Yoxa çıxmış Boeing: Çin peyk şəkillərini açıqlayır

Şəklin mənbəyi, PRC
Peykdən çəkilmiş şəkillərdə təyyarə qalıqlarına bənzər dənizdəki obyektlərin öyrənildiyi bir məqamda Çin hökuməti yoxa çıxmış Malayziya təyyarəsinin axtarışının davam etdiriləcəyini bildirib.
Şənbə günü Kuala-Lumpurdan Çinə yollanan Malaysia Airlines şirkətinə məxsus təyyarə göyə qalxdıqdan təqribən bir saat keçmiş radar ekranlarından yoxa çıxıb.
Boeing – 777 təyyarəsinin göyərtəsində 239 adam olub.
Çinin Baş naziri axtarışın davam etdirilməsində qərarlı olduğunu bildirib.
Çin hökumətinin rəsmi saytında Cənubi Çin dənizində təyyarə qalıqları olduğu güman edilən iri obyektlərin peykdən çəkilmiş təsvirləri yerləşdirilib.
Çinin dövlət agentliyi ən iri obyektin 24 х 22 metr ölçüdə olduğunu bildirir.
Axtarışlar təyyarənin yoxa çıxmaqdan əvvəl harada olması ilə bağlı xəbərlərin ziddiyyət təşkil etməsi fonunda davam etdirilir. Bəzi fərziyyələrə görə, radar ekranlarından itməzdən əvvəl Boeing geriyə dönə bilərdi.
Yoxa çıxmaqdan öncə, təyyarədən hər-hansı nasazlıq və yaxud da ştatdan kənar vəziyyət barədə xəbər daxil olmayıb.
Çərşənbə günü Malayziya Hava Qüvvəllərinin komandanı təyyarənin marşrutundan xeyli aralandığı barədə məlumatları təkzib edib.
Təyyarənin axtarışında ABŞ Federal Təhlükəsizlik Bürosunun əməkdaşları iştirak edirlər.
Çərşənbə günü ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru John Brennan itmiş təyyarə müəmmasında terror ehtimalının istisna edilmədiyini dilə gətirib, lakin bu əhvalatın terrorla əlaqəsini təsdiqləyən ciddi bir dəlil indiyədək aşkar edilməyib.
























