Rusiyada hərbi xərclər son 20 ildə ilk dəfə olaraq azalıb

Şəklin mənbəyi, Getty Images
Rusiyada ötən il son 20 il ərzində ilk dəfə olaraq hərbi xərclər 20 faiz azalıb.
Stockholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) bildirdiyinə görə, qlobal miqyasda hərbi xərclər ötən ilin $1,739 milyard göstəricisi ilə müqayisədə 1 faiz artdığı halda Rusiyada hərbi xərclər 20 faiz azalaraq $66.3 milyard təşkil edib, Reuters xəbər verib.
SIPRI əməkdaşı Siemon Wezeman hesab edir ki, Rusiyada hərbi xərclər 2020-ci ilədək hazırkı səviyyədən yuxarı artmayacaq, inflyasiya isə nəzərə alınarsa, hətta daha da azala bilər.
Hərbi xərclərin həcminə görə Rusiya dünada 4-cü yerə düşüb, belə ki, Səudiyyə Ərəbistanı Rusiyanı hərbi xərclərin həcminə görə keçib.
Qərbin sanksiyaları və 2014-cü ildə neft qiymətlərinin kəskin düşməsilə əlaqədar başlamış iqtisadi böhran nəticəsində Rusiya iqtisadiyyatı hazırda kövrək dövrünü yaşamaqdadır.
Mart ayında Kreml bildirmişdi ki, Rusiya yaxın 5 il ərzində öz müdafiə büdcəsini ÜDM-nin 3 faizi səviyyəsinədək və hətta ondan da aşağı salacaq.
Qlobal miqyasda hərbiyyəyə ən çox pul xərcləyən ABŞ-dır, on payına qlobal hərbi xərclərin 35 faizi düşür.
ABŞ-ın hərbi büdcəsi qlobal siyahıda bu ölkənin arxasında gedən 7 ölkənin hərbi xərclərinin ümumi cəmini üstələyir.
ABŞ-ın hərbi xərcləri son 2 il ərzində dəyişməsə də, gələn il xeyli artacağı gözlənilir.
Çinin hərbi xərcləri isə ötən il dünya xəclərinin 13 faizini təşkil edib, 10 il ıəvvəl bu göstərici 5,8 faiz olmuşdu.



























