Ermənistan müdafiə naziri “Azərbaycanın irəliləmə cəhdlərinin qarşısını almaq” göstərişi verib, Azərbaycan Türkiyəyə əlavə 40 yanğınsöndürən maşını göndərir

Arşak Karapetyan, Ermənistan müdafiə naziri

Şəklin mənbəyi, Armenpress

Şəklin alt yazısı, Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan müdafiə naziri Arşak Karapetyanın açıqlamasına reaksiyası bəlli deyil.
Çap edildi

Ermənistan Müdafiə Nazirliyində "Ermənistan-Azərbaycan sərhədində vəziyyət, qarşı tərəfin təxribatları və buna qarşı durmaq üzrə tədbirlər" adlı müzakirə keçirilib, Azərbaycan və Ermənistan sərhəddə atəşkəsin pozulduğunu deyib. Azərbaycan Türkiyəyə əlavə 40 yanğınsöndürən maşını göndərir.- Bu günün xəbərlər icmalında oxuyun.

Ermənistan müdafiə naziri Azərbaycanın "hər hansı irəliləmə və ya öz mövqelərinin yaxşılaşdırmaq cəhdlərinin qarşısının alınması üzrə ciddi göstərişlər verib".

Nazir Arşak Karapetyan bu barədə qurumun kollegiya iclasında, "Ermənistan-Azərbaycan sərhədində vəziyyət, qarşı tərəfin təxribatları və buna qarşı durmaq üzrə tədbirlər"ə dair müzakirə zamanı deyib, Ermənistan Müdafiə Nazirliyi bildirib.

Azərbaycan Müdafiə Nazirliyi bu məsələ ilə bağlı açıqlama verməyib.

"Sədərək-Yeraxs istiqamətində atəşkəs pozulub"

əsgər, atəş

Şəklin mənbəyi, NurPhoto

Şəklin alt yazısı, Azərbaycan Müdafiə Nazirliyi həm dünən axşam, həm də bu gün 12 radələrində atəşkəsin pozulduğunu açıqlayıb.

Azərbaycan MN cümə günü saat 12:45-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələrinin Vedi rayonunun Arazdəyən (Yeraxs-red.) yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutduğunu açıqlayıb.

Azərbaycan həlak olan və yaralananların olmadığını bildirib.

Azərbaycan MN-in məlumatına görə, qarşı tərəf cavab atəşi ilə susdurulub və əməliyyat şəraiti bölmələrin nəzarəti altındadır.

Ermənistan da eyni gündə, amma saat 12:10-a yaxın radələrdə Ermənistan-Azərbaycan sərhədi hissəsində yerləşən Yerasx (Arazdəyən-red.) yaxınlığında Ermənistan SQ mövqelərinin atəşə tutulduğunu bildirib.

Nəticədə mövqelər arasında ot yanmağa başlayıb, Ermənistan Müdafiə Nazirliyi açıqlayıb.

"Ermənistan tərəfi qarşı tərəfin atəşini dəf etmək üzrə tədbirlər görür", qurum bildirib.

Ermənistan MN-i zərərçəkənlərin olmadığını bildirib.

Azərbaycan Müdafiə Nazirliyi cümə axşamı gecəsi də mövqelərinin bir neçə dəfə atəşə tutulduğunu açıqlamışdı.

Qurumun məlumatında deyilib ki, avqustun 5-i saat 23:00-da və 23:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Sədərək rayonunun Heydərabad, Kəlbəcər rayonunun İstisu yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Qurum Azərbaycan tərəfindən yaralanan və həlak olanların olmadığını bildirib.

Ermənistan tərəfinin bununla bağlı reaksiyası bəlli deyil.

Ermənistanın müdafiə naziri Rustam Muradovla "görüşüb"

Ermənistan mediası onu da yazır ki, Ermənistanın müdafiə naziri Arşak Karapetyan ötən gün Qarabağa yerləşdirilmiş Rusiya sülhməramlılarının komandiri Rustam Muradovla görüşüb və onunla Rusiyanın sülhməramlı missiyasından və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən danışıb.

Ermənistan mediasına görə, Rusiya sərhəddə son vaxtlar baş vermiş gərginlikdən "ciddi narahatdır".

Türkiyənin Milli Təhlükəsizlik Şurası cümə axşamı günü yaydıqları bəyanatda Ermənistanı "aqressiv ritorikadan və hərəkətlərdən uzaqlaşmağa və Cənubi Qafqazda stabillik və sülh üçün yaranmış şəraitdən yararlanmağa" çağırıb.

Ermənistan-Azərbaycan sərhədində son günlər baş vermiş atışma nəticəsində azı üç erməni əsgəri ölüb, hər iki tərəfdən yaralılar var.

Tərəflər sərhəddə atəşkəsin pozulmasına görə bir-birini ittiham edirlər.

Erdoğan və İlham Əliyev

Şəklin mənbəyi, Prezident.az

Şəklin alt yazısı, 15 iyun 2021 (İlham Əliyevin Türkiyə Prezidenti Erdoğanı Füzuli rayonunda qarşılaması vaxtı çəkilən foto)

"Azərbaycan Türkiyənin yanındadır"- İlham Əliyev

Azərbaycan Türkiyəyə əlavə 40 ədəd yanğınsöndürən maşını göndərir.

Onların sabah yanğın zonasına yetişəcəkləri gözlənilir.

Bununla da ərazidə xidmət göstərən yanğınsöndürən maşın və texnikanın sayının 93-ə çatdırılacaq, Prezident İlham Əliyev türkiyəli həmkarı Recep Tayyip Erdoğanla telefon zəngində deyib.

Cənab Əliyev indiyədək yanğın zonasına 1 helikopter, 1amfibiya tipli yanğınsöndürən təyyarə və 150 nəfər əlavə heyət göndərməklə orada 510 nəfər yanğınsöndürənin fəaliyyət göstərdiyini bildirib.

O, həmçinin Türkiyəyə əlavə 200 nəfər xüsusi təlim keçmiş yanğınsöndürən heyəti göndərməyi təklif edib.

Prezident Əliyev Prezident Erdoğana meşə yanğınları nəticəsində insanların həlak olması əlaqədar başsağlığı da verib və yanğınların söndürülməsi və onların törətdiyi fəsadların qarşısının alınmasında Azərbaycanın Türkiyənin yanında olduğunu bildirib.

Prezident Erdoğanın "bu əlavə dəstəyə görə təşəkkür etdiyi" qeyd olunur.