You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Vəkil: "jurnalist Əfqan Muxtarlı həbsxanada aclıq aksiyası keçirir"
Jurnalist Əfqan Muxtarlı vəkili Nemət Kərimliyə "zor tətbiq edildiyi üçün" cəza çəkdiyi 16 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirdiyini bəyan edib.
Bunu BBC News Azərbaycancaya onun vəkili Nemət Kərimli bildirib.
Cənab Kərimlinin sözlərinə görə, "cümə günü səhər müvəkkili ilə görüşə gedib, lakin cəzaçəkmə müəssisəsində zorakılıqla üzləşib".
Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadiqov məhbusun aclıq aksiyası ilə bağlı onlara müraciət etmədiyini, vəkilə "zorakılıq edilməsinə isə inanmadığını" bildirir.
"Üzərimi axtardılar"
Vəkil Nemət Kərimli bildirir ki, ötən həftə cümə günü 16 saylı cəzaçəkmə müəssisəsində Əfqan Muxtarlı ilə görüşə gedib, lakin görüşqabağı və görüşdən sonra "icazəsiz axtarışa" məruz qalıb.
"Təxminən 45 dəqiqə gözlədikdən sonra məni içəri buraxdılar və üzərimdə axtarış aparmaq istədilər. Qanunsuz olaraq ayaqqabımın içini, corablara qədər axtarış etdilər. Görüşdən çıxarkən yenə üzərimdə axtarış aparmaq istədilər. Rəsmi qərar tələb etdim, dedilər ki, axtarışa icazələri var".
Nemət Kərimlinin sözlərinə görə, həbsxana rəhbərliyinin təkidləri qarşısında üzərinin axtarılmasına imkan yaradıb: "Qeydlərimi oxumaq istədilər. İcazə vermədim. Əlimdən çantamı zorla alıb, içərisindəkiləri stolun üstünə tökdülər, başqa məhkəmə prosesindən olan 2 vərəq və digər şəxsi qeydlərimi götürüb oxudular".
Nemət Kərimli deyir ki, sənədlərini rəhbərliyə təqdim edib sonra ona qaytarıblar.
O, hazırda bu barədə üzvü olduğu Vəkillər Kollegiyasına məlumat verdiyini bildirib.
Vəkil bazar ertəsi Sabunçu Rayon Prokurorluğuna, çərşənbə axşamı günü isə Baş Prokurorluğa məsələ ilə bağlı şikayət edəcəyini bildirib.
Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva Facebook sosial şəbəkəsindəki hesabından yazıb ki, jurnalist ikinci növ diabetdən əziyyət çəkir.
"Aclıq etmək Əfqanın səhhəti üçün zərərlidir. Komaya düşmək ehtimalı var", Leyla Mustafayeva yazıb.
"Bizə rəsmi müraciət edilməyib"
Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadiqov "məhbusun aclıq aksiyasına başlaması ilə bağlı dünənə qədər onlara rəsmi müraciət etmədiyini deyir".
Cənab Sadiqov vəkil Nemət Kərimliyə qarşı "hər hansı zor tətbiq edilə biləcəyinə inanmadığını" deyir.
"Cəzaçəkmə müəssisələrinə gün ərzində yüzlərlə vəkil gəlir. Heç vaxt onlara qarşı hər hansı qanunazidd hərəkət olmayıb. İnanmıram da o vəkilə qarşı hər hansı qanunazidd hərəkət olsun. Hər bir vəkil bilir ki, penitensiar müəssisələrdə qaydalar və prosedurlar var. Hər bir şəxs də o prosedurlara riayət etməlidir. Həmin vəkilin belə bir iddiası varsa, rəsmi müraciət etsin, biz o məsələni araşdıraq".
Əfqan Muxtarlı kimdir?
Jurnalist Əfqan Muxtarlı yerli və beynəlxalq platformalarda Azərbaycanda olan problemlərdən yazıb.
O, son bir neçə ildə 3 araşdırma edib və iddia edib ki, prezident İlham Əliyevin ailəsinə bağlı şirkətlər Gürcüstanda biznes şəbəkəsi qurublar. Bununla yanaşı o, Müdafiə Nazirliyində olan korrupsiya və büdcə pullarının xərclənməsi barədə yazılar yazıb.
2014-cü il dekabrın 5-də dostu və həmkarı araşdırmaçı jurnalist Xədicə İsmayılova həbs edildikdən sonra o, araşdırmalarını davam etməyə başlayıb və Gürcüstanın paytaxtı Tbilisi şəhərində fəaliyyət göstərib.
Beynəlxalq insan hüquqları müdafiəsi təşkilatları onun həbsinin siyasi motivli olduğunu elan etsələr də, rəsmi ittihamla ona 6 il həbs cəzası verilib.