You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Ermənistan-Azərbaycan arasında atışma: Rusiya tərəfləri sərhədlə bağlı razılaşmağa çağırıb
Video açılmırsa, YouTube-da izləyin.
Bu gecə Azərbaycan ordusunun mövqeləri bir sıra istiqamətlərdə atəşə tutulub, Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb.
Qurumun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 19-u saat 17:24-dən etibarən avqustun 20-si saat 00:25-dək Gorus rayonunun Xanazax, Vardenis (Basarkeçər) rayonunun Aşağı Zağalı və Berd rayonunun Çinarlı yaşayış məntəqələri ərazisində yerləşən mövqelərindən Laçın rayonunun Cağazur, Kəlbəcər rayonunun İstisu və Tovuz rayonunun Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.
"Bundan əlavə avqustun 20-si saat 01:23-dən etibarən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhərinin Xəlfəli yaşayış məntəqəsi ətrafında yerləşən bölmələrimizin mövqeləri istiqamətində atıcı silahlardan fasilələrlə atəş açılıb", - Müdafiə Nazirliyinin məlumatında deyilir.
Azərbarbaycan MN itkilərinin olmadığını bildirib.
Ermənistan tərəfi hələ ki, bu barədə şərh verməyib.
İcmalın digər xəbərlərini oxuyun.
Azərbaycanda xüsusi karantin rejimi sərtləşdiriləcəkmi?
Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev bildirib ki, sentyabrın 1-dən giriş üçün COVİD pasportu tələb olunan bütün yerlərin qarşısında polisin qoyulması "nəzərdə tutulmur" və bu iş "sahibkara tapşırılacaq".
O, Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı bildirib ki, monitorinq qrupları həmin yerlərdə monitorinq aparacaq.
"Əgər hər hansı qanun pozuntusu aşkar edilərsə, məsuliyyət həmin obyekt sahibinin üzərinə düşəcək".
Elşad Hacıyev bildirib ki, monitorinq qruplarına cəlb olunan polis əməkdaşları ticarət obyektlərinə və təhsil müəssisələrinə "həm mülki, həm də polis formasında" daxil olacaqlar.
Onun sözlərinə görə, təkrar qaydaları pozan sahibkarların "obyektlərinin fəaliyyətinin dayandırılması və qanunvericiliklə nəzərdə tutulmuş digər ağır cəzaların verilməsi" nəzərdə tutulur".
Elşad Hacıyev qeyd edib ki, monitorinqlər həmçinin təhsil müəssisələrində də aparılacaq.
Onun sözlərinə görə, əgər COVİD -19 pasportu olmadan yaşı 18-dən yuxarı şəxslər təhsil müəssisələrinə daxil olarlarsa, bu zaman həmin şəxslər polis tərəfindən "məsuliyyətə cəlb olunmayacaq", lakin buna görə həmin təhsil müəsisəsinin rəhbərliyi, bu prosesə nəzarət edən şəxslər "məsuliyyət daşıyacaq".
COVİD-19 pasportu ilə bağlı cərimələr
Elşad Hacıyev bildirib ki, COVİD-19 pasportu tələb olunan yerlərdə qayda pozuntusu aşkarlanarsa, fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək cərimə olunacaq, hüquqi şəxslər barəsində həbs qətimkan tədbiri tətbiq olunacaq.
Məktəblərdə dərslər necə keçiriləcək?
Sentyabrın 15-də məktəblərdə ənənəvi qaydada dərslərə başlanması nəzərdə tutulur, - Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.
O bildirib ki, sentyabrın əvvəlində epidemioloji vəziyyətdən asılı olaraq bu məsələyə baxıla bilər.
Şahmar Mövsümov əlavə edib ki, Bağçalarda və məktəblərdə övladları təhsil alan valideynlərdən "vaksinasiya tələb olunmur".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndəsi Yaqut Qarayeva deyib ki, uşaqların vaksinasiyası ilə bağlı bəzi ölkələrdə araşdırılma aparılsa da, Azərbaycanda bu işə başlanılmayıb və bu, "hələ ki, düşünülmür".
"Ölənlərin 1 faizi vaksin olunanlardır"
COVİD-19 virusundan vəfat edənlərin 99 faizi vaksin olunmayan vətəndaşlardır - Yaqut Qarayeva bildirib.
O söyləyib ki, mart ayından bu günə qədər yoluxan insanların arasında reanimasiyaya düşənlərin 96 faizi peyvənd olunmayan insanlardır.
"Süni nəfəs aparatına qoşulanların 97 faizi də vaksinasiya olunmayanlar olub. Vəfat edənlərin 99 faizinin vaksin olunmaması aşkarlanıb".
Yaqut Qarayeva deyib ki, son günlər Azərbaycanda yoluxma sayında "kəskin artım" müşahidə edilir.
"Bu gün 23 % yoluxma əmsalı görürük. Avqustun 1-də isə bu rəqəm 7 % idi. 20 gün ərzində çox ciddi artım müşahidə edilib", - o qeyd edib.
TƏBİB rəsmisi söyləyib ki, Azərbaycanda vaksinasiya olunan şəxslərin 0,6 faizində "yoluxma, ağırlaşma müşahidə olunub".
Onun sözlərinə görə, əhalinin 24 faizi vaksinasiya olunub.
"Azərbaycanda təkrar yoluxma faizi çox aşağıdır", - TƏBİB rəsmisi əlavə edib.
Yaqut Qarayeva bildirib ki, hazırda Azərbaycanda 18 pandemiya xəstəxanası fəaliyyət göstərir.
Şahmar Mövsümov qeyd edib ki, Delta ştammı ilə bağlı aparılan son tədqiqatlar Azərbaycanda yayılan ştamın "94 faiz Delta ştamı olduğunu" göstərir.
"Bunun da digər ştamlardan fərqi digərləri ilə müqayisədə daha yoluxdurucu olmasıdır", - o əlavə edib.
Karantin rejimi sərtləşdiriləcəkmi?
"Bu gün hər hansı sərtləşməyə getməyə ehtiyac yoxdur", - Prezidentin köməkçisi Şahmar Mövsumov deyib.
Onun sözlərinə görə, hazırda xəstələnənlərin öhdəsindən gələ bilinir: "Əgər biz hiss etsək ki, həkimlər çatdıra bilmir, o zaman növbəti addımlarda sərtləşmə müzakirə oluna bilər".
COVİD-19 pasportu
ASAN Xidmətin sədri Ülvi Mehdiyev söyləyib ki, qurum COVİD pasportundan istifadə ilə bağlı xüsusi mobil tətbiq yaradılıb.
O bildirib ki, COVİD pasportunu vətəndaşlar həm e-təbib mobil tətbiqindən, həm də my.gov.az-dan əldə edə bilərlər.
Xaricdən alınan COVİD-19 pasportları
Şahmar Mövsümov bildirib ki, xaricdə vaksinasiya olunan vətəndaşlar COVID-19 pasportunun Azərbaycanda tanınması üçün Səhiyyə Nazirliyinin "9301" qaynar xəttinə müraciət etməli və sənədlərini təqdim etməlidirlər.
"Səhiyyə Nazirliyi də buna baxacaq, əgər uyğundursa, doğrudursa və saxta deyilsə, sistemə daxil ediləcək", - o əlavə edib.
Həftəsonu nəqliyyat
Şahmar Mövsümov bildirib ki, həftəsonu nəqiyyatın məhdudlaşdırılmasının səbəbi "aktivliyi aşağı salmaqdır".
Onun sözlərinə görə, həftəsonu ictimai nəqliyyatın bərpası ilə bağlı "müzakirə aparılmır".
Teatr və kinoteatrlar
Şahmar Mövsumov bildirib ki, "teatr və kinoteatrların fəaliyyəti hələ ki, məhduddur".
Cənab Mövsumov qeyd edib ki, epidemioloji vəziyyət imkan verərsə, bu müəssisələrin fəaliyyət göstərməsi "müzakirə ediə bilər".