Koronavirus: Pasxa ibadətində Roma Papası ​​qlobal həmrəyliyə çağırış edib

Çap edildi

Roma Papası Francis Pasxa münasibəti ilə bayram ibadətini koronavirusa görə boş St Peter kilsəsindən yerinə yetirərək koronavirus böhranıyla mübarizə üçün qlobal həmrəyliyə çağırış edib.

"İndi laqeydlik vaxtı deyil. Çünki bütün dünya əzab çəkir və birləşməyə ehtiyaç var", - Roma Papası onlayn yayımlanan müraciətində deyib.

Aİ-nin dağılma riskiylə üzləşdiyini qeyd edən Papa Francis yoxsul ölkələrin borc yükünü yüngülləşdirməyə çağırıb.

Dünya boyü ölkələrdə milyonlarla insan evlərində qalmaqdadır, kilsələr isə dindarlar üçün xidmətlərini bağlı qapılar arxasında keçirir.

Koronavirusdan ən ağır zərər çəkən ölkələrdən biri olan İtaliyada karantin rejimi tətbiq edilərkən Roma Katolik Kilsəsinin rəhbəri öz müraciətini Vatikanda bağlı qapılar arxasında oxuyub.

Roma Papası bu ilin "Tənhalıq Pasxasının" insanlar üçün ümid mənbəyi olduğunu qeyd edərək dünyanın siyasi liderlərini "ümumi rifah naminə" çalışmağa, insanlara böhrandan çıxmağa kömək etməyə və nəticədə, normal yaşayışlarının bərpasına kömək etməyə çağırıb.

"İndi eqoistlik vaxtı deyil, çünki qarşımızda duran problemlə hamı üzləşir", - deyən Roma Papası nitqinin əsasən dünya boyu 109000-dən çox insanın ölümünə səbəb olan koronavirusun qlobal təsirinə həsr edib.

Papa heç bir ölkənin adını çəkmədən, beynəlxalq sanksiyaları yüngülləşdirməyə çağırıb və insanlar üçün zəruri olan xidmətlərin işini təmin edən həkimləri, tibb bacılarını və digər işçiləri alqışlayıb.