Erdoğan və Biden "Cənubi Qafqazda diplomatik səyləri" müzakirə ediblər

Şəklin mənbəyi, T.C. Cumhurbaşkanlığı
Romada G20 sammiti çərçivəsində Erdoğan-Biden və Erdoğan-Macron görüşləri keçirilib. Romada eləcə də Türkyiə və Rusiya xarici işlər nazirləri "Cənubi Qafqazda 3+3 mexanizminin işə salınması perspektivlərini müzakirə ediblər." Yerevan Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin uzadılmasında maraqlıdır - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Romada Erdoğan-Biden görüşü keçirilib
Türkiyə Prezidenti Recep Tayyip Erdoğan və ABŞ Prezidenti Joe Biden "Cənubi Qafqazda diplomatik səyləri" müzakirə ediblər.
Erdoğan-Biden görüşü Romada G20 sammiti çərçivəsində bazar günü keçirilib.
Görüşdə xarici işlər naziri Mevlüt Çavuşoğlu və ABŞ-ın dövlət katibi Antony Blinken də iştirak ediblər.
"Liderlər Suriyadakı siyasi prosesləri, ehtiyacı olan əfqanlara humanitar yardımın çatdırılmasını, Liviyadakı seçkiləri, Şərqi Aralıq dənizindəki vəziyyəti və Cənubi Qafqazda diplomatik səyləri müzakirə ediblər", Ağ Evin açıqlamasında qeyd olunub.
Prezident Biden Türkiyə ilə "konstruktiv münasibətləri davam etdirməyi, əməkdaşlıq sahələrini genişləndirməyi və fikir ayrılıqlarını səmərəli tənzimləmək istəyini vurğulayıb", məlumatda deyilib.
Ağ Evin açıqlamasına görə, Joe Biden "Türkiyənin NATO-nun Əfqanıstandakı missiyasına iyirmi ilə yaxın müddət ərzində verdiyi töhfələrə görə minnətdarlığını bildirib."
Prezident Biden "NATO müttəfiqi kimi Türkiyənin əhəmiyyətini vurğulayıb, lakin Türkiyənin Rusiyanın S-400 raket sisteminə malik olmasından narahatlığı" qeyd edib.
Joe Biden eləcə də "güclü demokratikinstitutların, insan haqlarına hörmətin və qanunun aliliyinin sülh və rifah üçün əhəmiyyətini vurğulayıb."

Şəklin mənbəyi, T.C. Cumhurbaşkanlığı
Türkiyə Prezidentinin Mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub ki, "müsbət şəraitdə keçən görüşdə ikitərəfli və regional məsələlər müzakirə edilib."
"Görüş zamanı iki lider Türkiyə ilə ABŞ arasında münasibətlərin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsinə dair müştərək iradə nümayiş etdirirərək bunun üçün birgə mexanizmin yaradılması barədə razılığa gəliblər."
Danışıqlar zamanı ikitərəfli ticarətin həcminin artırılması, NATO Alyansı və strateji partnyorluq kimi məsələlər üzrə müəyyən edilən müştərək perspektiv istiqamətində qarşılıqlı addımların atılmalı olduğu vurğulanıb.
Reuters agentliyinin bildirdiyinə görə, Erdoğan ilə Biden arasında danışıqlar 70 dəqiqə çəkib.
Erdoğan-Macron görüşü də baş tutub

Şəklin mənbəyi, T.C. Cumhurbaşkanlığı
Romada G20 sammiti çərçivəsində Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Fransa Prezidenti Emmanuel Macron ilə görüşüb.
Erdoğan-Macron görüşü 50 dəqiqə ərzində davam edib.
Lavrov və Çavuşoğlu 3+3 mexanizmini müzakirə ediblər

Şəklin mənbəyi, MIDRussia
Oktyabrın 30-da Romada G20 sammiti çərçivəsində görüşən Türkyiə və Rusiya xarici işlər nazirləri Mevlüt Çavuşoğlu və Sergey Lavrov "Cənubi Qafqazda 3+3 mexanizminin işə salınması perspektivlərini müzakirə ediblər."
Rusiya XİN-in məlumatına görə, görüşdə əsas diqqət mərkəzində "Balkanlarda və Cənubi Qafqazda vəziyyətin daha da sabitləşdirilməsi üçün iki ölkənin səylərinin əlaqələndirilməsi" məsələləri olub, 3+3 formatında regional mexanizmin işə salınması perspektivləri müzakirə edilib.
"İqtisadi və nəqliyyat əlaqələrinin açılması və Cənubi Qafqazda qarşılıqlı faydalı infrastruktur layihələrinin təşviqi məqsədilə 3+3 regional mexanizminin işə salınmasının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb", - Rusiua XİN-in məlumatında deyilib.
Cənubu Qafqaz regionynda iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı 3+3 regional əməkdaşlıq platforması ideyası ötən ilin dekabrında Türkiyə Prezidenti Recep Tayyip Erdoğan tərəfindən irəli sürülüb.
Bu platforma regionun 6 qonşu dövləti arasında (Türkiyə, Azərbaycan, Ermənistan, Rusiya, İran, Gürcüstan) qarşılıqlı faydalı əməkdaşlığı, o cümlədən nəqliyyat xətlərinin açılmasını nəzərdə tutur.
TASS: Yerevan Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin uzadılmasında maraqlıdır

Şəklin mənbəyi, Getty Images
Ermənistan Təhlükəsizlik şurası aparatından TASS-a bildiriblər ki, "Dağlıq Qarabağın statusunun yekun həllinə qədər Ermənistan Rusiya sülhməramlılarının qalma müddətinin uzadılmasında maraqlıdır."
"Hazırda vəziyyət təhlükəsizlik baxımından kifayət qədər stabil deyil. Bu yaxınlarda atəşkəs rejiminin pozulmalarının şahidi olduq, - Ermənistan Təhlükəsizlik şurasında TASS-a deyilib, - Demək, Dağlıq Qarabağın statusu məsələsinin həlli tapılanadək Rusiya sülhməramlı kontingenti faktoru mühüm olacaq".
Təhlükəsizlik şurası aparatında eləcə də vurğulayıblar ki, "Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ vətəndaşları olan ermənilərin təhlükəsizliyinin təmin edilməsinin mühüm faktorudur", TASS qeyd edib.
Ermənistan Təhlükəsizlik şurasından əlavə ediblər ki, "9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, müddətin bitməsinə 6 ay qalmış tərəflərdən biri başqa addım atmasa, Rusiya sülhməramlı kontingentinin qalma müddəti avtomatik olaraq daha 5 il uzadılır. Ermənistan üçtərəfli bəyanatın bu müddəası əsasında yaranmış situasiyanı Dağlıq Qarabağın statusu məsələsi həllini tapana qədər saxlamaq niyyətindədir", TASS bildirib.
"Ermənistan, Rusiya sülhməramlılarının qalma müddətinin uzadılması məsələsi də daxil, Qarabağla bağlı məsələlərin bütün spektrini Rusiya ilə müzakirə edir", Ermənistan Təhlükəsizlik şurası aparatından TASS-a bildiriblər.
Ötən ilin 44 günlük Qarabağ müharibəsindən sonra Azərbaycan prezidenti İlham Əliyev münaqişənin artıq həll olunduğunu bəyan edib.
Bakı "Dağlıq Qarabağ" adında ərazinin mövcud olmadığını vurğulayır. Bu ilin yayında Azərbaycanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılıb.





























