You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.

Take me to the main website

İlham Əliyev hazırda 86,09 % səs toplayıb - MSK açıqlayıb

Mərkəzi Seçki Komissiyası bu saata qədər hesablanan səsləri açıqlayıb: İlham Əliyev 86,09 % səs çoxluğu ilə irəlidədir.

Canlı reportaj

  1. "Müşahidəçilər yoxdur, bülletenləri də əvvəldən kəsiblər"

    "35 saylı Xətai III Seçki Dairəsinin 4 saylı seçki məntəqəsindəyəm. Müşahidəçilər yoxdur, bülletenləri də əvvəldən kəsiblər, seçici də yoxdur, namizədlərin nümayəndələri də yoxdur", müxbirimiz Səadət Akifqızı deyir.

  2. MSK: qaynar xəttə saat 15:00-a qədər 100-ə yaxın müraciət daxil olub

    Mərkəzi Seçki Komissiyasının qaynar xəttinə saat 15:00-a qədər 100-ə yaxın müraciət daxil olub.

    Komissiya, müraciətlərin seçkilər barədə məlumat almaq xarakterli olduğunu deyib.

  3. "Biz beş səsvermə məntəqəsində olmuşuq. Hər hansı bir qanun pozuntusu və ya fırıldaqçılıq yoxdur".

    "Biz beş səsvermə məntəqəsində olmuşuq. Hər hansı bir qanun pozuntusu və ya fırıldaqçılıq yoxdur. Gün ərzində bir neçə məntəqələrə getməyi planlaşdırırıq", Birləşmiş Ştatların ATƏT-dən olan müşahidəçisi Rawland Scott deyib.

    ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun müşahidəçiləri Şəmkirdə seçki məntəqələrində müşahidə aparıb.

    ATƏT-in ümumilikdə 350 müşahidəçisi seçkiləri izləyir.

    Müşahidə missiyası sabah seçkilərin monitorinqi haqqında mətbuat konfransı keçirəcək.

  4. Ağdaş qeydiyyatı olan şəxslər Bakıda səs verir və...

    Ağdaş qeydiyyatı olan şəxslər Xəzər-Pirallahı Seçki Dairəsinin 18 saylı məntəqəsində səs verir.

    Məntəqə sədri Təranə Zeynalova əvvəlcə onların səs vermədiyini deyir.

    Lakin müxbirimizdə həmin şəxslərin səsverməsinə dair görüntülərin olduğunu bildikdən sonra cavabı belə olur:

    "Onu biz "uje" əlavə seçki siyahısından çıxacağıq."

  5. Qeydiyyat rayonu üzrə səs verməyən qadın: "Çağırdılar, biz də verdik səsimizi..."

    Qadın Sabirabad qeydiyyatlı olduğu üçün digər məntəqəyə göndərilir. Digər məntəqədən çıxan qadın artıq səs verdiyini deyir. Məntəqə sədri isə bunu inkar edir.

    Bu video açılmırsa, o zaman bizim Youtube səhifəmizdə izləyin.

  6. Saat 15:00-a olan seçki fəallığı: 60,74 % seçici səs verib

    MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 15:00-a qədər 3 milyon 227 min 817 nəfər səs verib.

    Cənab Orucov qeyd edib ki, bu, 60,74 % seçici deməkdir.

  7. Saat 15:50: "Müşahidəçilər yoxdur"

    Xətai III Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində müxbirimiz Səadət Akifqızı heç bir müşahidəçi görməyib.

  8. "Səsvermə zamanı qanun pozuntusu ilə bağlı indiyədək heç bir şikayət daxil olmayıb"

    "Səsvermə zamanı qanun pozuntusu ilə bağlı indiyədək heç bir şikayət daxil olmayıb", MSK sədri Məzahir Pənahov bildirib.

    APA yazır ki, cənab Pənahov seçicilərin fəallıq göstərdiyini deyib.

  9. Saat 15.15: bu məntəqədə müşahidəçilər "artıq gedib"

    35 saylı Xətai III Seçki Dairəsinin 8 saylı seçki məntəqəsində müxbirimiz müşahidəçilərin getdiyini görüb.

    Müxbirimizə onların yeməyə getdikləri deyilsə də, müxbirimiz müşahidəçilərin öz aralarında "artıq bitdi də, gedək" sözlərini eşidib.

  10. Valideynlər niyə toplu halda səsverməyə gəlir?

    10 saylı Bİnəqədi Seçki Dairəsi, 6 saylı seçki məntəqəsinə baş çəkən müxbirimiz Günel Səfərova toplu halda səsverməyə gələn qadınlar görüb.

    Müxbirimiz onlara istirahət günü elan edilən bu gündə belə toplu halda gəlmələrinin səbəbini soruşub.

    "Hərə öz istəyi ilə gəlib. Toplaşıb deyəndə, bir sinif valideynləriyik də biz. Toplaşıb gəlmişik", özünü Əliyeva Xədicə kimi təqdim edən qadın bildirib.

    Başqa bir qadın da bildirib ki, "valideynləri gözləyirlər".

  11. Xarici İşlər Nazirliyi: "qərəzli və məqsədyönlü şəkildə saxta xəbərlər yayılır"

    "Azərbaycan xaricində yerləşən, saxta xəbərlər, şaə və böhtan yaymaq üzrə ixtisaslaşan bəzi internet resursları və sosial şəbəkə profilləri tərəfindən ölkəmizdə azad, demokratik və ədalətli şəkildə keçirilən prezident seçkilərinin gedişinə xələl gətirmək üçün qərəzli və məqsədyönlü şəkildə saxta xəbərlər yayılır", Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev bildirib.

    Onun sözlərinə görə, bu kimi internet resursları tərəfindən təqdim olunan şəkillərdə və video görüntülərdə iddia olunan seçki məntəqəsi ilə real seçki məntəqəsinin nömrəsi arasında uyğunsuzluq, şəkillərə fotoşop elementlərinin daxil edilməsi və yaxud da kimliyi bilinməyən şəxslər adından danışılması, vətəndaşların seçki fəallığına və seçici növbələrinə başqa don geyindirilməsi cəhdləri bu cür məlumatların saxta olduğunu açıq şəkildə sübut edir.

    "Saxta məlumatlar vasitəsilə onlar seçkiləri azad, demokratik və şəffaf şəkildə izləyən beynəlxalq və yerli müşahidəçiləri yanlış istiqamətə yönləndirmək, aldatmaq və nəticə etibarilə, onlar tərəfindən hazırlanacaq yekun hesabatlara təsir etmək kimi çirkin məqsədlər güdürlər."Cənab Hacıyev əlavə edib ki, beynəlxalq və yerli müşahidəçilərin seçkiləri azad, demokratik və şəffaf şəkildə izləmələri üçün bütün şərait yaradılıb və onlar yerlərdə vəziyyətlə tanış olmaq üçün zəruri imkanlara malikdirlər.

    MSK sosial şəbəkələrdə seçkilərin demokratikliyinə və şəffaflığına kölgə salmaq istəyən bəzi maraqlı qüvvələrin həqiqətə uyğun olmayan və heç bir fakta söykənməyən uydurma məlumatlar yaydığını deyir.

  12. Prezidentliyə namizəd Razi Nurullayev səs verib

    “Cəbhəçilərin Təşəbbüs Qrupu”nun prezidentliyə namizədi Razi Nurullayev ailə üzvləri ilə birgə səs verib.

    Qafqazinfo Nurullayev ailəsinin Binəqədi I Seçki Dairəsinin 283 nömrəli orta məktəbdə yerləşən 15 saylı seçki məntəqəsində səs verdiyini yazır.

  13. Müşahidəçilər və məntəqə üzvləri nahara çıxıb

    35-ci Seçki Dairəsi, Xətai rayonu III dairə, 9-cu məntəqədə olan müxbirimiz Səadət Akifqızı deyir ki, burada müşahidəçiləri və üzvlər nahara çıxıb.

    Məntəqə sədri Mətanət Zeynalova bildirib ki, indiyədək 425 seçici gəlib.

    "Biz olduğumuz müddətdə isə hələ ki seçici yoxdur", müxbirimiz deyir.

  14. Kİtab oxuyan müşahidəçi...

    21-ci seçki dairəsi, Nəsimi rayonu 10-cu seçki məntəqəsində olan müxbirimiz Səadət Akifqızının müşahidələri:

    Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasını (AVCİYA) təmsil edən nümayəndə kitab oxuyur.

    "Adam çox olanda seçki qutusunu görmək olmur", müxbirimiz deyir.

    Müxbirimiz onu da qeyd edir ki, bu məntəqədə əliuşaqlı valideynlər üçün uşaq otağı yaradılıb.

  15. Seçici sənədsiz səs verdiyini deyir, məntəqə sədri inkar edir

    Müvəqqəti qeydiyyatda olan qadın sənədsiz səs verdiyini deyir, məntəqə bunu təkzib edir.

    Videonu aça bilmirsinizsə Youtube səhifəmizdə izləyin.

  16. Sosial mediada səsvermə barədə nə yazırlar?

  17. Prezidentliyə namizəd Sərdar Cəlaloğlu səs verib

    Prezidentliyə namizəd Sərdar Cəlaloğlu 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 21 saylı məntəqəsində səs verib.

    “Ölkədə dəyişikliklər zəruridir. Biz partiya olaraq dəyişikliklərin yolunu demokratik seçkidə görürük.

    Seçkidə iştirak etməyimizin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda dəyişikliklərə ehtiyac var.

    Bu dəyişikliklər dinc və demokratik yolla həyata keçirilməlidir. Biz Azərbaycanın gələcəyi naminə vətəndaşların seçki ilə hakimiyyətiun dəyişilməsində aktiv iştirak etməsini istəyirik.

    Demokratik seçkilərdə müxalifətlə iqtidar arasında səs fərqi çox olmur.

    İqtidarla müxalifət arasında səs fərqi varsa seçkilər şübhəli seçkilər kimi olur.

    Bu saat seçki üçün pik saatlardır. Amma görünür ki, vətəndaşlarəın seçkiyə marağı o qədər də yüksək deyil. Arzu edirik ki, xalq seçkilərə və öz taleyinə biganə qalmasın”, Qafqazinfo Sərdar Cəlaloğludan sitat gətirib.

  18. Saat 12:00-da seçici fəallığı: seçicilərin 39.39 faizi səs verib

    MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 12:00-a qədər 2 milyon 93 min 343 nəfər səs verdiyini bildirib.

    Onun sözlərinə görə, bu, seçicilərin 39.39 faizidir.