Qarabağdakı rusiyalı sülhməramlıların yeni komandanı Ermənistanda

Şəklin mənbəyi, Ermənistan Müdafiə Nazirliyi
Qarabağdakı rusiyalı sülhməramlıların yeni rəhbəri Mixail Kosobokov Yerevana səfər edib, Gələn ilin dövlət büdcəsində əmlak və kapital amnistiyası, sabit manat məzənnəsi, vergi və gömrük güzəştlərinə yenidən baxılması gözlənir, daha ətraflı BBC News Azərbaycancanın icmalında
Yerevanda Ermənistan müdafiə naziri Arşak Karapetyan Rusiya sülhməramlı kontingentin komandanı, general-mayor Mixail Kosobokovla görüşüb.
Arşak Karapetyan general Kosobokovu vəzifəyə təyin olunması münasibətilə təbrik edib və Rusiyanın bölgədə "hərbi-siyasi vəziyyətin sabitləşdirilməsinə yönəlmiş səylərini və Dağlıq Qarabağda sülhməramlı missiyasını yüksək qiymətləndirib".
Ermənistan müdafiə naziri, həmçinin Ermənistanda yerləşən 102 saylı Rusiya bazasının mühüm rolu və əhəmiyyətini qeyd edib, məlumatda deyilir.
Qarabağdakı Rusiya sülhməramlı kontingentin komandanı vəzifəsində Rüstəm Muradovu əvəz etmiş Mixail Kosobokov bundan əvvəl Cənubi Qafqaz Hərbi Dairəsindəki 58 saylı ümumqoşun ordusu komandanının müavini olub.

Şəklin mənbəyi, Reuters
Azərbaycanda gələn il manatın dollara nisbətdə ucuzlaşmayacağı gözlənir.
Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında deyilir ki, milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcək.
Ona görə də 2022-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 səviyyəsində götürülüb.
Azərtac xəbər verir ki, gələn büdcə layihəsində 1 barel neft 45 dollar civarında nəzərdə tutulub.
Gələn il kapital və əmlakın amnistiyası gözlənir. Maliyyə Nazirliyi hesab edir ki, bu addım kölgə iqtisadiyyatı ilə mübarizənin davam etdirilməsində və ədalətli rəqabət mühitinin dəstəklənməsində "mühüm rol oynayacaq".
2022-ci ildə investisiya qoyuluşunu təşviq edən əlavə xüsusi vergi imtiyazlarının yaradılması nəzərdə tutulur.
İşğaldan azad edilən ərazilərin inkişafının təşviqi üçün xüsusi vergi rejiminin tətbiq olunması, yeni istehsal sahələrinin qurulmasına görə kapital qoyuluşlarına uyğun güzəştlərin nəzərdən keçirilməsi də planlaşdırılır.
Gələn ilin büdcəsində Qarabağda işğaldan azad edilmiş ərazilərin bərpasına vəsait ayrılıb və oradakı yenidənqurma işləri Strateji Fəaliyyət Planı üzrə vahid konsepsiya əsasında həyata keçiriləcək.
Maliyyə Nazirliyi onu da açıqlayıb ki, vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin, həmçinin büdcə, iqtisadi və sosial baxımdan səmərəliliyinin qiymətləndirilməsinin nəticələrindən asılı olaraq, güzəştlərə yenidən baxılacaq.
2022-ci ildə dövlət büdcəsinin gəlirlərinin 26 milyard 407 milyon manat, xərclərinin 28 milyard 974 milyon manat, kəsirin 2 milyard 567 milyon manat olacağı proqnozlaşdırılır.
Bu ilin büdcəsinidə gəlirlər 25 milyard 427 milyon, xərcləri 28 milyard 543 milyon manatdır.






























