Tələbələrdən, restoran və iri ticarət mərkəzlərinə gedənlərdən COVID-19 pasportu tələb olunacaq

Şəklin mənbəyi, Anadolu Agency via Getty Images
Bu gün Operativ Qərargahda keçirilən brifinqdə TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib ki, Azərbaycanda koronavirusa yoluxma halları son günlər ərzində 5 faizədək artıb. Azərbaycan və Ermənistan bu gecə bir-birini atəşkəsi pozmaqda ittiham edib - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Azərbaycanda ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə getmək istəyən yaşı 18-dən yuxarı olan bütün şəxslərdən COVID-19 pasportu tələb olunacaq.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarda bildirilir ki, bu il sentyabrın 1-dən etibarən dövlət orqanlarının əməkdaşlarının, bütün tibb və əczaçılıq müəssisələrinin və bütün elm və təhsil müəssisələrinin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir.
Bundan başqa, ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərdən COVID-19 pasportu tələb olunacaq.
"Yoluxma halları artıb"
Azərbaycanda koronavirusa yoluxma halları son günlər ərzində 5 faizədək artıb, - TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, ən çox virusa yoluxanlar 30-35 yaş arasındakı şəxslər, yoluxmanın ən çox qeyd olunduğu şəhər Bakı, Bakı şəhərində isə Binəqədi rayonudur.
Prezidentin köməkçisi Şahmar Mövsümov açıqlayıb ki, Azərbaycanda koronavirusdan vəfat edənlərin 99 faizi bu virusa qarşı peyvənd olunmayan şəxslərin payına düşür.

Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi
Azərbaycan və Ermənistan bu gecə bir-birini atəşkəsi pozmaqda ittiham edib.
Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Azərbaycan mövqelərini atəşə tutub, Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb.
"İyulun 26-sı saat 03:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutub," - nazirliyin məlumatında deyilir.
Qurum Azərbaycan ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən "adekvat cavab tədbirlərinin görüldüyünü" bildirib.
Azərbaycan MN hər hansı itki barədə məlumat verməyib.
Ermənistan Müdafiə Nazirliyi isə Azərbaycan silahlı qüvvələrinin bölmələrinin həmin gecə saat 3:30 radələrində Ermənistan-Azərbaycan sərhədinin Geğarkunik vilayətində yerləşən erməni mövqeləri istiqamətində müxtəlif çaplı odlu silahlardan atəş açdığını iddia edib.
Ermənistan MN-nin açıqlamasına görə, itki yoxdur.
Azərbaycan MN dünən də Kəlbəcər rayonu istiqamətindəki Azərbaycan mövqelərinin atəşə tutulduğunu bildirmişdi.
Bir neçə gündür ki, Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan silahlı qüvvələrinin Kəlbəcər, Şuşa və Naxçıvandakı mövqelərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduğunu açıqlayır.
Ermənistan Müdafiə Nazirliyi dünən "Ermənistan tərəfinin Azərbaycan mövqelərini atəşə tutmadığını" bəyan etmişdi.




























