Ermənistan MN Azərbaycanla sərhəddə insident olduğunu bildirir, Azərbaycan MN: “Ermənistan yalan deyir”

Əsgər

Şəklin mənbəyi, Getty Images/BULENT KILIC

Çap edildi

Azərbaycan Ermənistan tərəfinə heç bir atəş açılmadığını bildirir, Ermənistan MN: "Azərbaycanla sərhəddə insident olub, ölən var", İlham Əliyev İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb - daha ətraflı BBC News Azərbaycancanın icmalında

Azərbaycan Ermənistan tərəfinə heç bir atəş açılmadığını bildirir

Azərbaycan Xarici İşlər Nazirliyi mayın 25-də Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin Kəlbəcər rayonu ərazisindən atəşə tutulması ilə bağlı Ermənistanın yaydığı məlumatların həqiqətə uyğun olmadığını bildirib.

Azərbaycan Ermənistanı Kəlbəcər rayonu ərazisindən atəşə tutmaqla bağlı "yalan məlumat yaymaqda" ittiham edib.

Ermənistan Müdafiə Nazirliyi çərşənbə axşamı məlumat verib ki, Azərbaycan-Ermənistan sərhədində, Geğarkunik vilayəti ərazisində baş vermiş insident nəticəsində bir hərbçi həlak olub.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, mayın 25-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətlə dolu yeddi yük maşını sərhədin qeyd olunan sahəsinə yaxınlaşmağa cəhd edib.

"Bölmələrimiz tərəfindən görülən xəbərdarlıq tədbirləri nəticəsində qarşı tərəfin hərəkətinin qarşısı alınıb. Birmənalı şəkildə bildiririk ki, bölmələrimiz tərəfindən qarşı tərəf istiqamətində heç bir atəş açılmayıb".

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, onlarda olan məlumata görə, həlak olan erməni hərbi qulluqçusunun ölümü "bədbəxt hadisə nəticəsində baş verib".

Bu hadisənin Azərbaycan tərəfi ilə hər hansı bir əlaqəsi yoxdur, deyə Azərbaycan MN bildirib və bəyan edib ki, Azərbaycan tərəfi məsələ ilə əlaqədar Rusiya tərəfi ilə də daimi təmasdadır.

"Hazırda Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabitdir və nəzarət altındadır. Ermənistan tərəfini yalan bəyanatlarla vəziyyəti gərginləşdirməməyə, bu və digər məsələlərlə bağlı fikir ayrılıqlarının həllində konstruktiv danışıqlar aparılmasına çağırırıq,"- məsələ ilə bağlı Azərbaycan XİN-in açıqlamasında qeyd olunub.

Ermənistan Müdafiə Nazirliyinin bir neçə saat əvvəl yaydığı məlumatda göstərilirdi ki, mayın 25-də Ermənistanın Azərbaycanla həmsərhəd Geğarkunik vilayətində Verin Şorja kəndi yaxınlığında Ermənistan mövqeləri Azərbaycan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Qurum iddia edir ki, qarşı tərəfin avtomat silahdan açdığı atəşdən sonra başlanan atışma nəticəsində müqavilə əsasında xidmət edən 1989-cu il təvəllüdlü kiçik serjant V. Xurşudyan ölümcül yaralanıb.

Hazırda Qarabağda atəşkəsə nəzarət edən rus sülhməramlıları və Türk-Rus Birgə Monitorinq Mərkəzi bununla bağlı reaksiya verməyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.

Şəklin mənbəyi, President.az

İlham Əliyev Cavad Zərifə: "İki qardaş ölkə regionda uzunmüddətli və dayanıqlı sülh şəraitində inkişafa töhfə verməlidir"

Prezident İlham Əliyev İranın Azərbaycanda rəsmi səfərdə olan xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşündə deyib ki, "İran və Azərbaycan iki qardaş ölkə olaraq" regionda münaqişədən sonra yaranmış yeni vəziyyətdə səylərini birləşdirməlidir.

"Düşünürəm ki, hazırda ölkələrimiz arasında əlaqələr bəlkə də əməkdaşlığımızın tarixində ən yüksək səviyyədədir. Əlbəttə ki, regionda yeni vəziyyətin - münaqişədən sonrakı vəziyyətin yaranması ilə əlaqədar yeni imkanlar, yeni çağırışlar var və sözsüz ki, İran və Azərbaycan iki qardaş ölkə olaraq səyləri əlaqələndirməli, regionda bütün bölgə ölkələrinin xeyrinə uzunmüddətli və dayanıqlı sülh şəraitində inkişafa töhfə verməlidir," - İlham Əliyev deyib.

Məhəmməd Cavad Zərif bildirib ki, onun təmsil etdiyi hakimiyyətin dövrü başa çatdığı bir vaxtda "İranda hakimiyyətə gələcək növbəti administrasiya üçün qardaş ölkə olan Azərbaycanla mükəmməl münasibətləri miras qoyaraq getdiyiklərinə" görə şaddır.

İranlı nazir əlavə edib ki, onlar İlham Əliyevin "Azərbycan torpaqlarının azad edilməsində tarixi rol oynadığına inanırlar" və hesab edirlər ki, Azərbaycan Prezidenti "regiona sülh gətirmək üçün" də "tarixi bir rol oynaya bilər".

Cavad Zərif onu da deyib ki, İran Ermənistanla sülhə nail olmaqda, həmçinin işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında və bərpasında hər hansı bir rolu oynamağa hazırdı.

Bir neçə gün öncə, İsrail-Fələstin arasında raket atışması baş verərkən İsrailin Azərbaycandakı səfiri George Deek Twitter hesabında Azərbaycan xalqına ünvanlanmış video-müraciətdə İranı "terrorun bir nömrəli sponsor dövləti" adlandımış və Azərbaycandan həmrəylik dəstəyi istəmişdi.

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi onun bu müraciətinə cavab olaraq öz Twitter hesabında bildirmişdi ki, Azərbaycanla İran "ətlə dırnaq kimi vahid və ayrılmazdır, irin və çirkin dırnağın altında yuva qurmasına icazə" verməzlər.

Bazar ertəsi günü internetdə yayımlanan videoda jurnalist səhhətinin yaxşı olduğunu və Belarus dövləti tərəfindən ittiham olunduğu cinayətləri etiraf etdiyini bildirib. Lakin fəallar videonu tənqid ediblər və Protaseviçin qanunsuz hərəkətlərini etiraf etmək üçün təzyiq altında olduğunu iddia ediblər.

Şəklin mənbəyi, Nexta

Şəklin alt yazısı, Bazar ertəsi günü internetdə yayımlanan videoda jurnalist səhhətinin yaxşı olduğunu və Belarus dövləti tərəfindən ittiham olunduğu cinayətləri etiraf etdiyini bildirib. Lakin fəallar videonu tənqid ediblər və Protaseviçin qanunsuz hərəkətlərini etiraf etmək üçün təzyiq altında olduğunu iddia ediblər.

Avropa səması Belarusa bağlanır

Brüsseldə keçirilən iclasda Avropa İttifaqının 27 üzv ölkəsinin liderləri Avropa hava yollarına Belarus üzərindən uçmamaq tapşırılıb. Bundan başqa, Belarusa iqtisadi sanksiyalar tətbiq ediləcəyinə söz verilib.

Bazar günü Belarus Afinadan Vilnüsə uçan təyyarədə bomba olması iddiası ilə havaya qırıcı qaldırtdırıb və təyyarə enəndən sonra onun göyərtəsində olan belaruslu müxalifyönümlü jurnalist və icitmai fəal, 26 yaşlı Roman Protaseviç saxlanılıb.

Belarus mətbuatı MİG-19 qırıcılarının müşayiətilə yolu dəyişdirilən təyyarənin göyərtədə "bomba olması xəbərdarlığına görə" məcburi eniş etdiyini yazıb. "Ryanair" şirkətinə məxsus olan təyyarədə partlayıcının tapılmadığı bildirilir.

Bazar ertəsi günü internetdə yayımlanan videoda jurnalist səhhətinin yaxşı olduğunu və Belarus dövləti tərəfindən ittiham olunduğu cinayətləri etiraf etdiyini bildirib. Lakin fəallar videonu tənqid ediblər və Protaseviçin qanunsuz hərəkətlərini etiraf etmək üçün təzyiq altında olduğunu iddia ediblər.

Roman Protaseviçin atası Dmitriy Protaseviç BBC-yə oğluna işgəncə veriləcəyindən qorxduğunu söyləyib.

"Ümid edirik öhdəsindən gələcək. Bu barədə düşünməkdən belə qorxuruq, amma döyülə və işgəncə verilə bilər. Bundan həqiqətən qorxuruq", - atası deyib.

"Həqiqətən şokdayıq və kədərliyik", o deyib. "Bu cür şeylər 21-ci əsrdə, Avropanın mərkəzində baş verməməlidir", - atası əlavə edib.

Protaseviçin keçmiş baş redaktoru olduğu Nexta telegram kanalı ötən il Belarusda keçirilən prezident seçkisi vaxtı müxalifət üçün böyük əhəmiyyət daşıyırdı. Kanal seçkilərdən sonra hökumətin xəbərlərə və mətbuata tətbiq etdiyi məhdudlaşdırmaya baxmayaraq, fəaliyyətini davam etmişdi.