Yardımlı meşəsində yanğın: "Söndürülmə işinə davam etdirilir"

Yardımlı

Şəklin mənbəyi, APA.AZ

Çap edildi

Yardımlı meşəsində yanğın,Eldəniz Səlimov YAP-dan cıxarılıb, Yerevanda yeni parlament toplaşıb, Nikol Paşinyan Ermənistanın Baş Naziri təyin olunub, Azərbaycanda avqustun 9-dan koronavirus vaksinlərinə qarşı "Əks göstəriş sertifikatı" veriləcək, Azərbaycan Naxçıvandakı mövqelərinin yenidən atəşə tutulduğunu bildirib -daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Yardımlı rayonunun Honuba kəndi yaxınlığındakı meşə zolağında yanğının söndürülmə işinə davam etdirilir, tüstülənmənin aradan qaldırılması istiqamətində iş aparılır.

Bunu BBC News Azərbaycancaya Azərbaycan Fövqəladə Hallar Nazirliyindən deyiblər.

Bazar ertəsi Yardımlı rayonunun Honuba kəndinin bələdiyyəsindən isə BBC News Azərbaycancaya bildirilib ki, "yanğın söndürülməyə doğrudur, yayılmasının qarşısı alınıb".

Bakıdan 292 kilometr cənubda, meşə zolağında yanğın avqustun 1-dən başlayıb .

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə yanaşı yerli sakinlər də cəlb olunub, nazirlik bildirib.

"İlkin məlumata əsasən, təxminən 15 hektar sahədə xəzəl, kol-kos, qurumuş ağac kötükləri və qismən ağaclar yanır. Bildirilib ki, ərazi mürəkkəb relyefli dağlıq ərazidə yerləşir.Hal-hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir," - FHN-in açıqlamasında deyilir.

Eldəniz Səlimov YAP-dan cıxarılıb

Milli Məclis

Şəklin mənbəyi, Azertag

Avqustun 2-də Milli Məclisin İntizam komissiyası 55 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə deputat Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsini parlamentə tövsiyə edib.

Hakim Yeni Azərbaycan Partiyasını təmsil edən Eldəniz Səlimov Xaçmaz rayonunda bir polis əməkdaşına zor tətbiq etməkdə ittiham olunur.

Yerli media yazır ki, Eldəniz Səlimov baş verənlərlə bağlı seçicilərindən və ölkə Prezidentindən üzr istəyib.

Baş prokuror Kamran Əliyev onun deputat toxunulmazlığına xitam verilməsi üçün müraciət edib.

Apa Eldəniz Səlimovun üzvü olduğu Yeni Azərbaycan Partiyasından xaric edildiyini bildirib.

BBC News Azərbaycanca Eldəniz Səlimovla əlaqə saxlaya bilməyib.

Yerevanda yeni parlament toplaşıb: müxalif fraksiyalar ilk iclası "pozmağa çalışırlar"

Ermənistan Parlamenti

Şəklin mənbəyi, Parliament.am

Yerevanda Ermənistan Milli Məclisinin ilk iclası keçirilir. İclas 44 günlük İkinci Qarabağ müharibəsində həlak olanların xatirəsinə bir dəqiqəlik sükutla başlayıb.

Reqlamentə görə, Milli Məclisin ilk iclasına Milli Məclisin ən yaşlı üzvü, 76 yaşlı Knyaz Həsənov sədrlik edir.

107 üzvü olan Ermənistan cəkkizinci çağırış Milli Məclisində üç siyasi qüvvə təmsil olunur: iqtidar Vətəndaş Müqaviləsi Partiyası (71 mandat) və iki müxalif blok - "Hayastan" (Ermənistan) bloku (29 mandat) və "Pativ unem" (Təzim edirəm) bloku (7 mandat).

Parlamentin ilk iclası əsnasında Milli Məclisin sədri və onun üç müavini seçilməlidir.

Daha əvvəl yerli mətbuatda yayılan xəbərlərə görə, parlamentin sədri vəzifəsinə hakim Vətəndaş Müqaviləsi fraksiyası Alen Simonyanı təklif edib. Alen Simonyan ötən parlamentdə sədr müavini vəzifəsini icra edirdi.

Hakim fraksiya tərəfindən sədr müavini vəzifələrinə keçmiş hökumətdə Yüksək Texnologiyalar Nazirliyinə başçılıq etmiş Hakob Arşakyan və keçmiş parlamentin Xarici Əlaqələr Komissiyasının sədri Ruben Rubinyanın nasmizədliyi təklif ediləcəyi gözlənilir.

Müxalif fraksiyalar tərəfindən parlament sədri müavini vəzifəsinə, ilkin məlumatlara görə, Hayastan fraksiyasının üzvü, Daşnaksutyun Partiyasının nümayəndəsi İşxan Sağatelyanın irəli sürüləcəyi ehtimal olunur.

Yerli media yazır ki, müxalif fraksiyalar parlamentin iclasını pozmağa çalışırlar. Müxalif millət vəkilləri bir-birinin ardınca çıxış edir, parlament iclasının reqlament üzrə davam etməsinə mane olurlar.

Onlar Hayastan blokundan seçilmiş Mxitar Zakaryan və Artur Sarkisyanın toxunulmazlıqlarının təmin olunması və həbsdən buraxılmasını tələb edirlər. Sözügedən şəxslər iyunun 20-də keçirilən erkən parlament seçkiləri ərəfəsində müxtəlif ittihamlarla həbs olunub.

Pashinyan

Şəklin mənbəyi, Gov.am

Nikol Paşinyan Ermənistan Baş Naziri təyin olundu

Ermənistan Prezidenti Armen Sarkisyanın avqustun 2-si tarixli fərmani ilə Nikol Paşinyan Ermənistan Respublikasının Baş Nazir vəzifəsinə təryin olunub.

Nikol Paşinyanın namizədliyini 2021-ci il növbədənkənar parlament seçkilərində qalib gəlmiş Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası təklif edib.

Ermənistanın yeni Milli Məclisində, Vətəndaş Müqaviləsi Partiyasından başqa, iki müxalif blok da təmsil olunur: Hayastan (Ermənistan) bloku və Pativ Unem (Təzim Edirəm) bloku.

İqtidar partiya parlamentdə 71 yerə malikdir, Hayastan bloku - 29, Pativ Unem bloku - 7 mandata malikdirlər.

bakı

Azərbaycanda avqustun 9-dan başlayaraq koronavirus vaksinlərinə qarşı "Əks göstəriş sertifikat"ı veriləcək

Bu sertifikat ölkədə istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə veriləcək.

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB birgə məlumat yayıb.

Məlumata görə, sertifikatı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir.

Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək.

Komissiyanın rəyi əsasında vətəndaşa "Əks göstəriş sertifikat"ı veriləcək, məlumatda bildirilir.

Azərbaycan Müdafiə Nazirliyi

Şəklin mənbəyi, MOD.GOV.AZ

"Naxçıvan istiqamətində atəşkəs pozulub"

Bu gün Azərbaycan Müdafiə Nazirliyi Naxçıvan istiqamətində mövqelərinin yenidən atəşə tutulduğunu bildirib.

Qurum bildirib ki, hadisə avqustun 2-si saat 03:27 radələrində baş verib.

"Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub,"- qurumun məlumatında deyilir.

Ermənistan tərəfinin bununla bağlı şərhi hələ ki, məlum deyil.

Azərbaycan heç bir itkinin olmadığını və hazırda bu istiqamətdə vəziyyət stabil olduğunu bildirir.

Bundan əvvəl bazar günü də Azərbaycan Müdafiə Nazirliyi eyni istiqamətdə mövqelərinin atəşə tutulması barədə məlumat yaymışdı.

Avqustun 2-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov xidməti müşavirə keçirib.

O, müşavirədə son zamanlar Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində baş verən hadisələri təhlil edib.

Müdafiə naziri Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribata hazır olmağı və onların qarşısının dərhal alınmasını əmr edib.

Ötən həftə Azərbaycan və Ermənistan sərhəddinin Kəlbəcər istiqamətində mütəmadi olaraq atəşkəs pozulub.

Ermənistan 3 hərbçisinin həlak olduğunu, 5 hərbçisinin yaralandığını bildirib. Azərbaycan isə iki hərbçisinin yaralandığını açıqlayıb.