Türkiyə və Azərbaycan hərbi əməkdaşlığı müzakirə ediblər, Azərbaycan saxladığı iki iranlı sürücünü geri qaytarıb

Şəklin mənbəyi, Anadolu Agency/Getty Images
Türkiyə və Azərbaycan hərbi əməkdaşlığı "müzakirə ediblər", Gömrük Komitəsi bildirir ki, "humanizm, qarşılıqlı hörmət və mehriban qonşuluq" prinsiplərinə görə, iranlı sürücülər ölkələrinə geri qaytarılır, Türkiyə və Azərbaycan nümayəndələri hərbi sahədə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər, Çərşənbə günü Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun 8-ci iclası keçirilib, - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Türkiyə və Azərbaycan hərbi əməkdaşlığı müzakirə ediblər
Türkiyə və Azərbaycan nümayəndələri hərbi sahədə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəsmi açıqlamasında deyilir.
Məlumata əsasən, əməkdaşlıq barədə mövzu SHXÇDX-nın rəisi general-polkovnik Arzu Rəhimovla Türkiyənin Azərbaycandakı hərbi attaşesi general-mayor Zekeriya Yalçının arasında müzakirə olunub.
"Görüşdə Azərbaycan-Türkiyə arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb, hərbi sahədə əməkdaşlıq, o cümlədən hərbi xidmətə çağırış və səfərbərlik sahəsində təcrübə mübadiləsinin daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib", - SHXÇDX saytında yayılan açıqlamada deyilir.
Türkiyə ilə Azərbaycan hərbi əməkdaşlıq sahəsində yaxından əməkdaşlıq edirlər. Buraya Azərbaycan hərbçilərinin Türkiyədə təhsil alması, birgə hərbi təlimlərin keçirilməsi, texniki və elmi sahədə əməkdaşlıq daxildir.
İyun ayında Türkiyə və Azərbaycan liderləri "Şuşa bəyannəməsini" imzalayıblar. Bu sənəd, o cümlədən hərbi sahədə iki ölkənin daha yaxın fəaliyyətinin təşkilini nəzərdə tutur.
Azərbaycan saxladığı iki iranlı sürücünü geri qaytarıb

Şəklin mənbəyi, Azertag
Azərbaycan bu ilin sentyabrında saxladığı iki iranlı sürücünü öz ölkəsinə geri qaytarıb. Bu barədə Gömrük Komitəsi məlumat yayıb.
Bu ilin sentyabrında Azərbaycan Ermənistanın Gorus-Qafan yolunun onun ərazisindən keçən hissəsinə nəzarət etməyə başlayıb. Azərbaycan hüquq-mühafizə orqanlarının bu yoldan istifadə edən İran mənşəli sürücülərin sənədlərini yoxlamasından və onları gömrük rüsumuna cəlb etməsindən, o cümlədən iki iranlı sürücünü Azərbaycan ərazisinə qanunsuz keçməsi ittihamı ilə saxlamasından sonra Bakı ilə Tehran arasında münasibətlər gərginləşib.
Komitənin açıqlamasına görə, "Azərbaycan Respublikası humanizm, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərindən çıxış edərək və xoş niyyət nümayiş etdirərək İran İslam Respublikasının vətəndaşları Barzegar Haghı Jafar Ghazanfar və Norouzı Shahroud Heıdar müvafiq razılaşmaya əsasən oktyabrın 21-i səhər saatlarında öz ölkələrinə qaytarılıb".
Gömrük Komitəsi bildirir ki, bu şəxslər gömrük qaydalarını pozmuş, o cümlədən, Azərbaycanın mühafizə olunan dövlət sərhədini "müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq" keçdiklərinə görə saxlanılmışdılar.
Oktyabrın 20-də İran öz yük maşınlarının Ermənistandan Qarabağa getməsinə "qadağa qoyub".
İranın Beynəlxalq Daşımalar və Avtomobil Yollarının Tranziti və Nəqliyyat Təşkilatı rəhbəri Məhəmməd Cavad Hidayətinin müraciətində İran vətəndaşlarının və sürücülərin Azərbaycan Respublikasının Dağlıq Qarabağ və Laçın bölgələrinə girməsi qadağan edilir və Azərbaycan ərazisinə rəsmi sərhədləri xaricində hər hansı bir giriş Azərbaycanın ərazi bütövlüyünün pozulması hesab olunur.

Şəklin mənbəyi, Azertac
Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinləri görüşüblər
Oktyabrın 20-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə keçirilmiş üçtərəfli işçi qrupun 8-ci iclasında Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası perspektivləri nəzərdən keçirilib.
Rusiya hökumətinin yaydığı məlumata görə, iclasda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2021-ci il yanvarın 11-də imzaladıqları Bəyanat çərçivəsində görülən işlərin gedişi müzakirə olunub.
Görüşdə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Rusiya baş nazirinin müavini Aleksey Overçuk və Ermənistan baş nazirinin müavini Mger Qriqoryan iştirak ediblər.
Rusiya hökumətinin verdiyi məlumata görə, tərəflər 8-ci iclasın ikinci hissəsinin yaxın vaxtlarda keçirilməsinə razılaşıblar.
Azərbaycan görüşlə bağlı təfərrüatlı məlumat verməyib.
Azadlıq Radiosunun erməni xidməti yazır ki, görüş bağlı qapılar arxasında keçib.
Media orqanı öz mənbələrinə istinadən xəbər verir ki, tərəflər əsas məsələlərlə bağlı hələ razılığa gələ bilməyiblər.
Oktyabrın 20-də İkinci Qarabağ müharibəsi zamanı işğaldan azad olunmuş, Ermənistanla sərhəddə yerləşən Zəngilana səfər edən Azərbaycan Prezidenti Zəngilanda beynəlxalq hava limanının olacağını və rayonun ölkənin nəqliyyat-logistika mərkəzinə çevriləcəyini deyib.
O əlavə edib ki, Moskvadakı üçtərəfli işçi qrupun görüşündə nəqliyyat kommunikasiyası ilə bağlı Azərbaycanın mövqeyi bir daha səslənəcək: "Beləliklə, Zəngilanda müasir logistika-nəqliyyat mərkəzi, yük təyyarələri, sərnişin təyyarələri, dəmir yolu qovşağı, avtomobil yolları - bütün infrastruktur qurulacaq".
Ermənistan baş nazirin müavini Mher Qriqoryan Moskva səfərindən əvvəl jurnalistlərə verdiyi açıqlamasında bildirmişdi ki, Ermənistanın regionda kommunikasiyaların bərpası və dəmiryolunun açılmasına dair "müəyyən təsəvvürləri" var.
Bu görüş ərəfəsində Ermənistan mediası Azərbaycanın Ermənistana 5 erməni hərbçisini geri verdiyini bildirib. Ermənistan müharibədən sonra saxlanan erməni hərbçilərin "əsir" olduğunu deyir, Azərbaycan isə bildirir ki, onlar müharibənin bitməsindən sonra ölkəyə daxil olub və anti-terror əməliyyatı zamanı saxlanaraq məhkəmədə mühakimə ediliblər.
Azərbaycan və Ermənistan 1 il əvvəl baş vermis və 44 gün çəkmiş İkinci Qarabağ müharibəsindən sonra regionda nəqliyyat kommunikasiyalarının açılmasını istəsələr də, hələlik bu istiqamətdə konkret addımlar atılması üçün razılığa gələ bilməyiblər.




























