Kabil hava limanı ətrafındakı izdihamda 7 əfqan həlak olub

Şəklin mənbəyi, EPA
Əfqanıstanın paytaxtı Kabildə Həmid Kərzai Hava Limanı ətrafında ölkəni tərk etmək istəyənlərə görə yaranan izdihamda 7 nəfər həlak olub, Britaniyanın Müdafiə Nazirliyi bildirib.
Taliban ölkəyə nəzarəti ələ keçirdikdən sonra xarici dövlətlər həm öz vətəndaşlarını, həm də onlarla işləyən əfqan vətəndaşlarını ölkədən çıxarmağa çalışır, eyni zamanda ölkəni tərk etmək istəyən minlərlə əfqanlar hava limanının xaricində böyük bir izdiham yaradır.
Hava limanının təhlükəsizliyini və təhlükəsiz evakuasiyanı təmin etmək üçün 4500 ABŞ və 900 Britaniya hərbçisi cəlb olunub, Qərb mənbələri bildirib.
Taliban qüvvələri hava limanı boyu perimetr xəttində nəzarəti təmin edir.
Taliban qüvvələri yol sənədi olmadan əfqanlara hava limanına daxil olmağa icazə vermirlər.
ABŞ təyyarəsində uşaq doğulub
Bu arada evakuasiya əməliyyatlarından birində, Almaniyaya uçan ABŞ təyyarəsində bir əfqan qadını uşaq doğub.
ABŞ Hava Qüvvələri Komandanlığı öz tvitterində həmin əfqan qadının "Yaxın Şərqdən Almaniyadakı Ramstein aerodromuna uçuş zamanı" uşaq doğduğunu bildirib.
Komandanlığın qeyd etdiyi kimi, doğuş başlayan zaman "pilot ananın həyatına mümkün riskləri aradan qaldırmaq üçün təyyarənin uçuş hündürlüyünü azaldıb".
Təyyarə Almaniyada enəndə isə təzə doğulan körpə ABŞ tibb işçilərinin həkim nəzarətinə alınıb.
Ananın və uşağın vəziyyətinin yaxşı olduğu bildirilib.

Şəklin mənbəyi, Reuters
Əfqanıstan bir həftədir Talibanın nəzarəti altındadır
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 1 həftə ərzində Kabildən 17 min nəfərin, o cümlədən 2 500 ABŞ vətəndaşının evakuasiya edildiyini bildirib.
Taliblərin bütün ölkə üzərində nəzarəti təmin etməyə başlamasından artıq bir həftə vaxt keçib.
Minlərlə insan hələ də Kabil hava limanı ətrafında evakuasiya uçuşlarını həyata keçirən təyyarələrdən birində yer almağa çalışır.
Yerli KİV-in məlumatına görə, hökumət qurumları və banklar, o cümlədən pasport, şəxsiyyət sənədləri verən idarələr Kabildə bağlıdır.
























