Azərbaycanda saxlanılan beş erməni Ermənistana "təhvil verilib"

Çap edildi

Azərbaycanda saxlanılan beş erməni Ermənistana "təhvil verilib", Ermənistan baş nazir müavini Moskvaya gedir, Azərbaycan hərbçiləri Laçında komanda-qərargah təliminə başlayıblar - BBC News Azərbaycancanın xəbərlərin icmalında oxuyun.

Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Bakıda həbsdə saxlanan beş ermənini Ermənistana təhvil verib, media xəbər verir.

Bu axşam Ermənistanın yerli KİV-i onların Yerevana çatdığını nümayiş etdirib.

Azərbaycan mediasına əsasən, təhvil verilənlər Azərbaycan Ordusuna qarşı ağır cinayətlər törətmədiklərinə görə geri qaytarılıb.

Onların təhvil verilməsi Rusiya sülhməramlı kontingentinin keçmiş komandanı general Rüstəm Muradovun iştirakı ilə baş verib, Ermənistan və Rusiya mediası yazır.

Ermənistan ölkəyə qaytarılmış hərbçilərin "əsir" olduğunu bildirir. Azərbaycan ölkədə "hər hansı əsir olmadığını, sözügedən ermənilərin müharibənin bitməsindən sonra ölkəyə daxil olduğunu və onların antiterror əməliyyatı zamanı saxlanıb məhkəmədə mühakimə edildiyini" deyir.

Ermənistan - Azərbaycan sərhədində demarkasiya prosesi "başlanmayıb"

Ermənistan baş nazir müavini Moskvaya gedir, Azərbaycan hərbçiləri Laçında komanda-qərargah təliminə başlayıblar -BBC News Azərbaycancanın xəbərlərin icmalında oxuyun.

Ermənistan baş nazir müavini Mher Qriqoryanın başçılığı ilə Ermənistan hökumət nümayəndə heyəti oktyabrın 20-də ikigünlük səfərlə Moskvaya yollanacaq. Bu barədə Ermənistan hökumətinin rəsmi saytında məlumat verilib.

Səfərin məqsədi barədə saytda məlumat verilmir, lakin bəzi yerli informasiya agentlikləri yazırlar ki, Moskvada Ermənistan, Azərbaycan və Rusiya baş nazir müavinləri Mher Qriqoryan, Şahin Mustafayev və Aleksey Overçukun iştirakı ilə üçtərəfli işçi qrupun görüşü keçiriləcək.

Azərbaycanda bu barədə hələ ki məlumat yoxdur.

Mher Qriqoryan Moskvada gözlənilən görüşün bəzi təfərrüatlarını açıqlayıb.

Onun sözlərinə görə, Ermənistanın regionda kommunikasiyaların bərpası və dəmiryolunun açılmasına dair müəyyən təsəvvürləri var.

"Dəmir yoluna dair müəyyən təsəvvür formalaşıb, blokun aradan qaldırılmasının MDB ölkələrinin normativ-hüquqi bazası çərçivəsində aparılması barədə ilkin razılaşma mövcuddur. Biz avtomobil yolları məsələlərini müzakirə etməliyik. Ermənistanın prioriteti bütün nəqliyyat yollarının tamamilə açılmasıdır", o deyib.

Ermənistan nümayəndə heyətinə XİN başçısının müavini Armen Ğevondyan, ərazi idarəetmə və infrastruktur nazirinin müavini Armen Simonyan da daxildirlər.

Komissiyanın işi sərhəddə vəziyyətin gərginləşməsinə görə müvəqqəti dayandırılmışdı.

Ermənistan, Azərbaycan və Rusiya baş nazir müavinlərinin həmsədrliyi ilə işçi qrupun yaradılması haqqında 2021-ci il yanvarın 11-də Ermənistan Baş naziri, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin danışıqlarından sonra elan olunub.

Demarkasiya prosesi "başlanmayıb"

Ermənistanla Azərbaycan sərhədində demarkasiya prosesinin başlanması haqqında təsəvvür yanlışdır, Mher Qriqoryan jurnalistlərlə söhbətində həmçinin deyib.

Daha əvvəl sosial şəbəkələrdə xəbər yayılmışdı ki, Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası sayəsində Qafan yaxınlığındakı Pela adlanan təpə Azərbaycanın nəzarəti altına keçib.

"Hazırda bütün sənədlər öyrənilir, lakin təmaslar səviyyəsində demarkasiya və delimitasiya prosesi yoxdur", - o deyib.

Qriqoryanın sözlərinə görə, əvvəlcə sərhədlərlə bağlı bütün hüquqi bazalar, və ilk növbədə, iki tərəf arasında razılıq və imzalar olan sənədlər öyrənilməlidir.

"Yalnız bundan sonra hər hansı xəritələr [minalanmış ərazilərin] haqqında danışmaq mümkün olar, çünki bu bazalar olmadan xəritələr eləcə sxemlərdir. Xəritələr hazırda üzərində işlədiyimiz, öyrənib ümumiləşdirdiyimiz hüquqi bazalara əsaslanmalıdır. Hər hansı prosesi keçirmək məqsədilə xəritələr haqqında analizdən sonra danışmaq olar", - Qriqoryan qeyd edib.

Onun sözlərinə görə, prosesləri olduqca çətinləşdirən xeyli problem vardır.

Daha əvvəl Qafanın meri Gevorq Parsyan da bəyan edib ki, Pela təpəsi Bakının nəzarəti altına keçib və yüksəklikdə Azərbaycan sərhədçiləri yerləşib.

Bundan sonra isə Ermənistan Milli Təhlükəsizlik Xidməti ərazidə heç bir dəyişiklik baş vermədiyi və Ermənistan sərhədçilərinin xidmət etdiyini bildirib.

Rəsmi Bakıdan bununla bağlı hələ ki reaksiya yoxdur.

Azərbaycan Prezidenti İlham Əliyev iyul ayında bəyan edib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. "Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir,"- Prezident Əliyev deyib.

Azərbaycan hərbçiləri Laçında komanda-qərargah təliminə başlayıblar

Azərbaycan hərbçiləri çərşənbə axşamından etibarən Laçında təlimlərə başlayıblar.

Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb ki, Quru Qoşunlarının keçirdiyi komanda-qərargah təlimi bu ilin hazırlıq planına uyğun olaraq aparılır.

"Təlim kommunikasiya vasitələrinin geniş tətbiqi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunur. Komanda-qərargah təlimində müasir idarəetmə üsullarının icra edilməsi ilə Quru Qoşunlarının digər qoşun növləri ilə qarşılıqlı əlaqədə fəaliyyəti yoxlanılır", - nazirliyin məlumatında deyilir.

Laçın rayonunun bir hissəsi olan Laçın dəhlizi Ermənistanı Azərbaycanın Qarabağ bölgəsi ilə birləşdirir. İkinci Qarabağ müharibəsindən sonra eni 5 kilometr olan Laçın dəhlizinə hazırda Rusiya sülhməramlıları nəzarət edir.

Azərbaycan bundan bir müddət əvvəl Laçında Türkiyə hərbçiləri ilə birgə hərbi təlim keçirmişdi.

Azərbaycanın qərbində, Kiçik Qafqazda yerləşən Laçın rayonu İkinci Qarabağ müharibəsini sonlandıran 10 noyabr üçtərəfli bəyanatına əsasən, ötən il dekabrın 1-də, 28 illik işğaldan sonra Azərbaycana qaytarılıb.