Bakı və Yerevan bir-birini sərhəddə "vəziyyəti gərginləşdirməkdə" ittiham edir

Çap edildi

Azərbaycan Ermənistan silahlı qüvvələrinin noyabrın 15-nə keçən gecə Kəlbəcəri atəşə tutduğunu bildirib.

Ermənistanın Azərbaycanın son açıqlaması ilə bağlı şərhi yoxdur, amma rəsmi Yerevan bundan əvvəlki açıqlamalarında atəşkəsin pozulmasında Azərbaycanı ittiham edib.

Azərbaycan Müdafiə Nazirliyi bazar ertəsi yaydığı açıqlamada bildirib ki, Kəlbəcərin Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan ordusunun mövqelərinə "snayper tüfəngi və qumbaraatan da daxil olmaqla müxtəlif çaplı atıcı silahlardan intensiv" atəş açılıb.

Nazirliyin açıqlamasında deyilir ki, Kəlbəcərdə infrastrukturun bərpası məqsədilə yol işləri aparan traktor və hərbi bölmələrə təminat daşıyan 2 KamAZ atəşə məruz qalıb.

"Texnikaya zərər dəysə də şəxsi heyət arasında xəsarət alan olmayıb", - Azərbaycan Müdafiə Nazirliyi bildirir.

Azərbaycan Müdafiə Nazirliyi noyabrın 14-ü səhər saatlarından başlayaraq "Ermənistan silahlı qüvvələrinin bir qrup şəxsi heyətinin və texnikasının Laçın rayonunun sərhədi istiqamətində cəmləşdirildiyini" bildirib.

"Əməliyyat şəraitinə uyğun olaraq, Ordumuzun bölmələri tərəfindən əvvəlcədən müəyyən edilmiş plana əsasən zəruri fəaliyyətlər icra olunub. Nəticədə qarşı tərəfin hərbi qulluqçuları ərazidən çəkilməyə məcbur edilib", Azərbaycan MN-in məlumatında deyilib.

Məlumatda qeyd olunub ki, "ötən həftə də Ermənistan tərəfi dövlət sərhədinin Laçın istiqamətində 60 nəfər şəxsi heyəti yerləşdirməklə təxribat törətməyə" cəhd göstərmişdi.

"Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan tərəfi iki ölkənin dövlət sərhədinin danışıqlar yolu ilə delimitasiyası və demarkasiyasında maraqlı deyildir", Azərbaycan MN qeyd edib.

Ermənistan Azərbaycan Ordusunun "irəliləmək cəhdinin qarşısını" aldığını bildirib

"Azərbaycan Silahlı Qüvvələri Ermənistan-Azərbaycan sərhədinin şərq istiqamətində irəliləməyə çalışıblar", Ermənistanın Müdafiə Nazirliyi bazar günü bildirib.

Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilib ki, "noyabrın 14-də saat 13:00 radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri şərq istiqamətində mövqelərini irəli çəkməyə cəhd ediblər."

"İntensiv atışma başlayıb. Erməni hərbçiləri bu rayonda irəliləmək cəhdlərinin qarşısını alıblar. Vəziyyət gərgin olaraq qalır, - Ermənistan MN-in məlumatında qeyd olunub. - Hazırda Rusiya tərəfinin vasitəçiliyi ilə vəziyyətin tənzimlənməsi üçün danışıqlar aparılır."

Azərbaycan Şuşa və Kəlbəcər istiqamətlərində mövqelərinin "intensiv atəşə tutulduğunu" bildirib

Ermənistan ordusunun bölmələri "noyabrın 13-ü axşam saatlarından etibarən noyabrın 14-ü səhər saatlarınadək Basarkeçər rayonunun Yuxarı Şorca, Zərkənd, Əzizli və Cermuk yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə və İstisu yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi, qumbaraatan və müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan fasilələrlə intensiv atəşə tutub", Azərbaycan Müdafiə Nazirliyi bazar günü, noyabrın 14-də bildirib.

"Eyni zamanda, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Muxtarkənd yaşayış məntəqəsi tərəfdən bölmələrimizin mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə heç bir səbəb olmadan fasilələrlə intensiv atəşə tutub", məlumatda deyilib.

Azərbaycan MN qeyd edib ki, "qarşı tərəfin təxribatlarının, həmçinin döyüş mövqelərinin gücləndirilməsi məqsədilə apardıqları mühəndis işlərinin qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülüb."

Şənbə günü Azərbaycanın Müdafiə Nazirliyi Kəlbəcər rayonundakı hərbi mövqelərinin Ermənistan qüvvələri tərəfindən atəşə tutulduğu bildirir.

"Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü günorta saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, snayper tüfəngi və qumbaraatanlardan da istifadə etməklə atəşə tutub".

Ermənistan öz növbəsində, sərhədin eyni hissəsindəki mövqelərinin Azərbaycan tərəfindən atəşə məruz qaldığını bildirir.

"Noyabrın 13-də saat 12:10 radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Geğarqunik rayonunun Verin Şorja sektorunda yerləşən erməni mövqelərini atəşə tutub".

Atışmada itkilərin olmadığı bildirilir.

Son bir neçə həftədə Azərbaycan və Ermənistan sərhədində və Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlıları qüvvələrin məsuliyyət zonasında atəşkəsin pozulması ilə bağlı bir neçə hadisə qeydə alınıb.

Şuşa yaxınlığındakı postda hərbçilərə "qumbara atılıb"

Azərbaycan Baş Prokuroluğu və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən, insident şənbə günü səhər saat 07:12-də baş verib.

Rəsmi açıqlamada deyilir ki, Ermənistan vətəndaşı Norayr Mirzoyanla "qeyriləri cinayətkar birlik halında" Xankəndi-Laçın yolunda "qəsdən adam öldürmək məqsədilə" idarə etdiyi "avtomobildən düşüb" Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan və Rusiya sülhməramlı kontingentinin hərbçiləri istiqamətində əl qumbarasını atmışdır.

Nəticədə çavuş Hafiz Nəsibova və digərlərinə (cəmi üç nəfərə) müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.

Hadisə ilə əlaqədar "terrorçuluq-odlu silahdan" istifadə etməklə törədilən adam öldürməyə cəhd də daxil, bir neçə maddə üzrə cinayət işinin açıldığı qeyd olunur.

İnsidentlə bağlı hər-hansı şəxsin həbs olunub-olunmaması barədə məlumat verilmir.

Sosial mediada hadisə yerindən çəkildiyi iddia olunan videolardan birində hərbi posta avtomobilin yaxınlaşdığı zaman orada duran hərbçilərin yanında partlayışın baş verdiyini görmək olar. Daha bir videoda Rusiya sülhməramlıları bir nəfəri hərbi avtomobilə mindirirlər. Rusiya sülhməramlı kontingenti hadisəyə hələ ki, münasibət bildirməyib.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri aparılır, Baş Prokuroluğu və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.

Ermənistan mediası hadisədən sonra bir müddət bağlanan Xankəndi-Laçın yolunun daha sonra açıldığını xəbər verir.