Michael Schumacherin şlemindəki kamera yazısı öyrənilir

Michael Schumacher
Çap edildi

Fransa müstəntiqləri ötən bazar Alp dağ kurortunda xizəklə sürüşərkən başından ağır xəsarət alan Michael Schumacher-in şlemindəki kamera yazısını öyrənirlər.

Polis Formula-1 yarışlarında 7 dəfə dünya çempionu adını qazanmış idmançının oğlunu dindirib.

Meribel dağ kurortunda beyin travması almış Schumacher süni komadadır.

Cümə günü Schumacher-in ad günü münasibətilə Qrenobl xəstəxanası qarşısına toplaşan fanatlar 45 yaşı tamam olmuş idmançıya ehtiram əlaməti olaraq bir dıqiqəlik sükut saxlayıblar.

Şlemim üzərində kameranın quraşdırıldığı barədə cümə günə məlum olub.

Səhhət

İki əməliyyatdan sonra süni komaya salınan idmançının vəziyyəti kritik kimi dəyərləndirilir.

Bazar ertəsi həkimlər Schumacher-in "ölümlə mübarizə" apardığını bildirmişdilər.

Ötən ayın sonunda oğlu və tanışları ilə xizək trassasından kənardakı xam qarla sürüşərkən yıxılıb başını qayalığa vuran Michael Schumacher kəllə-beyin travması alıb.

İdmançının başındakı şlem zərbə nəticəsində çatlayıb.

Michael Schumacher ilk dəfə Formula-1 yarışları üzrə dünya çempionu tituluna 1994-cü ildə layiq görülüb.

O, 19 il ərzində 91 qələbə qazanıb.

Almaniyalı idmançı yarışçı karyerasını 2012-ci ildə başa vurub.