Ermənistan və Azərbaycan dini liderləri Moskvada görüşüblər

Şəklin mənbəyi, RIA Novosti
Moskvada Danilov monastırında Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin iştirakı ilə bütün ermənilərin Katolikosu 2-ci Qaregin və Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin görüşü keçirilib.
Görüşün yekunlarına görə Patriarx Kirill bəyanat qəbul edib.
"Ermənistan-Azərbaycan münasibətlərinin hazırkı mərhələsindəki çətinliklərə baxmayaraq, hesab edirik ki, məhz Allaha inam, sevgi çoxillik faciəvi qarşıdurmanın yaralarını sağalda bilər. Bu, ruhani müdriklik tələb edən çox çətin yoldur.
Azərbaycan və Ermənistan xalqları üçün birlikdə yaşamaqdan başqa gələcək yoxdur. Bu gün insanların bir-birinə etimadını bərpa etmək, yenidən qonşuya hörmətlə yanaşmağı öyrənmək və qarşılıqlı yardıma hazır olmaq çox vacibdir.
Belə rəftarın rəhni dini irsə, tarixi abidələrə və əzarlara, başqa dinə məxsus insanların hisslərinə hörmətlə yanaşmaq, bu dünyanı tərk edənlərin xatirəsini qayğı ilə qorumaqdır."
Dini liderlər öz nüfuzlarından xalqlar və dinlər arasında mehriban qonşuluq ab-havasının qorunması üçün istifadə etməlidir.
İtkin düşənlərin taleyinə aydınlıq gətirilməsinə, hərbi əsirlərin geri qaytarılmasına yardım etməyə çağırırıq. Dini liderlər Azərbaycan və Ermənistan xalqlarını indiki və gələcək nəsillərin rifahı, çiçəklənməsi naminə barışdırmaq üçün kömək etməyə hazırdır. Rus Pravoslav Kilsəsi özünə yaxın iki xalqın barışması üçün dua edir və Cənubi Qafqazda möhkəm və ədalətli sülhün bərqərar olması üçün kömək etməyə hazırdır", - bəyanatda qeyd olunub.
Ermənistan müharibədən sonra Azərbaycanda saxlanan hərbçiləri "hərbi əsir" adlandıraraq geri qaytarılmasını istəyir. Azərbaycan onları əsir kimi tanımır və Cinayət Məcəlləsi əsasında mühakimə edib, onlardan bir neçəsi artıq Yerevana qaytarılıb. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bütün hərbi əsirləri geri qaytardığını deyir.
Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin sonuncu üçtərəfli görüşü 4 il əvvəl Moskvada keçirilib.


























