Schumacherin vəziyyəti "bir qədər yaxşılaşıb"

Prof Jean-Francois Payen
Şəklin alt yazısı, Professor Jean-Francois Payen cənab Schumacherin vəziyyətini sabir kimi dəyərləndirib.
Çap edildi

Formula-1 yarışlarında 7 dəfə dünya çempionu olmuş Michael Schumacherin vəziyyəti beyin təzyiqini azaltmaq üçün keçirilən əməliyyatdan sonra bir qədər yaxşılaşıb.

Komada olan Schumacherin üzərində ilk neyrocərrahiyyə əməliyyatından sonra sabiq idmançının ailəsi iki saat davam edən ikinci əməliyyata icazə verib.

Ötən bazar günü 44 yaşlı almaniyalı Fransanın Meribel qış kurortunda xizəklə sürüşürkən yıxılaraq kəllə-beyin travması alıb.

Bazar ertəsi həkimlər Schumacher-in "ölümlə mübarizə" apardığını bildirmişdilər.

Müalicə

Həkimlərin verdiyi məlumata görə, gecə saatlarında həyata keçirilən əməliyyatdan sonra çəkilmiş skan göstərib ki, onun durumu "dünənkindən yaxşıdır" amma "təhlükə sovuşmayıb".

Bazar ertəsi çəkilən skan göstərib ki, onun vəziyyəti "yaxşılaşıb" və ikinci əməliyyat üçün imkanın yaradılmasına işarə edib, həkimlər belə deyib.

Hospital onun müalicəsi ilə bağlı proqnoz verməkdən imtina edib.

Alp dağlarının ətəyində 14 yaşlı oğlu və tanışları ilə sürüşən Michael Schumacher qayda ilə təsdiqlənmiş marşrutdan kənara çıxaraq yalnız təcrübəli xizəkçilərin öz riskinə sürüşdüyü yolu seçib, kurort administrasiyası bildirir.

Yıxılaraq başı qayaya dəyən sabiq idmançı beyin zədəsi alıb.

Onun başı qayaya dəyəndə cənab Schumacherin başında dəbilqə vardı, meneceri Sabine Kehm deyib.

İdman karyerası

19 il ərzində Formula-1 yarışlarında çıxış edən toplam 91 qələbə qazanıb.

O, ilk dəfə dünya çempionu tituluna 1994-cü ildə layiq görülüb. 2000-ci ildə Ferrari ilə müqavilə imzalayan Schumacher italyan komandasına 5 dəfə çempion adını gətirib.

2010-cu ildə 4 illik fasilədən sonra almaniyalı idmançı yenidən sükan arxasına keçmək qərarına gəldi.

2012-ci ildə Michael Schumacher idmandan tamamilə ayrıldığını elan etdi.