You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
İranda fəala 10 ilə yaxın həbs cəzası, Avropa Məhkəməsi Azərbaycana qarşı hökm çıxarıb, Xüsusi karantin uzadıldı
İranlı fəala 10 ilə yaxın həbs cəzası, Avropa Məhkəməsi Azərbaycana qarşı hökm çıxarıb, Azərbaycanda xüsusi karantin rejiminin müddəti daha bir ay uzadılıb, Avropa Məhkəməsi Azərbaycana qarşı hökm çıxarıb, Azərbaycanın Baş nazirinin fikrincə, koronavirusa yoluxmanın artma səbəbi "toy məclislərindədir", Xocalı ərazisində 2 nəfər minaya düşüb , - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
İranda Qərbi Azərbaycan əyalətindən olan milli-mədəni fəal Əkbər Nəimi 9 il 8 ay həbs cəzasına məhkum olunub.
Əkbər Nəiminin yaxınlarının verdiyi məlumata əsasən, o, iyulun 19-u Təbrizdə saxlanıldıqdan sonra Tehrana, Evin həbsxanasına aparılıb.
Əkbər Nəimi Tehranın İnqilab Məhkəməsi tərəfindən "ölkənin təhlükəsizliyinə qarşı əlbir olmaq","İslam Cumhuriyyətinə müxalif qrupların xeyrinə təbliğat aparmaq" və "qanunsuz təşkilata üzv olmaq" ittihamları ilə 9 il 8 ay həbs cəzasına məhkum olunub. Bundan başqa, onun 2 il ölkədən çıxması və siyasi, ictimai qrup və təşkilatlara üzv olması yasaqlanıb.
Təhlükəsizlik qüvvələri daha sonra onun evində axtarış aparıblar. Fəalın şəxsi əşyaları, o cümlədən kompüteri və bəzi kitabları müsadirə olunub.
BBC News Azərbaycanca İranın Azərbaycandakı səfirliyindən bununla bağlı şərh ala bilməyib.
Tanınmış milli-mədəni fəal, Əkbər Nəimi Xoy şəhərindəndir. "Evrin" və "Yarpaq" kimi ekologiya və mədəniyyət sahələrində fəaliyyət göstərən qurumların təsisçilərindən və bir müddət öncə hakimiyyət tərəfindən fəaliyyəti dayandırılan "Günəbaxan Dərnəyi"nin qurucularından biri olub.
Əkbər Nəimi insan haqları fəalı və dil hüquqları müdafiəçisi kimi də tanınır. O, 2020-ci il yanvarın 22-də çalışdığı İranın milli hava yolları şirkətinin təmir bölməsində saxlanılıb.
Avropa Məhkəməsi Azərbaycana qarşı hökm çıxarıb
Avropa İnsan Hüquqları Məhkəməsinin "Badalyan Azərbaycana qarşı" iddiası üzrə çıxardığı hökmdə Ermənistan vətəndaşının "işgəncəyə məruz qaldığı, onun azadlıq və toxunulmazlıq hüququnun pozulduğu" bildirilir.
AİHM-in qərarına görə, Azərbaycan 1978-ci təvəllüdlü Artur Badalyana bütün vergilər daxil olmaqla, 30.000 avro ödəməlidir.
Məhkəmə sənədlərinə əsasən, Ermənistanın Tavuş rayonunun sakini 9 may 2009-cu ildə Azərbaycanla həmsərhəd bölgədəki "meşədə göbələk axtararkən" yoxa çıxıb. O, bundan sonra Azərbaycan tərəfindən saxlanılaraq 22 ay ərzində Azərbaycan məhbəsində saxlanılıb.
Artur Badalyan 17 Mart 2011-ci ildə BQXK-nın vasitəçiliyi ilə məhbus mübadiləsi çərçivəsində azad olunub.
Azərbaycan tərəfi Artur Badalyanın Ermənistan silahlı qüvvələrinin üzvü kimi əsir götürüldüyünü bildirir.
Məhkəmə bu iddianı təsdiqləyən heç bir dəlil almadığını qeyd edib.
Badalyanın vəkillərinə görə, ərizəçi mülki şəxsdir və onun Ermənistan silahlı qüvvələrinə aidiyyəti olmayıb.
Azərbaycan tərəfi həmçinin ərizəçinin pis rəftarla bağlı iddialarının yalnız Ermənistan qurumları tərəfindən təqdim olunan tibbi sənədlər tərəfindən dəstəkləndiyini bildirib.
Azərbaycan Artur Badalyana BQXK nümayəndələrinin mütəmadi olaraq baş çəkdiyini və onun saxlanma şəraiti ilə tanış olduğunu vurğulayır.
Azərbaycan hakimiyyəti məhkəmə qərarına münasibət bildirməyib.
Məhkəmə hökmü çıxarılan tarixdən etibarən üç ay ərzində yerinə yetirilməlidir, AİHM saytında dərc olunan hökmdə deyilir.
Azərbaycanda xüsusi karantin rejiminin müddəti daha bir ay uzadılıb
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti daha bir ay uzadılıb.
Cümə axşamı günü Baş nazir Əli Əsədov xüsusi karantin rejiminin sentyabrın 1-ə qədər uzadılması ilə bağlı qərar imzalayıb.
Qərara görə, avqustun 30-na qədər həftəsonları ictimai nəqliyyat və metro işləməyəcək.
Əli Əsədov koronavirusa yoluxmanın artma səbəbini toy məclislərində görür
Azərbaycanın Baş naziri Əli Əsədov hesab edir ki, koronavirusa yoluxmanın artması ciddi və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.
O, çərşənbə günü keçirilən Operativ Qərargahın geniş tərkibdə respublika müşavirəsində deyib ki, son günlər ölkədə koronavirusa yoluxmanın artımının səbəbi şənlik mərasimlərinin qaydalara uyğun keçirilməməsidir.
Azərbaycan ərazisində toy, nişan, ad günləri keçirilməsinə iyul ayının 1-dən bəzi şərtlər daxilində icazə verilib.
Bu şərtlərə mərasimə gələcək qonaqların sayından aslı olaraq, maska, COVID-19 pasportu tələbi, müəssisə işçilərinin azı 80 faizinin peyvəndlənmiş olması və sair daxildir.
Baş nazirin sözlərinə görə, aparılan nəzarət tədbirləri şənliklərin qəbul edilmiş göstərişlər və tələblərə uyğun şəkildə keçirilmədiyini göstərib.
"Bakı şəhərinin şənliklər təşkil olunan obyektlərində əksər hallarda qaydalara əməl olunur. Bununla belə, qonaqların sayına qoyulmuş məhdudiyyət nəzərə alınmır, iştirak edən şəxslərin COVID pasportu olmur, mərasimin vaxtı müəyyən olunmuş saatları keçir, sanitar-epidemioloji normalar pozulur, obyektlərdə əməkdaşların 80 faizinin peyvəndlənmiş olması tələbi tətbiq olunmur,"- Baş nazir deyib.
O, prosesin bu şəkildə davam etməsinin "arzuolunmaz nəticələrə aparıb çıxara biləcəyini" də əlavə edib.
Xocalı ərazisində 2 nəfər minaya düşüb
Xocalı rayonunun işğaldan azad edilmiş ərazisində 2 nəfər minaya düşüb.
Hadisə çərşənbə axşamı axşam saatlarında baş verib, Xocalı rayon prokurorluğu bildirir.
Qurumun açıqlamasına görə, həmin ərazidə tikinti işləri aparan şirkətin əməkdaşları Tahir Mahmudov və Yasin Mehralıyev piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hazırda faktla bağlı Xocalı rayon prokurorluğu araşdırma aparır.