İyul ayında metro və avtobuslar həftəsonları işləməyəcək, Rusiya helikopterinin vurulması ilə bağlı "dəlillər toplanıb", erməni fermerlər Gümrü-Yerevan yolunu kəsiblər

Çap edildi

İyul ayında metro və avtobuslar həftəsonları işləməyəcəkç Rusiya helikopterinin vurulması ilə bağlı "dəlillər toplanıb",erməni fermerlər Gümrü-Yerevan yolunu kəsiblər, Azərbaycan hərbçiləri qəza nəticəsində həlak olub, Rusiya xarici işlər naziri Sergey Lavrov BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Grandi ilə görüşündə qaçqınların Qarabağa qaytarılmasından danışıb - daha ətraflı BBC News Azərbaycancanın icmalında.

İyul ayında metro və avtobuslar həftəsonları işləməyəcək

Xüsusi karantin rejimində ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı Nazirlər Kabinetinin son qərarına əsasən, aşağıdakı günlərdə ictimai nəqliyyat və Bakı metrosu işləməyəcək.

2021-ci il 4 iyul saat 00:00-dan 5 iyul saat 06:00-dək,

10 iyul saat 00:00-dan 12 iyul saat 06:00-dək,

17 iyul saat 00:00-dan 19 iyul saat 06:00-dək,

24 iyul saat 00:00-dan 26 iyul saat 06:00-dək,

31 iyul saat 00:00-dan 1 avqust saat 06:00-dək

Rusiya helikopterinin vurulması ilə bağlı "dəlillər toplanıb"

Azərbaycan ötən ilki 44 günlük müharibə vaxtı Rusiyanın Mi-24 təyyarəsinin vurulması ilə bağlı dəlillər toplayıb və araşdırmalar aparıb, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri RİA Novosti agentliyinə bildirib. Günay Səlimzadə istintaqın davam etdirildiyini deyib.

"9 Noyabr 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus MI-24 hərbi helikopterinin vurulması ilə əlaqədar Baş Prokurorluq təcili yoxlama tədbirlərindən sonra cinayət işi açdı, " - Günay Səlimzadə deyib.

"Müvafiq ekspertizalar aparıldı və maddi sübutlar toplandı, habelə digər zəruri prosessual hərəkətlər yerinə yetirildi".

Günay Səlimzadənin sözlərinə görə, Baş Prokurorluq Rusiya helikopterinin qəzaya uğraması ilə bağlı qanuni qərarın qəbul edilməsini təmin edəcək.

Rusiyanın Mi-24 hərbi vertolyotu noyabrın 9-da Ermənistan üzərindən uçarkən Azərbaycan sərhədi yaxınlığında vurulub. İki ekipaj üzvünün ölümü, bir nəfərin yaralanması ilə nəticələnmiş bu hadisə Moskvanın vasitəçiliyilə Dağlıq Qarabağla bağlı sülh razılaşmasının əldə edilməsinə cəmi bir neçə saat qalmış baş verib.

Erməni fermerlər Gümrü-Yerevan yolunu kəsiblər

Ermənistanın şimalında yerləşən Şirak bölgəsinin fermerləri Yerevan-Gümrü magistral yolunun bir hissəsini kəsiblər.

Bir neçə kəndin sakinlərindən ibarət aksiya iştirakçıları suvarma probleminin həll olunmasını istəyirlər.

Son həftələrin istiləri və yağıntısız havalar Ermənistanın bir sıra rayonlarında su çatışmazlığı yaradıb, yerli media bildirir.

Fermerlər bu məsələdə hökumətin dəstəyini tələb edirlər.

Azərbaycanın iki hərbçisi həlak olub

Bazar ertəsi Laçında Azərbaycan ordusunun hərbi qulluqçuları həlak olub, Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb.

Nazirlik bildirib ki, "KamAZ" markalı hərbi yük avtomobilinin Laçın rayonu ərazisində qəzaya uğraması nəticəsində Azərbaycan ordusunun müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuları - kiçik çavuş Coşqun Zeynallı və əsgər Orxan Rəhimli həlak olub.

Qurum hadisə ilə bağlı cinayət işinin açıldığını və araşdırma aparıldığını qeyd edib.

Qaçqınların Qarabağa qaytarılması müzakirə edilib

Rusiya xarici işlər naziri Sergey Lavrov BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Grandi ilə qaçqınların Qarabağa qaytarılmasından danışıb.

Bazar ertəsi günü baş tutan görüşdə dünyada məcburi köçkün, qaçqın və vətəndaşlığı olmayan şəxslərin vəziyyəti, onların Covid-19 pandemiyası dövründə köçü ilə bağlı məsələlər müzakirə olunub, TASS agentliyi yazıb.

TASS Rusiya XİN-nə istinadən xəbər verir ki, qaçqınların və müvəqqəti köçkünlərin Dağlıq Qarabağa və ətraf rayonlara qaytarılması məsələləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin ötən il imzaladıqları 10 noyabr bəyanatına uyğun olaraq nəzərdən keçirilib.

Azərbaycanla Ermənistan arasında 44 günlük müharibə 2020-ci il sentyabrın 27-də başlayıb, noyabrın 10-da Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan Baş nazirinin imzaladıqları birgə bəyanatla başa çatıb. Bəyanata görə, Rusiya sülhməramlı qüvvələri atəşkəsi təmin etmək üçün Qarabağa yerləşdirilib.

Azərbaycan 1 milyondan çox qaçqın və məcburi köçkününün olduğunu bildirir.