Bu günün xəbərləri: Azərbaycan Ordusunda təlimlər başlayıb, Ölkədə indiyədək 1 milyon 795 min 49 doza vaksin vurulub

Müdafiə Nazirliyi

Şəklin mənbəyi, MOD.gov.az

Çap edildi

Bu günün xəbərləri: Mayın 20-dək davam edəcək təlimlərdə qoşunlar qanunsuz silahlı qruplaşmaların və terrorçuların zərərsizləşdirilməsi tapşırıqlarını da icra edəcək, Azərbaycanda mayın 16-da COVID-19 infeksiyasına qarşı 17 min 623 doza vaksin vurulub. - daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Azərbaycan Ordusunda təlimlər başlayıb

Mayın 16-dan Azərbaycan Ordusunda qoşun növlərinin cəlb edilməsi ilə təlimlər keçirilir, Müdafiə Nazirliyinin məlumatında deyilib.

"Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən təlimə 15000 nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan və tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub."

Təlimlər

Şəklin mənbəyi, mod.gov.az

Məlumata əsasən, bu təlimlərdə "Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib."

"Qoşunlar eyni zamanda qanunsuz silahlı qruplaşmaların təxribatlarının qarşısının alınması və əks fəaliyyətlə terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları da icra edəcək," - Müdafiə Nazirliyi qeyd edib.

Hərbi təlimlər mayın 20-dək davam edəcək.

Azərbaycanda indiyədək 1 milyon 795 min 49 doza vaksin vurulub

Peyvənd vuran qadın

Şəklin mənbəyi, Getty images

Azərbaycanda mayın 16-da koronavirus (COVID-19) infeksiyasına qarşı 17 min 623 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 4455, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 13168 nəfər olub.

İndiyədək Azərbaycanda vurulan vaksin dozalarının sayı 1 milyon 795 min 49 təşkil edib. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 30 min 831, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 764 min 218 nəfərdir.

Azərbaycanda qeydiyyatdan keçmiş İİV-lə yaşayan insanlar 7449 nəfərdir

QİŞS

Şəklin mənbəyi, AZERTAG

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2021-ci ilin aprelin sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunub, İİV-lə yaşayan insanların sayı 7449 nəfərdir.

Onlardan, 5198-i (69,8 faizi) kişi, 2251-si (30,2 faizi) qadındır.

QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1889 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 1119 nəfərdir.

Respublika QİÇS-lə Mübarizə Mərkəzində 2006-cı ilin noyabrın 8-dən tətbiq edilən antiretrovirus (ARV) terapiyaya 6627 insan cəlb olunub, onlardan 211 nəfərə müalicə 2021-ci ilin ilk 4 ayı ərzində başlanılıb.

"Hazırda Respublika QİÇS-lə Mübarizə Mərkəzində COVID-19 pandemiyası ilə əlaqədar, İİV-lə yaşayan insanların dərman çatışmazlığının qarşısını almaq məqsədilə onlara ARV dərmanların 3 aylıq ehtiyatı verilir. Eyni zamanda, ehtiyac olduqda onların koronavirusa görə testə göndərilməsi həyata keçirilir. İİV-lə yaşayan insanların koronavirusa yoluxmaya görə yüksək risk daşıması ilə əlaqədar, onların COVID-19 barədə biliklərinin artırılması məqsədilə xüsusi broşür nəşr olunub," - Səhiyyə Nazirliyinin məlumatında deyilib.

Hər il may ayının üçüncü istirahət günü QİÇS-dən dünyasını dəyişən insanların Ümumdünya Xatirə Günü kimi qeyd edilir.