Türkiyənin Milli Müdafiə naziri Bakıya gəlib

Şəklin mənbəyi, MOD.GOV.AZ
Hulusi Akar noyabrın 7-də Bakıya gəlib. İlham Əliyev və Mehriban Əliyeva bazar günü Zəfər yolunu açıblar və Şuşaya gəliblər. Kreml gələn həftə Putin-Əliyev-Paşinyan görüşünün videokonfrans formatında keçiriləcəyini təsdiqləyib. Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisinin Bakıya səfərinin ikitərəfli münasibətlər üçün "əhəmiyyət kəsb etdiyini" bildirib - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar noyabrın 7-də Bakıya gəlib.
Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti "Bakıya gələn Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın başçılıq etdiyi geniş tərkibli hərbi nümayəndə heyətini qarşılayıb", Azərbaycan MN-in məlumatında deyilib
"Türkiyə nümayəndə heyəti Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək", xəbərdə qeyd olunub.

Şəklin mənbəyi, MOD.GOV.AZ
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gəliblər

Şəklin mənbəyi, Azertag
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərinə gəliblər.
İlham Əliyev və Mehriban Əliyeva Füzuli rayonunda Zəfər yolunun açılışında, Şuşada Daşaltı məscidinin, Şuşa Radio-Televiziya yayım stansiyasının və Şuşa şəhər xəstəxanasının təməlqoyma mərasimlərində iştirak ediblər, President.az saytı bildirib.
Şuşada İlham Əliyev və Mehriban Əliyeva Aşağı Gövhər Ağa məscidində və Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış olublar.

Şəklin mənbəyi, Azertag

Şəklin mənbəyi, Azertag
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva VIII Qlobal Bakı Forumunun Şuşaya səfər edən iştirakçıları ilə də söhbət ediblər.
Peskov: Putin-Əliyev-Paşinyan görüşü videokonfrans rejimində gələn həftəyə nəzərdə tutulub

Şəklin mənbəyi, RIA NOVOSTI
Gələn həftə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin videokonfrans formatında üçtərəfli görüşünün keçirilməsi planlaşdırılır.
Videokonfrans rejimində bu görüşün keçiriləcəyi barədə məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İnterfaks agentliyinə təsdiqləyib.
İnterfaks-ın mənbələri videokonfrans rejimində təşkil edilən tədbirlərin gələn həftənin əvvəlinə planlaşdırıldığını qeyd edib.
İnterfax eləcə də qeyd edib ki, daha əvvəl Rossiya-1 telekanalının bildirdiyinə görə, Rusiya, Azərbaycan və Ermənistan arasında ötən il imzalanmış üçtərəfli bəyanatın ildönümünə həsr olunmuş tədbir gələn həftə keçirilə bilər.
XİN Bayramov-Olson görüşü haqqında: "Post-münaqişə mərhələsində" bölgədəki vəziyyət müzakirə olunub

Şəklin mənbəyi, mfa.gov.az
Azərbaycan XİN başçısı Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisi Erika Olsonun "regional səfəri çərçivəsində Azərbaycana səfər etməsinin Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafı perspektivlərinin müzakirəsi, habelə regiondakı cari vəziyyətlə tanışlıq baxımından əhəmiyyət kəsb etdiyini bildirib", Azərbaycan XİN-in məlumatında deyilib.
"ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olson səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti ilə çox məhsuldar görüşün keçirildiyini qeyd edib", şənbə günü keçirilmiş görüşə dair Azərbaycan XİN-in məlumatında bildirilib.
"Azərbaycanın NATO-nun sülhməramlı missiyası çərçivəsində Əfqanıstanda təhlükəsizliyin təmin edilməsinə verdiyi dəstək yüksək qiymətləndirilib və bu xüsusda təşəkkür ifadə edilib."
Nazir Ceyhun Bayramov tərəfindən Azərbaycan və ABŞ "arasında uzun və uğurlu tərəfdaşlıq münasibətlərinin mövcud olduğu vurğulanıb."
"Görüşdə tərəflər post-münaqişə mərhələsində bölgədə mövcud olan cari vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Nazir üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən birtərəfli qaydada atılan addımlar ilə bağlı qarşı tərəfə məlumat verib", Azərbaycan XİN-i bildirib.
Bundan əvvəl ABŞ ötən ilki 44 günlük müharibədən zərər çəkmiş ərazilərdə minalardan təmizlənmə əməliyyatlarına maliyyə yardımı ayıracağını bəyan edib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada deyilir.
"Birləşmiş Ştatlar bölgədə sülhün və əməkdaşlığın inkişafı məqsədilə 2020-ci ilin payızında Cənub Qafqazda Ermənistan və Azərbaycan arasında yer alan intensiv atışma nəticəsində zərər çəkmiş ərazilərdə humanitar mina təmizləmə əməliyyatlarının həyata keçirilməsi üçün 500 min ABŞ dolları məbləğində yardımın ayrılmasını bəyan etməkdən məmnundur".
Açıqlamaya əsasən, ABŞ-ın maliyyə yardımı mina və partlamamış sursatların zərərsizləşdirilməsi ilə məşğul olan təşkilatların "texniki bacarıqlarının inkişafına" təkan verəcək.
Səfirliyin yaydığı bəyanat ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavininin bölgəyə səfərinə təsadüf edir. Erika Olson Ermənistan, Gürcüstan və Azərbaycana baş çəkib.

























