Britaniyadan Qarabağda minalardan təmizlənməyə dəstək

Çap edildi

Ermənistanın Yerasx qəsəbəsindəki hərbi mövqelərdən birində 39 yaşlı erməni əsgər ''snayper gülləsindən'' öldürülüb, Ermənistan Müdafiə Nazirliyi bildirir, Azərbaycan MN iddiaları təkzib edir. Britaniyadan Qarabağda minalardan təmizlənməyə dəstək. Bu gündən Azərbaycanda ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə getmək istəyən yaşı 18-dən yuxarı olan bütün şəxslərdən COVID-19 pasportu tələb olunur. ABŞ Prezidenti Joe Biden Əfqanıstanda "daha uzun qalmaq seçiminin olmadığını" deyir - daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Ermənistanın Yerasx qəsəbəsindəki hərbi mövqelərdən birində 39 yaşlı erməni əsgər ''snayper gülləsindən'' öldürülüb, Ermənistan Müdafiə Nazirliyi xəbər verir.

Hadisənin Ermənistanın Ararat rayonunda yerləşən Ermənistan mövqelərinin "Azərbaycan Silahlı Qüvvələri tərəfindən müxtəlif növ odlu silahdan və snayper tüfəngindən atəşə tutulması səbəbindən" sentyabrın 1-i saat 11:10 radələrində baş verdiyi bildirilir. Nəticədə "müqavilə əsasında hərbi xidmətdə olan kiçik serjant Geğam Sahakyan öldürülüb", məlumatda deyilir.

Ermənistan MN-i bütün məsuliyyətin "Azərbaycan hərbi-siyasi rəhbərliyi üzərinə" düşdüyünü bildirib.

Azərbaycan Müdafiə Nazirliyi bu iddianı təkzib edib və "təxribat xarakteri" daşıdığını bildirib.

"Bildiririk ki, bu gün Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusu tərəfindən snayper tüfəngindən açılmış atəş nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə yayılan məlumat da yalandır, təxribat xarakteri daşıyır. Bu gün məlumatda göstərilən istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən heç bir atəş açılmayıb," - Azərbaycan MN-in məlumatında deyilir.

Yerasx qəsəbəsi Ermənistanın Naxçıvanla sərhədində yerləşir. Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində artıq bir neçə aydır ki, atışma halları qeydə alınır. Tərəflər atəşkəsi pozmaqda bir-birini ittiham edir.

Britaniyadan Qarabağda minalardan təmizlənməyə dəstək

Böyük Britaniya 2-ci Qarabağ müharibəsindən sonra Qarabağ və ətraf ərazilərin minalardan təmizlənməsinə yönələn proqramlara dəstək üçün yarım milyon funt sterlinq (təxminən 1 172 300 AZN) vəsait ayırıb.

Bu barədə Britaniya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir.

"Britaniaya bərpa işlərinə və dünyanın ən çox çirklənmiş ərazilərinin minalardan təmizlənməsinə kömək etmək üçün 500.000 funt sterlinq ayırıb".

Məlumata əsasən, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına ayrılan vəsaitlər, Ermənistan və Azərbaycanda minatəmizləmə təşkilatlarını dəstəkləmək üçün istifadə ediləcək.

Böyük Britaniya həm Ermənistanı, həm də Azərbaycanı bütün dünyada minalardan istifadəni ləğv etməyi hədəfləyən Ottava müqaviləsini imzalamağa səsləyir.

Bu gündən Azərbaycanda bəzi yerlərdə COVİD-19 pasportu tələb olunur

Bu gündən Azərbaycanda ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə getmək istəyən yaşı 18-dən yuxarı olan bütün şəxslərdən COVID-19 pasportu tələb olunur.

Bundan başqa, ali və orta-ixtisas təhsili müəssisələrində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərdən də COVID-19 pasportu tələb olunacaq.

Baş nazir Əli Əsədovun bu barədə ötən ay imzaladığı qərar sentyabrın 1-dən tətbiq olunur.

Qərarda həmçinin bildirilir ki, bu il sentyabrın 1-dən etibarən dövlət orqanlarının əməkdaşlarının, bütün tibb və əczaçılıq müəssisələrinin və bütün elm və təhsil müəssisələrinin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir.

COVİD-19 pasportu necə yoxlanılacaq?

COVİD pasportu tələb olunan bütün yerlərin qarşısında polisin qoyulması "nəzərdə tutulmur" və bu iş "sahibkara tapşırılacaq".

Monitorinq qrupları həmin yerlərdə monitorinq aparacaq və əgər hər hansı qanun pozuntusu aşkar edilərsə, məsuliyyət həmin obyekt sahibinin üzərinə düşəcək.

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində bildirmişdi ki, monitorinq qruplarına cəlb olunan polis əməkdaşları ticarət obyektlərinə və təhsil müəssisələrinə "həm mülki, həm də polis formasında" daxil olacaqlar.

Onun sözlərinə görə, təkrar qaydaları pozan sahibkarların "obyektlərinin fəaliyyətinin dayandırılması və qanunvericiliklə nəzərdə tutulmuş digər ağır cəzaların verilməsi" nəzərdə tutulur".

Elşad Hacıyev qeyd edib ki, monitorinqlər həmçinin təhsil müəssisələrində də aparılacaq.

Onun sözlərinə görə, əgər COVİD -19 pasportu olmadan yaşı 18-dən yuxarı şəxslər təhsil müəssisələrinə daxil olarlarsa, bu zaman həmin şəxslər polis tərəfindən "məsuliyyətə cəlb olunmayacaq", lakin buna görə həmin təhsil müəsisəsinin rəhbərliyi, bu prosesə nəzarət edən şəxslər "məsuliyyət daşıyacaq".

COVİD-19 pasportu tələb olunan yerlərdə qayda pozuntusu aşkarlanarsa, fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək cərimə olunacaq, hüquqi şəxslər barəsində həbs qətimkan tədbiri tətbiq olunacaq.

COVİD pasportunu e-təbib mobil tətbiqindən və my.gov.az portalından əldə etmək mümkündür. Üzərində Covid-19 pasportu olmayan şəxslərin vaksinasiyasını şəxsiyyət vəsiqəsi və ya ad və soyadın sistemə daxil edilməsi ilə yoxlamaq mümkün olacaq.

Xaricdə vaksinasiya olunan vətəndaşlar COVID-19 pasportunun Azərbaycanda tanınması üçün Səhiyyə Nazirliyinin "9301" qaynar xəttinə müraciət etməli və sənədlərini təqdim etməlidirlər. Səhiyyə Nazirliyi sənədlərin həqiqiliyini yoxladıqdan sonra məlumatlar sistemə daxil ediləcək.

Joe Biden Əfqanıstanda "daha uzun qalmaq seçiminin olmadığını" deyir

ABŞ Prezidenti Joe Biden ABŞ qüvvələrinin Əfqanıstandan çıxarılması qərarını müdafiə edib.

"Daha uzun qalmaq seçimi yox idi", - ABŞ-ın Əfqanıstanda 20 illik mövcudluğunun sona çatmasından bir gün sonra Joe Biden xalqa müraciətində cənab deyib.

ABŞ-ın və digər müttəfiq ölkələrin öz qoşunlarını Əfqanıstandan çıxarmağa başlamasından sonra ölkədə hakimiyyət Talibanın əlinə keçib.

ABŞ Prezidenti söyləyib ki, Kabil hava limanında hərbi əməliyyatları dayandırma qərarı "çox böyük tövsiyələrə əsaslanmışdı".

Joe Biden ABŞ-ın Əfqanıstanda heç bir marağının olmadığını və oradakı "Əl-Qaidənin kökünü kəsmək və gələcək terror hücumlarının qarşısını almaq" missiyasının on il əvvəl yerinə yetirildiyini deyib.

O, missiyanı "Taliban rejimindən qaçmaq istəyən 120 mindən çox adamın təxliyəsini təşkil etdiyinə görə" təqdir edib.

Joe Biden Əfqanıstanda risk altında olan şəxslərin təxliyəsinə kömək etməyə davam edəcəklərini, əfqan qadın və qızların hüquqlarının müdafiəsi üçün çalışacağını deyib.