rolunu bir daha təsdiqlədi"

    “Daim təmasda olduğum yaxşı dostum İbrahim Kalınla telefon danışığına şad oldum. ATƏT-in və Minsk Qrupunun üzvü və bölgənin lider ölkəsi olaraq Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həllində vacib rolunu bir daha təsdiqlədi".

    Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev öz Twitter hesabında yazıb.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  13. Təcili xəbər, Azərbaycan MN: "Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulur", Qurum həmçinin "bu gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində vəziyyətin gərgin keçdiyini" bildirib.

    "Səhər saatlarından başlayaraq Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulur. Ordumuz tərəfindən adekvat tədbirlər görülür", Azərbaycan Müdafiə Nazirliyi açıqlama verib.

    Qurum bildirib ki, "Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın edib və görülən tədbirlər nəticəsində itki verərək geri oturdulub".

    Azərbaycan MN həmçinin "Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Osa-AKM” ZRK, 1 ədəd PDM-2, 1 ədəd KS-19 zenit topu, 2 ədəd D-30 haubitsa topunun, bir neçə avtomobil texnikasının sıradan çıxarıldığını da bəyan edib. Nazirlik "humanitar atəşkəs rejiminə əməl edən Azərbaycan qoşunlarının bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxladığını" da bildirib.

    "Oktyabrın 13-dən 14-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində vəziyyət gərgin olaraq qalıb", Azərbaycan MN bildirir.

  14. Azərbaycan MN: "Atəş üçün hazırlıq vəziyyətinə gətirilmiş ...legitim hərbi hədəflər zərərsizləşdirilib"

    Azərbaycan Müdafiə Nazirliyi

    Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

    "Atəş üçün hazırlıq vəziyyətinə gətirilən əməliyyat-taktiki raket kompleksləri legitim hərbi hədəf kimi tərəfimizdən zərərsizləşdirilib", Azərbaycan Müdafiə Nazirliyi bildirir.

    Qurum bildirir ki, bu, "oktyabrın 14-də gecə saatlarında Ermənistanın Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ilə yaxın sərhəd zonasında bir neçə əməliyyat-taktiki ballistik raket kompleksinin start mövqeyində yerləşdirilməsinin müşahidə olunmasından sonra baş verib".

    "Bu ərazidəki raket kompleksləri Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərindəki dinc əhali və infrastruktura doğru hədəflənmişdir. Oktyabrın 11-də Ermənistan tərəfindən Gəncə şəhərində törədilmiş hərbi cinayətə bənzər növbəti hadisənin təkrarlanmaması və raket hücumunun qarşısının alınması məqsədilə Azərbaycan Ordusu tərəfindən qabaqlayıcı tədbirlər görülüb", Azərbaycan MN açıqlayıb.

    Nazirlik "vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rejiminin üzərinə düşdüyünü" bəyan edib.

    Müdafiə Nazirliyi həmçinin Azərbaycanın "humanitar atəşkəs rejiminə ciddi əməl etdiyini" də bildirib.

  15. Yerevanda tanınmamış "DQR-in müstəqilliyini" tanımaq aksiyası

    Bu gün Yerevanda onlarla yürüş iştirakçısi Rusiyanın Ermənistandakı səfirliyi və Birləşmiş Millətlər Təşkilatının ofisinin önündə Dağlıq Qarabağın "müstəqilliyini" tanımaq çağırışları ilə etiraz aksiyaları keçiriblər.

    Aksiya iştirakçıları həmçinin Rusiya rəhbərliyinə müharibəni dayandırmaq istiqamətində səylərinə görə təşəkkür edib, lakin bu səylərin kifayət olmadığını qeyd ediblər.

    Onlar Yerevanda bütün diplomatik idarələr önündə belə aksiyalar keçiriləcəyini deyiblər.

    Növbəti aksiya cümə günü Yerevanın Azadlıq meydanında keçiriləcək.

    Beynəlxalq qanunvericiliyə görə Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və tanınmamış "Dağlıq Qarabağ Respublikasını" heç bir BMT ölkəsi, o cümlədən Ermənistan müstəqil ölkə kimi tanımır.

    Videonun alt yazısı, Yerevanda tanınmamış "DQR-in müstəqilliyini" tanımaq aksiyası
  16. Türkiyə XİN: ATƏT Minsk qrupunun həmsədrləri hesabat verməlidirlər

    Mevlüt Çavuşolu, Türkiye, Türkiyə, XİN

    Şəklin mənbəyi, AA

    Türkiyənin Xarici İşlər naziri deyib ki, ATƏT Minsk qrupunun həmsədrləri Minsk Qrupunun geniş tərkibinə gördükləri işlər barədə hesabat verməlidirlər.

    “Bəlkə də Minsk qrupu olaraq xüsusi bir iclas keçirməliyik və bunu bu gün də bildirdik. Minsk həmsədrləri də hesabat təqdim etməlidirlər,” - Mevlüt Çavuşoğlu çərşənbə axşamı günü Ankarada isveçli həmkarı Ann Christine Linde ilə keçirdiyi mətbuat konfransında deyib.

    Türkiyəli diplomatın sözlərinə görə, Cənubi Qafqazda atəşkəs çağırışları ilə yanaşı, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından geri çəkilməsinə dair tələblər də səsləndirilməlidir, Türkiyən AA agentliyi xəbər verir.

    “Beynəlxalq birliyin çağırışlarını ağlabatan sayırıq, heç kim müharibə istəmir. Ancaq Ermənistana işğal etdiyi torpaqlardan çəkilməyə çağırış olsa, beynəlxalq birliyin bu problemi həll etmək istəyini görə bilərik”.

    Mevlüt Çavuşoğlu deyib ki, beynəlxalq ictimaiyyət Tbilisi və Kiyevə birmənalı dəstək versə də, Gürcüstan və Ukraynadan fərqli olaraq, Dağlıq Qarabağ məsələsinə gəlincə, Ermənistana "sərt tənqid səsləndirmir".

  17. "Qorxmuruq, əsgərlərimiz orda, biz burda" - Mingəçevir sakinləri raket atəşindən danışır

    Azərbaycanda Qarabağda başlayan döyüşlərdən sonra raket atəşinə məruz qalan Mingəçevir şəhərinin sakinləri müharibə və raket hücumu barədə öz fikirlərini BBC News Azərbaycanca ilə bölüşüblər.

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube

  18. BBC "azərbaycanlı hərbi əsir" haqqında məlumatları yoxlayır

    Telegramda, erməni millətçi kanalında əsir düşdüyü iddia edilən Azərbaycan hərbçisinə aid olduğu deyilən görüntülər yayılıb.

    BBC bu məlumatları yoxlayır.

    Hərbi əsirlərin fotoşəkillərini və videolarını yaymaq ənənəvi olaraq əsirlərin kütlənin marağından qorunmasına dair Cenevrə Konvensiyası müddəasının pozulması hesab olunur.

  19. ATƏT-in Minsk Qrupu İlham Əliyev və Nikol Paşinyana çağırış edib

    ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı bölgədə “fəlakətli nəticələrin” qarşısını almaq üçün 10 Oktyabr Moskva bəyanatına uyğun olaraq öhdəlikləri “tam şəkildə” icra etmək üçün təcili addımlar atmağa çağırıblar.

    İgor Popov, Stephane Visconti və Andrew Schofer-in birgə bəyanatında "mülki itkilərin bütün hallarda qəbuledilməz olduğu bir daha vurğulanılır".

    "Həmsədrlər ölənlərin, hərbi əsirlərin və digər saxlanılan şəxslərin mübadiləsi üçün atəşkəsə riayət etməyə çağırıblar və atəşkəs mexanizminin razılaşdırılması üçün tərəflərə müraciət ediblər", ATƏT saytındakı açıqlamada deyilir.

    Sənədə əsasən, həmsədrlər Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri ilə görüşdən sonra, tərəflərlə birlikdə Dağlıq Qarabağda tənzimləmə prosesinin əsas məsələləri üzərində işləyirlər.

  20. İnsanlar zirzəmilərdən çıxırlar - BBC News Rusca müxbiri Xankəndi və Şuşadan yazır

    Şuşa
    Şəklin alt yazısı, Şuşa

    BBC News Rusca Xidmətinin müxbiri Marina Katayeva çərşənbə axşamı günü səhəri yazıb ki, ikinci gecədir ki, Xankəndində (Stepanakert) partlayışlar səsləri eşidilmir.

    "13 oktyabr səhəri "boş" hava həyəcanı siqnalı səslənib. Şəhər hələ də boş qalır, ancaq artıq açıq mağazalar tapa bilərsiniz.

    Bir hissəsi yerdə qalan partlamamış mərminin yaxınlığında kafe açılıb. Onun ətrafına səliqə ilə gül qabları düzülüb.

    Kafenin sahibi bizim üçün erməni qəhvəsi hazırlayır və pul götürmür.

    "Hələ işləmirik. Kafenin altında yaxşı zirzəmi olduğu üçün, açmışıq ki, lazım olarsa, insanlar içəridən ora düşə bilsinlər."

    Erməni nənə və babaya heykəlin qoyulduğu təpədən döyüşlərin əks-sədası gəlir.

    Yerli sakinlər səslərin Hadrut ətrafından gəldiyini deyirlər. İnsanlar yavaş-yavaş zirzəmilərdən çıxıb öz işləri ilə məşğul olurlar.

    Başımda Janna Aguzarovanın "Köhnə otel" mahnısından sözlər səslənir:

    ...Şəhər öz insanlarının xoşbəxtliyi ilə yaşayır.

    Şuşada cəbhədəki partlayışlar daha yaxşı eşidilir.

    Dağıdılmış kilsədə bizi bir yerli sakin qarşılayır və o özünü tankçı Armen kimi təqdim edir. O, 1990-cı illərdəki Qarabağ müharibəsinin veteranıdır.

    Armen güllə, qəlpə və mina ilə yaralandığını və bədənində 23 qəlpənin qaldığını deyir.

    Son döyüşlər başlamazdan əvvəl Armen Şuşada toy və şənlikləri çəkirdi. İndi isə şəhərə hücumların nəticələrini çəkir.

    Armen bizi - yanında partlamamış mərminin qaldığı - məscidə aparır. O, əmindir ki, məscidi hədəfləsələr də, zərbə yan keçib.

    Şuşanın Mədəniyyət Mərkəzinin yaxınlığında bir kran durur. Ancaq ərazi hələ təmizlənməyib. Damın qalıqları tamaşaçı oturacaqlarının üzərindədir.

    Səhnə də binanın qırıntıları ilə doludur. Mərmilərdən biri birbaşa binaya dəyib. O, insanların olduğu zirzəmiyə qədər çatıb. Digəri də yaxınlıqda görünür.

    Şəhər çox sakitdir. 10 gün əvvəl, hələ zərər dəyməmiş şəhərə gələndə yaşıl olan ağaclar indi sarı və qırmıza rənglərə boyanıb - Qarabağda qızıl payız başlayıb."

    Stepanakert, Xankəndi
    Şəklin alt yazısı, Xankəndi (Stepanakert)
    Şuşa
    Şəklin alt yazısı, Şuşa