İlham Əliyev hazırda 86,09 % səs toplayıb - MSK açıqlayıb
Mərkəzi Seçki Komissiyası bu saata qədər hesablanan səsləri açıqlayıb: İlham Əliyev 86,09 % səs çoxluğu ilə irəlidədir.
Canlı reportaj
"Müşahidəçilər yoxdur, bülletenləri də əvvəldən kəsiblər"
"35 saylı Xətai III Seçki Dairəsinin 4 saylı seçki məntəqəsindəyəm. Müşahidəçilər yoxdur, bülletenləri də əvvəldən kəsiblər, seçici də yoxdur, namizədlərin nümayəndələri də yoxdur", müxbirimiz Səadət Akifqızı deyir.
MSK: qaynar xəttə saat 15:00-a qədər 100-ə yaxın müraciət daxil olub
Mərkəzi Seçki Komissiyasının qaynar xəttinə saat 15:00-a qədər 100-ə yaxın müraciət daxil olub.
Komissiya, müraciətlərin seçkilər barədə məlumat almaq xarakterli olduğunu deyib.
Şəklin mənbəyi, Azertag
Şəklin alt yazısı, MSK-nın qaynar xətti 115-dir.
"Biz beş səsvermə məntəqəsində olmuşuq. Hər hansı bir qanun pozuntusu və ya fırıldaqçılıq yoxdur".
"Biz beş səsvermə məntəqəsində olmuşuq. Hər hansı bir qanun pozuntusu və ya fırıldaqçılıq yoxdur. Gün ərzində bir neçə məntəqələrə getməyi planlaşdırırıq", Birləşmiş Ştatların ATƏT-dən olan müşahidəçisi Rawland Scott deyib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun müşahidəçiləri Şəmkirdə seçki məntəqələrində müşahidə aparıb.
Müşahidə missiyası sabah seçkilərin monitorinqi haqqında mətbuat konfransı keçirəcək.
Şəklin mənbəyi, Azertag
Şəklin alt yazısı, Birləşmiş Ştatların ATƏT-dən olan müşahidəçisi Rawland Scott
Ağdaş qeydiyyatı olan şəxslər Bakıda səs verir və...
Ağdaş qeydiyyatı olan şəxslər Xəzər-Pirallahı Seçki Dairəsinin 18 saylı məntəqəsində səs verir.
Məntəqə sədri Təranə Zeynalova əvvəlcə onların səs vermədiyini deyir.
Lakin müxbirimizdə həmin şəxslərin səsverməsinə dair görüntülərin olduğunu bildikdən sonra cavabı belə olur:
"Onu biz "uje" əlavə seçki siyahısından çıxacağıq."
Videonun alt yazısı, Ağdaş qeydiyyatı olan şəxslər Bakıda səs verir və...
Qeydiyyat rayonu üzrə səs verməyən qadın: "Çağırdılar, biz də verdik səsimizi..."
Qadın Sabirabad qeydiyyatlı olduğu üçün digər məntəqəyə göndərilir. Digər məntəqədən çıxan qadın artıq səs verdiyini deyir. Məntəqə sədri isə bunu inkar edir.
Bu video açılmırsa, o zaman bizim Youtube səhifəmizdə izləyin.
Videonun alt yazısı, "Çağırdılar, biz də verdik səsimizi..."
Saat 15:00-a olan seçki fəallığı: 60,74 % seçici səs verib
MSK Katibliyinin
Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 15:00-a
qədər 3 milyon 227 min 817 nəfər səs verib.
Cənab Orucov qeyd edib
ki, bu, 60,74 % seçici deməkdir.
Saat 15:50: "Müşahidəçilər yoxdur"
Xətai III Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində müxbirimiz Səadət Akifqızı heç bir müşahidəçi görməyib.
"Səsvermə zamanı qanun pozuntusu ilə bağlı indiyədək heç bir şikayət daxil olmayıb"
"Səsvermə zamanı qanun pozuntusu ilə bağlı indiyədək heç bir şikayət daxil olmayıb", MSK sədri Məzahir Pənahov bildirib.
APA yazır ki, cənab Pənahov seçicilərin fəallıq göstərdiyini deyib.
Saat 15.15: bu məntəqədə müşahidəçilər "artıq gedib"
35 saylı Xətai III Seçki Dairəsinin 8 saylı seçki məntəqəsində müxbirimiz müşahidəçilərin getdiyini görüb.
Müxbirimizə onların yeməyə getdikləri deyilsə də, müxbirimiz müşahidəçilərin öz aralarında "artıq bitdi də, gedək" sözlərini eşidib.
Valideynlər niyə toplu halda səsverməyə gəlir?
10 saylı Bİnəqədi Seçki Dairəsi, 6 saylı seçki məntəqəsinə baş çəkən müxbirimiz Günel Səfərova toplu halda səsverməyə gələn qadınlar görüb.
Müxbirimiz onlara istirahət günü elan edilən bu gündə belə toplu halda gəlmələrinin səbəbini soruşub.
"Hərə öz istəyi ilə gəlib. Toplaşıb deyəndə, bir sinif valideynləriyik də biz. Toplaşıb gəlmişik", özünü Əliyeva Xədicə kimi təqdim edən qadın bildirib.
Başqa bir qadın da bildirib ki, "valideynləri gözləyirlər".
Xarici İşlər Nazirliyi: "qərəzli və məqsədyönlü şəkildə saxta xəbərlər yayılır"
"Azərbaycan xaricində yerləşən, saxta xəbərlər, şaə və böhtan yaymaq üzrə ixtisaslaşan bəzi internet resursları və sosial şəbəkə profilləri tərəfindən ölkəmizdə azad, demokratik və ədalətli şəkildə keçirilən prezident seçkilərinin gedişinə xələl gətirmək üçün qərəzli və məqsədyönlü şəkildə saxta xəbərlər yayılır", Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, bu kimi internet resursları tərəfindən təqdim olunan şəkillərdə və video görüntülərdə iddia olunan seçki məntəqəsi ilə real seçki məntəqəsinin nömrəsi arasında uyğunsuzluq, şəkillərə fotoşop elementlərinin daxil edilməsi və yaxud da kimliyi bilinməyən şəxslər adından danışılması, vətəndaşların seçki fəallığına və seçici növbələrinə başqa don geyindirilməsi cəhdləri bu cür məlumatların saxta olduğunu açıq şəkildə sübut edir.
"Saxta məlumatlar vasitəsilə onlar seçkiləri azad, demokratik və şəffaf şəkildə izləyən beynəlxalq və yerli müşahidəçiləri yanlış istiqamətə yönləndirmək, aldatmaq və nəticə etibarilə, onlar tərəfindən hazırlanacaq yekun hesabatlara təsir etmək kimi çirkin məqsədlər güdürlər."Cənab Hacıyev əlavə edib ki, beynəlxalq və yerli müşahidəçilərin seçkiləri azad, demokratik və şəffaf şəkildə izləmələri üçün bütün şərait yaradılıb və onlar yerlərdə vəziyyətlə tanış olmaq üçün zəruri imkanlara malikdirlər.
Şəklin mənbəyi, Azertag
Şəklin alt yazısı, Hikmət Hacıyev
MSK sosial şəbəkələrdə seçkilərin demokratikliyinə və şəffaflığına kölgə salmaq istəyən bəzi maraqlı qüvvələrin həqiqətə uyğun olmayan və heç bir fakta söykənməyən uydurma məlumatlar yaydığını deyir.
Prezidentliyə namizəd Razi Nurullayev səs verib
“Cəbhəçilərin Təşəbbüs Qrupu”nun prezidentliyə namizədi Razi Nurullayev ailə üzvləri ilə birgə səs verib.
Qafqazinfo Nurullayev ailəsinin Binəqədi I Seçki Dairəsinin 283 nömrəli orta məktəbdə yerləşən 15 saylı seçki məntəqəsində səs verdiyini yazır.
Şəklin mənbəyi, Qafqazinfo
Müşahidəçilər və məntəqə üzvləri nahara çıxıb
35-ci Seçki Dairəsi, Xətai rayonu III dairə, 9-cu məntəqədə olan müxbirimiz Səadət Akifqızı deyir ki, burada müşahidəçiləri və üzvlər nahara çıxıb.
Məntəqə sədri Mətanət Zeynalova bildirib ki, indiyədək 425 seçici gəlib.
"Biz olduğumuz müddətdə isə hələ ki seçici yoxdur", müxbirimiz deyir.
Videonun alt yazısı, Müvəqqəti qeydiyyatda olan qadın sənədsiz səs verdiyini deyir, məntəqə bunu təkzib edir
Sosial mediada səsvermə barədə nə yazırlar?
Prezidentliyə namizəd Sərdar Cəlaloğlu səs verib
Prezidentliyə namizəd Sərdar Cəlaloğlu 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 21 saylı məntəqəsində səs verib.
“Ölkədə dəyişikliklər zəruridir. Biz partiya olaraq dəyişikliklərin yolunu demokratik seçkidə görürük.
Seçkidə iştirak etməyimizin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda dəyişikliklərə ehtiyac var.
Bu dəyişikliklər dinc və demokratik yolla həyata keçirilməlidir. Biz Azərbaycanın gələcəyi naminə vətəndaşların seçki ilə hakimiyyətiun dəyişilməsində aktiv iştirak etməsini istəyirik.
Demokratik seçkilərdə müxalifətlə iqtidar arasında səs fərqi çox olmur.
İqtidarla müxalifət arasında səs fərqi varsa seçkilər şübhəli seçkilər kimi olur.
Bu saat seçki üçün pik saatlardır. Amma görünür ki, vətəndaşlarəın seçkiyə marağı o qədər də yüksək deyil. Arzu edirik ki, xalq seçkilərə və öz taleyinə biganə qalmasın”, Qafqazinfo Sərdar Cəlaloğludan sitat gətirib.
Siyasətçilər, şərhçilər və deputatlara görə növbədənkənar seçkilərin yarım il əvvəl keçirilməsinin səbəbi nə olub - keçiddə oxuyun: