Azərbaycan aviasiyası "Anadolu Qartalı-2021" təlimində iştirak edir, Azərbaycan Kəlbəcərdə mövqelərinin atəşə tutulduğunu bildirib

Hərbi təyyarə

Şəklin mənbəyi, MOD.GOV.AZ

Çap edildi

Azərbaycan pilotları "Anadolu Qartalı-2021" təlimində iştirak edirlər, Nikol Paşinyanın partiyası Ermənistan parlamenintdə 71 mandata sahib olacaq, Azərbaycan Kəlbəcər istiqamətində mövqelərinin atəşə tutulduğunu bildirib. Ermənistan bu məlumatı təkzib edib - daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Azərbaycan "Anadolu Qartalı-2021" təlimində iştirak edir

Azərbaycan hərbi pilotlarının iştirakı ilə Türkiyənin Konya şəhərində keçirilən "Anadolu Qartalı-2021" beynəlxalq taktiki-uçuş təlimi davam edir, Azərbaycan Müdafiə Nazirliyi bazar günü bildirib.

"Təlimin növbəti günündə Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin yer və hava hədəflərinin məhv edilməsi üzrə növbəti döyüş tapşırıqlarını icra edib", - məlumatda qeyd olunub.

Azərbaycan hərbi pilotları "hava növbətçiliyini təşkil edib, hava sərhədini pozmağa cəhd göstərən şərti düşmənin aşkar olunaraq məhv edilməsini icra edib, eləcə də qarşı tərəfin canlı qüvvəsi və zirehli texnikasına zərbələr endirib", Müdafiə Nazirliyi qeyd edib.

NATO-nun iştirakı ilə hazırlanıb hər il keçirilən hərbi təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələri bu il 2 ədəd MIG-29 və 2 ədəd SU-25 hərbi təyyarələri ilə təmsil olunub.

Paşinyanın partiyasının parlamentdə 71 mandatı olacaq

Nikol Paşinyan

Şəklin mənbəyi, Getty Images

Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi partiyası iyunun 20-də keçirilmiş erkən seçkilərin nəticələrinə görə parlamentdə 71 mandata sahib olacaq.

Bunu bazar günü, iyunun 27-də Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan bildirib.

Nikol Paşinyanın əsas rəqibi sayılan, ölkənin keçmiş Prezidenti Robert Koçaryanın Hayastan blokunun parlamentdə 29 mandatı olacaq.

Keçmiş Prezident Serj Sarkisyan və Ermənistan Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın rəhbərlik etdikləri blokun isə parlamentdə 7 səsi olacaq.

Ermənistan MSK-nın bazar günü açıqladığı erkən parlament seçkilərinin son nəticələrinə əsasən, Nikol Paşinyanın partiyası 53,91 faiz, Robert Koçaryanın başçılıq etdiyi seçki bloku - 21,9 faiz, Serj Sarkisyanın və Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın bloku isə 5,22% faiz toplayıb.

Ermənistan parlamentində əldə edilmiş mandat sayı etibarı ilə, Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi partiyası yeni hökumətin tərkibini təkbaşına formalaşdıra bilər.

Ermənistanda növbədənkənar parlament seçkiləri ötən bazar günü, iyunun 20-də keçirilib.

Azərbaycan Kəlbəcər istiqamətində mövqelərinin atəşə tutulduğunu bildirib

Azərbaycan Müdafiə Nazirliyi, Tovuzda atəş

Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

Azərbaycan Kəlbəcər rayonundakı Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulduğunu bildirib. Ermənistan bu məlumatı təkzib edib.

Azərbaycan Müdafiə Nazirliyinin bu gün, iyunun 27-də yaydığı açıqlamasına əsasən, atəş Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində açılıb.

"İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub."

Azərbaycan hərbçiləri arasında ölən və yaralananların olmadığı bildirilir.

"Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - MN-in məlumatında deyilib.

Ermənistan Müdafiə Nazirliyinin bazar günü yaydığı məlumatda deyilib ki, "Ermənistan Silahlı Qüvvələri Azərbaycan mövqelərinə atəş açmayıb."

Məlumatda atəşin Azərbaycan tərəfindən açıldığı iddia edilib, Ermənistan tərəfinin isə "cavab atəşi açmadığı" qeyd olunub.