"Badalyan Azərbaycana qarşı" işi: Azərbaycan Avropa Məhkəməsinin qərarını "araşdıracaq"

Çap edildi

Azərbaycan Avropa Məhkəməsi tərəfindən Ermənistan vətəndaşına "qeyri-insanı rəftarda" ittiham edilməsini araşdıracaq.

Azərbaycan buna görə 30 min avro cərimələnib.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov BBC News Azərbaycancaya bildirib ki, Avropa Məhkəməsinin qərarına hörmətlə yanaşırlar, amma hazırda qərarı araşdırıb bunun əsasında atacaqları addımları müəyyənləşdirəcəklər.

Avropa Məhkəməsinin ötən həftə çıxardığı hökmdə 1978-ci təvəllüdlü Artur Badalyanın Azərbaycanda həbsdə olduğu 22 ay ərzində "işgəncəyə məruz qaldığı, onun azadlıq və toxunulmazlıq hüququnun pozulduğu" bildirilir.

Hüquq müdafiəçiləri isə ölkədə saxlanma təcridxanalarında şəraitsizliyin olduğunu deyirlər.

Nə baş verib?

Məhkəmə sənədlərinə əsasən, Ermənistanın Tavuş rayonunun sakini 2009-cu ildə Azərbaycanla həmsərhəd bölgədəki meşədə "göbələk axtararkən" yoxa çıxıb. Sonra məlum olub ki, o, Azərbaycandadır, həbs edilib və 22 ay həbsxanada saxlanılıb.

Artur Badalyan 2011-ci ildə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə məhbus mübadiləsi çərçivəsində azad olunub.

Azərbaycan Artur Badalyanın Ermənistan silahlı qüvvələrinin üzvü kimi əsir götürüldüyünü bildirir.

Məhkəmə bu iddianı təsdiqləyən heç bir dəlil almadığını qeyd edib.

Badalyanın vəkillərinə görə, ərizəçi mülki şəxsdir və onun Ermənistan silahlı qüvvələrinə aidiyyəti olmayıb.

Azərbaycan, həmçinin ərizəçinin pis rəftarla bağlı iddialarının yalnız Ermənistan qurumları tərəfindən təqdim olunan tibbi sənədlər tərəfindən dəstəkləndiyini bildirib.

Azərbaycan Artur Badalyana BQXK nümayəndələrinin mütəmadi olaraq baş çəkdiyini və onun saxlanma şəraiti ilə tanış olduğunu vurğulayır.

AİHM-in qərarına görə, Azərbaycan Artur Badalyana bütün vergilər daxil olmaqla, 30.000 avro ödəməlidir.

Məhkəmə hökmü çıxarılan tarixdən etibarən üç ay ərzində yerinə yetirilməlidir, AİHM saytında dərc olunan hökmdə deyilir.

Azərbaycan hakimiyyəti nə deyir?

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov BBC News Azərbaycancaya yazılı cavabında bildirib ki, Azərbaycan ərizəçinin iddialarını araşdıra bilməyib:

"Avropa Məhkəməsinin sözügedən qərarında belə qeyd edilib ki, ərizəçi öz şikayətlərini Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarına təqdim etmədiyi üçün, Azərbaycan ərizəçinin iddialarını araşdırmaq imkanından məhrum olub".

Çingiz Əsgərov Avropa Şurasının üzvü kimi Azərbaycanın Avropa Məhkəməsinin qərarlarına hörmətlə yanaşdığını vurğulayıb, amma onu da əlavə edib ki, bu qərarı araşdıracaqlar: "Bunun əsasında növbəti addımlar və görüləcək tədbirlər müəyyən ediləcəkdir,"- o, BBC Azərbaycancanın sorğusuna cavab olaraq deyib.

Çingiz Əsgərov Avropa Məhkəməsinin hökmünün icra edilib-edilməməsi ilə bağlı BBC Azərbaycancanın sualını cavabsız buraxıb.

Tibbi yoxlamanın zəruriliyi

Hüquq müdafiəçisi Anar Məmmədli bu məhkəmə işində Azərbaycana qarşı iddiaları "ağır" hesab edir.

O deyir ki, burada söhbət şikayətçinin Azərbaycanda olduğu müddətdə sarsıntlar keçirməsi, səhhətinin kəskinləşməsi, psixoloji vəziyyətinin dəyişilməsi kimi məsələlərdən gedir.

Anar Məmmədliyə görə, həbs, yaxud başqa təzyiq yolu ilə fiziki, psixoloji işgəncə nəticəsində səhhətini itirən şəxsin gələcək həyatına bu hadisələr mənfi təsir edir və buna görə də "belə yüksək məbləğli kompensasiyaların ödənilməsi təbiidir".

"Əgər bir şəxsin əmək qabiliyyəti, əqli durumu, ümumiyyətlə səhhəti hansısa formada zədə alırsa, onun gələcəkdə normal əmək şəraiti qurması, normal iş mühitində çalışması sual altına düşür. Bu baxımdan, Avropa İnsan Haqları Məhkəməsi bu kimi halları nəzərə alır,"- hüquq müdafiəçisi deyir.

Anar Məmmədli onu da qeyd edir ki, Artur Badalyanın Azərbaycana gəldikdən sonra bu iddia olunan hallara nə dərəcədə məruz qalması, yaxud da onun əvvəlcədən psixoloji problemlərinin olub-olmaması araşdırma mövzusudur.

Bununla yanaşı, Anar Məmmədli Azərbaycan dövlət orqanlarının müəyyən prosedur pozuntularına yol verə bildiyini də istisna etmir.

O, saxlanılan şəxslərlə bağlı tibbi yoxlamanın zəruriliyini vurğulayır:

"Keçmiş məhbus kimi deyə bilərəm ki, məsələn, mən tibbi yoxlamadan keçəndə heç də bütün şikayətlərim dinlənilmədi. Məsələn, həbsxanadan əvvəl şikayət etdiyim hallar vardı, müalicə alırdım. Müəyyən xroniki xəstəliyim var idi. Ağır şəkildə biruzə vermirdi, amma bundan əziyyət çəkirdim. Bu hallar biz saxlanma məntəqəsinə aparılanda, oradan istintaq təcridxanasına aparılanda ciddi olaraq yoxlanılmadı və qeydiyyatı aparılmadı".

Onun fikrincə, Azərbaycanda məhbusların saxlanma şəraiti ilə bağlı dövlət islahatlar aparmalıdır.

"İllərdir ki, bu məsələ Azərbaycan hakimiyyətindən tələb olunur. Şəxslərin saxlanma yerləri, istintaq təcridxanaları dəyişdirilməli, onlar yeni infrastrukturla təmin olunmalıdırlar. Tibbi sağlamlıq, anti-sanitariya qaydaları, tibbi xidmət qaydaları, tibbi xidmət personalı təkmilləşdirilməlidir".

Cənab Məmmədli həbsxanalarda psixoloqların da çatışmadığı qənaətindədir.

Bu iddialar "absurddur"

Ədliyyə Nazirliyi Penitensiar Xidməti isə təcridxanalarda və cəzaçəkmə müəssisələrində məhkumların lazımi tibbi yoxlanışdan keçirilməməsi iddiasını "absurd" adlandırır.

Qurumun mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov deyir ki, ilk gündən məhkumlar bir neçə həkim tərəfindən tam tibbi müayinədən keçirilir. Səhhətlərində problem aşkarlanırsa və ya yolxucu xəstəlik şübhələri varsa, dərhal reaksiya verilir, o deyir.

Mehman Sadıqov qurumun müəssisələrində psixoloqların çatışmazlığı iddiası ilə də razı deyil.

Onun sözlərinə görə, həm istintaq təcridxanalarında, həm cəzaçəkmə müəssisələrində, həm də Penitensiar xidmətin baş idarəsində psixoloqlar fəaliyyət göstərir və bu məsələyə qeyri-hökumət təşkilatları da cəlb edilir.