Ermənistan və Rusiya müdafiə nazirləri Ermənistan-Azərbaycan sərhədini müzakirə edib

Sergey Şoyqu və Arşak Karapetyan

Şəklin mənbəyi, Rusiya MN

Çap edildi

Ermənistan və Rusiya müdafiə nazirləri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.

Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, Ermənistanın müdafiə naziri Arşak Karapetyan və Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada görüşərək Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyətlə bağlı məsələləri müzakirə edib.

Məlumata görə nazirlər həmçinin Ermənistanla Rusiya arasında müdafiə sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələləri barədə danışıblar.

Bundan əvvəl Karapetyan avqustun sonlarında Moskvada olub və Rusiyanın təşkil etdiyi "Ordu-2021" hərbi sənaye sərgisinin və Beynəlxalq Ordu Oyunlarının açılış mərasimində iştirak edib.

BBC News Azərbaycancanın icmalında həmçinin oxuyun:

Putin və Paşinyan oktyabrın 12-də görüşəcəklər, Prezident İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib, Hadrutda yeni məscidin 35 kilovoltluq yeni "Hadrut" yarımstansiyasının təməli qoyulub.

Paşinyan və Putin oktyabrın 12-də görüşəcəklər

Putin və Paşinyan

Şəklin mənbəyi, Kremlin.ru

Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında gözlənilən görüş oktyabrın 12-də Moskvada keçiriləcək.

TASS xəbər agentliyi yazıb ki, onların görüşü zamanı "Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Dağlıq Qarabağla bağlı 9 Noyabr 2020 və 11 Yanvar 2021-ci il tarixli bəyanatlarının həyata keçirilməsinin, eləcə də sabitliyin möhkəmləndirilməsi üçün əlavə addımların nəzərdən keçirilməsi planlaşdırılır".

Daha əvvəl TASS-a Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün keçiriləcəyi ilə bağlı məlumat verib.

"Bəli. Belə bir görüş hazırlanır", - Peskov TASS-ın sualına cavab olaraq deyib.

2021-ci ildə Putin və Paşinyan arasında üç görüş keçirilib, onlar 10 dəfədən çox telefonla danışıblar.

Ötən həftə Paşinyanın mətbuat katibi Mane Gevorkyan Moskvada Putin-Paşinyan görüşünün "yaxın günlərdə" baş tutacağını bildirmişdi.

Ermənistanın müdafiə naziri Arşak Karapetyan Rusiyaya işgüzar səfərə gedib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Səfərin məqsədi və gündəliyi barədə hələlik açıqlama verilməyib.

Əliyev: "Cəbrayıldan sonra Hadruta gedəcəyimizi Ermənistan gözləmirdi"

Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı Prezident Əliyev "Hadrut qəsəbəsinin işğaldan azad olunmasının" birinci ildönü ilə bağlı görüş iştirakçılarını və Azərbaycan xalqını təbrik edib.

Əliyevin sözlərinə görə, Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyət daşıyan əməliyyatdır.

"Həm hərbi nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük əhəmiyyəti var idi. Bu əməliyyatın uğurla başa çatması bizə imkan verdi ki, öz hədəfimizə - Qarabağın azad edilməsinə nail olaq. Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir, çünki dağlıq ərazidir. Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi", - Əliyev deyib.

"Hadrut əməliyyatının əhəmiyyəti ondadır ki, Ermənistan rəhbərliyi və Ermənistan ordusu gözləmirdi ki, biz Cəbrayıldan sonra Hadrut istiqamətinə gedəcəyik, - Azərbaycan Prezidenti deyib, -Hərbi nöqteyi-nəzərdən Hadrutu götürmək doğrudan da çox böyük fədakarlıq və peşəkarlıq tələb edirdi."

"Bizim üçün bütün torpaqlar bizim torpaqdır - istər Füzuli olsun, istər Cəbrayıl olsun, istər Zəngilan olsun, istər Hadrut olsun, Şuşa olsun, Suqovuşan olsun. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşən yaşayış qəsəbələrini işğalçılardan azad etmək Ermənistana göstərdi ki, Ermənistan torpaqlarımızdan çıxmaq haqqında öhdəlik götürməyənə qədər biz dayanmayacağıq və dayanmadıq. Ona görə Hadrut əməliyyatının həm strateji, həm tarixi, həm mənəvi-psixoloji baxımdan çox böyük əhəmiyyəti var idi. Bu gün keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Hadrut rayonu işğalçılardan tam azad edilmişdir", - Prezident Əliyev söyləyib.

İlham Əliyev

Şəklin mənbəyi, President.az

Azərbaycan Prezidenti qeyd edib ki, müharibə başa çatandan sonra "Ermənistanın Şirak vilayətindən keçmiş Hadrut rayonunun bəzi kəndlərinə xüsusi diversiya qrupu göndərilmişdi."

"Onlar noyabrın sonlarında Laçın dəhlizindən keçərək bu bölgələrə daxil oldular və bildiyiniz kimi, tərksilah edildilər, həbs olundular, - Əliyev davam edib. - Cinayət törətməmiş hərbçilər geri qaytarıldı, cinayət törətmiş hərbçilər, diversantlar artıq məhkəmə qarşısında cavab verməli oldular. Yəni, onu demək istəyirəm ki, hətta müharibə başa çatandan, Ermənistan kapitulyasiya aktına imza atandan təxminən 20 gün, iki həftə sonra onlar yenə də Hadruta hücum etməyə çalışdılar."

"Azərbaycanın inzibati-ərazi bölgüsünə görə Hadrut qəsəbəsi Xocavənd rayonunun tərkib hissəsidir və vaxtilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olan Hadrut və Martuni rayonları birləşdirilərək, - onları biz birləşdirdik, - Xocavənd rayonu yaradıldı. Onu da bildirməliyəm ki, keçmiş Martuni rayonunun da təqribən 55-60 faizi işğalçılardan azad edilib və Azərbaycan vətəndaşları o bölgələrə də qayıdacaqlar", - Azərbaycan Prezidenti vurğulayıb.

İlham Əliyev yeni "Hadrut" yarımstansiyasının təməlini qoyub

İlham Əliyev

Şəklin mənbəyi, Azertag

Prezident İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib.

Azərbaycan Prezidenti Hadrut qəsəbəsində yeni məscidin təməlini qoyub, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olub, 35 kilovoltluq yeni "Hadrut" yarımstansiyasının təməlini qoyub.

İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, daha sonra onlarla birlikdə Tuğ kəndinə gedib, rəsmi məlumatda deyilib.

Yeni "Hadrut" qovşaq yarımstansiyasının təməlqoyma mərasimi zamanı "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov bildirib ki, "müasir tipli bu yeni yarımstansiya Xocavənd rayonunun bir hissəsinin, Şuşa və ətraf ərazilərin elektrik təchizatının etibarlılığını və dayanıqlılığını təmin edəcək."

"Yarımstansiyada Ağıllı Elektrik Şəbəkələrinin İdarəolunması Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin artırılmasına zəmin yaradacaq."

Bakı Hərbi Dəniz Qüvvələrinin komanda-qərargah təlimini keçirəcək

Bakı

Şəklin mənbəyi, MOD.GOV.AZ

Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən Hərbi Dəniz Qüvvələrinin komanda-qərargah təlimi keçiriləcək, nazirliyin mətbuat xidməti bildirib.

"Oktyabrın 11-dən etibarən Xəzər dənizinin Azərbaycana məxsus sektorunda Hərbi Dəniz Qüvvələrinin (HDQ) komanda-qərargah təlimi keçiriləcək", məlumatda deyilib.

Hərbi gəmilərin və dəniz xüsusi təyinatlılarının iştirakı ilə keçiriləcək təlimdə Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturlarının mühafizə və müdafiəsi üzrə tapşırıqlar icra olunacaq.

Komanda-qərargah təlimi oktyabrın 13-dək davam edəcək.