Azərbaycanda karantin uzadıldı, toylarda Covid-19 pasportu istəniləcək

Azərbaycanda karantin rejimi uzadıldı, toylarda koronavirus pasportuna olan tələblər sərtləşdirilir; Putin və Paşinyan Qarabağ və Ermənistan-Azərbaycan sərhədindəki mövcud vəziyyəti müzakirə ediblər; Ermənistan Gorus-Qafan yolunda nəzarət-keçid məntəqələrinin olmadığını bildirir, - BBC News Azərbaycancanın icmalında oxuyun.
Azərbaycanda xüsusi karantin rejimi 1 noyabr 2021 -ci ilədək uzadılıb.
Nazirlər Kabinetinin qərarı ilə həmçinin ictimai nəqliyyat və metropolitenin fəaliyyətinə qoyulan müvafiq məhdudiyyətlərin müddəti də uzadılır.
Qərara əsasən ictimai nəqliyyat və metropoliten bu günlərdə işləməyəcək.
4 sentyabr saat 00:00-dan 6 sentyabr saat06:00-dək,
11 sentyabr saat 00:00-dan 13 sentyabr saat 06:00-dək,
18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək,
25 sentyabrsaat 00:00-dan 27 sentyabr saat 06:00-dək,
2 oktyabrsaat 00:00-dan 4 oktyabr saat 06:00-dək,
9 oktyabr saat 00:00-dan11 oktyabr saat 06:00-dək,
16 oktyabr saat 00:00-dan 18 oktyabrsaat 06:00-dək,
23 oktyabr saat 00:00-dan 25 oktyabr saat 06:00-dək,
30 oktyabr saat 00:00-dan 1 noyabr saat 06:00-dək,
Bu Qərar 2021-ci il 1 sentyabr saat 06:00-dan qüvvəyə minir.
Şənbə qəbul olunan daha bir qərarla toylarda koronavirus pasportuna olan tələblər sərtləşdirilib.
Belə ki, sentyabrın 1-dən etibarən 50 nəfərədək insanın iştirak etdiyi toylara COVID-19 pasportunun təqdim olunması tələb olunacaq.
"Bu Qərar qəbul olunanadək 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburi idi və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmurdu".
Şənbə günü Nazirlər Kabinetinin saytında dərc olunan qərarda deyilir ki, 150 nəfərədək şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasiminə dair tələblər iştirakçı sayı 50 nəfərə qədər olan şənlik mərasimlərinə də şamil olunacaq.

Şəklin mənbəyi, Kremlin.ru
Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki mövcud vəziyyəti və Qarabağ məsələsini müzakirə ediblər. Bu barədə Kremlin mətbuat xidməti bildirir.
"9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyannamələrdə qeyd olunan razılaşmaların icrası kontekstində Dağlıq Qarabağ nizamlanmasının aktual məsələləri, habelə Ermənistan-Azərbaycan sərhədindəki hazırkı vəziyyət müzakirə edilib", - Rusiya Prezidentinin rəsmi saytında açıqlamada deyilir.
Rəsmi məlumata əsasən, tərəflər arasında müxtəlif səviyyələrdə gələcək təmaslar barədə razılıq əldə olunub.
Cümə günü Ermənistan avqustun 25-dən bağlı olan Qafan-Gorus yolunun açıldığını bildirib.

Şəklin mənbəyi, Ombudsman.am
Gorus-Qafan yolunda "nəzarət-keçid məntəqələri yoxdur"
Ermənistan Milli Təhlükəsizlik Xidməti Sərhəd Qoşunlarının komandanı, Gorus-Qafan yolunda guya Rusiya-Azərbaycan keçid məntəqələrinin quraşdırıldığı barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.
"Heç bir nəzarət-keçid məntəqələri yoxdur. Yol açıqdır, bütün nəqliyyat növləri üçün hərəkət bərpa edilib ", - polkovnik Arman Maralçyanın sözləri Armenpress-də iqtibas olunur.
Bundan əvvəl bəzi agentliklər yolda Rusiya-Azərbaycan keçid məntəqələrinin olduğu barədə məlumat yaymışdır.
Azərbaycan bu məlumatlar münasibət bildirməyib.
Həmçinin oxuyun:




























