You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Çində koronavirusun təsiri: İqtisadiyyat son onilliklərdə ilk dəfə zəifləyir
Koronavirusa görə yavaşlayan Çin iqtisadiyyatı ilin ilk rübündə 6,8 faiz azalıb. Bu, son bir neçə onilliklər ərzində ilk dəfədir ki, baş verir.
Virusun yayılması ilə bağlı fabrik və müəssisələrin məcburi bağlanması fonunda Çin iqtisadiyyatı son bir neçə onilliklər ərzində ilk dəfədir ki, ixtisara məruz qalıb.
Cümə günü açıqlanan rəsmi məlumatlara görə, dünyanın ikinci ən böyük iqtisadiyyatının həcmi ilin ilk rübündə 6,8 faiz azalıb.
"Yanvar-mart aylarında ÜDM-in azalması kiçik şirkətlər arasında iflasa və iş yerlərinin ixtisarına səbəb olaraq, daimi gəlir itkisinə çevriləcək" , - Economist Intelligence Unit-in təhlilçisi Yue Su hesab edir.
Koronavirusun Çin iqtisadiyyatına vurduğu zərbə digər ölkələr üçün də ciddi problemlər yarada bilər.
Çin mal və xidmət istehsalı ilə istehlakı sahəsində dünyanın aparıcı qüvvəsidir.
Təhlil: 6 faizlik artım yoxa çıxdı
Robin Brant, BBC News, Şanxay
Nəhəng geriləmə virusun yayılması və hökumətin buna qarşı sərt reaksiyasının təzahürüdür. Bu, ötən ilin sonunda qeydə alınan 6 faizlik artımı yoxa çıxarır.
Pekin öz iqtisadiyyatını sabitləşdirməyə və bərpa etməyə çalışarkən əhəmiyyətli iqtisadi stimulaşdırma tədbirlərini elan edib.
Bu həftənin əvvəlində hakim kommunist partiyasının rəsmi "People Daily" nəşri bildirib ki, bu tədbirlər "daxili tələbatı genişləndirəcək".
Çin iqtisadiyyatında ixracatın əhəmiyyətli roluna görə, dünyanın başqa yerlərində baş verən yavaşlama ciddi problem təşkil edir.
Beynəlxalq Valyuta Fondu, Çin iqtisadiyyatının tənəzzüldən yayınacağını və bu il 1,2 faizlik artımı proqnozlaşdırır.
Bu yaxınlarda açıqlanan rəsmi məşğulluq statistikası işsizlik səviyyəsində kəskin artımı göstərir. Ən ciddi itkilər ixracatla bağlı şirkətlərdə müşahidə olunur.
Mart ayından etibarən istehsalı bərpa etməyə və müəssisələrin yenidən açılmasına icazələr verilməkdədir.
Lakin karantindən əvvəlki səviyyəyə qayıtmaq üçün vaxt tələb olunur.
Çin iqtisadiyyatı istehsaldan çox asılıdır və buna görə də onu bəzən "dünyanın fabriki" adlandırırlar.