You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Qarabağda bu günədək 13365 hektar minalardan təmizlənib. Bakı 10 erməni hərbçisini Ermənistana təhvil verib
Azad olunmuş ərazilərdə bu günədək ümumilikdə 13365 hektar minalardan təmizlənib. Noyabrın 16-da Kəlbəcər istiqamətində Azərbaycan tərəfinin saxladığı 10 erməni hərbi qulluqçu dekabrın 19-da Ermənistana təhvil verilib - ətraflı BBC News Azərbaycancanın icmalında.
10 günə 92 hektar
Azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin Türkiyənin hərbi istehkamçıları ilə birgə fəaliyyəti nəticəsində dekabrın 10-dan 19-dək 53 ədəd piyada və tank əleyhinə minan aşkar olunaraq zərərsizləşdirilib, 92 hektara qədər ərazi təmizlənib, Azərbaycan Müdafiə Nazirliyi bildirib.
"Ümumilikdə azad olunmuş ərazilərdə bu günədək mühəndis qoşunları tərəfindən 17255 mina və partlamamış döyüş sursatı aşkar olunaraq məhv edilib, 13365 hektar ərazi minalardan təmizlənib, digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə 635 kilometr yol çəkilib", məlumatda qeyd olunub.
Azərbaycan MN-in məlumatına əsasən, yaşayış məntəqələrinin, əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə "Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamında olan "MEMATT" (Mexaniki Mina Təmizləmə Təchizatı) texnikası da cəlb edilib."
Həmçinin bildirilib ki, mühəndis təminatı üzrə tədbirlər çərçivəsində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək üçün yollar minalardan və qar örtüyündən təmizlənir, dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrin mövqelərinə yeni təminat yolları çəkilir.
Aİ vasitəçiliyi ilə 10 erməni hərbi qulluqçu Ermənistana təhvil verilib
Noyabrın 16-da Kəlbəcər istiqamətində baş vermiş hərbi qarşıdurma zamanı Azərbaycan tərəfinin saxladığı 10 erməni hərbi qulluqçu dekabrın 19-da Ermənistana təhvil verilib.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bilidirib ki, 10 erməni hərbçisinin geri qaytarılması Avropa İttifaqının vasitəçiliyi ilə baş tutub.
Aİ Şurasının Prezidenti Charles Michel-in təşəbbüsü ilə dekabrın 14-də Brüsseldə "Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın üçtərəfli görüşünün" və Azərbaycan Prezidenti ilə Aİ Şurasının Prezidenti arasında keçirilmiş "ikitərəfli görüşün nəticəsi olaraq, humanizm prinsiplərinə sadiqliyinin təzahürü kimi" Bakı dekabrın 19-da "10 nəfər erməni əsilli hərbi qulluqçunu Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan tərəfinə" təhvil verib, məlumatda bildirilib.
"Təhvil verilmiş şəxslər 2021-ci il noyabrın 16-da Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılıblar", Dövlət Komissiyasının məlumatında qeyd olunub.
Dövət Komissiyası xatırladıb ki, dekabrın 4-də Bakının "qarşı tərəfə təhvil verdiyi 10 nəfər erməni əsilli hərbi qulluqçudan Ermənistan tərəfi sonradan dördünü həbs edib, altısına qarşı isə ittiham irəli sürüb."