Michael Schumacher "ölümlə mübarizə aparır"

Yeddi dəfə Formula 1 çempionu olan Michael Schumacher xizəklə sürüşərkən yıxılandan sonra onun vəziyyəti "ağırdır", onu müalicə edən Fransa xəstəxanasından məlumat verilir.
44 yaşlı almanın beyininə ciddi xəsarət yetirilib. O, xəstəxanaya çatanda koma vəziyyətində idi və dərhal əməliyyat olundu.
Hadisə baş verəndə cənab Schumacher oğlu ilə Fransa Alp dağlarında xizəklə sürüşürdü.
Grenoble şəhərindəki xəstəxanadan verilən son məlumata görə, Schumacher hələ də koma vəziyyətindədir və "ölümlə mübarizə aparır".
Onun başı qayaya dəyəndə cənab Schumacherin başında dəbilqə vardı, meneceri Sabine Kehm deyib.
Fransız və alman mediasında yayılan məlumatlara görə F1 çempionu gecə ikinci dəfə əməliyyat olunub.
Hadisə Fransadakı Meribel xizək kurortunda baş verib.



















