Qarabağ müharibəsində itkin düşənlərin qohumları Paşinyanla görüş tələb edir, Azərbaycan-Türkiyə birgə təlimi başlayıb

Şəklin mənbəyi, Tert.am
Yerevanda Qarabağ müharibəsində itkin düşən hərbçilərin qohumları Paşinyanla görüş tələb edir, Bakıda Azərbaycan-Türkiyə birgə təlimi başlayıb, Azərbaycan ötən gecə Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən mövqelərinin Ermənistan tərəfindən atəşə tutulduğunu bildirib - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Yerevanda bir qrup ikinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş hərbçilərin qohumları hökumət binası önündə toplaşıb, Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla görüş tələb edir.
Onlar hesab edirlər ki, Ermənistan hakimiyyəti övladlarını əsirlikdən qaytarmaq və həlak olanların cəsədlərinin axtarışı üçün kifayət qədər səy göstərmir.
Paşinyanın köməkçilərindən biri itkin və əsir düşənlərin qohumları ilə görüşüb və bu gün Paşinyanın onlarla görüşə bilməyəcəyini deyib. Lakin etirazçılar binanın qarşısında qalmaqda davam edir.
Bəziləri jurnalistlərə deyiblər ki, Paşinyanla görüşməyincə hökumət binası önündən getməyəcəklər.
Ermənistan rəsmiləri Azərbaycanın bu günədək 69 erməni hərbi əsir və başqa saxlanılan şəxsləri qaytardığını açıqlayıb. Ermənistan həmçinin, başqa mənbələrdən təsdiqlənməmiş məlumata görə, Azərbaycanda 200-dən çox Ermənistan vətəndaşının əsirlikdə saxlandığını deyir.
Azəraycan Xarici İşlər Nazirliyi ikinci Qarabağ müharibəsindən sonra hərbi əsir statusu olan bütün erməniləri geri qaytardığını açıqlayıb.
Qalan 60-dan çox şəxs isə XİN-ə görə, 10 noyabr bəyanatından sonra Azərbaycan ərazisinə göndərilib və onlar Azərbaycan qanunvericiliyinə uyğun olaraq, törədilmiş qətl, təxribat və digər cinayətlərə görə mühakimə olunurlar. Mayın 4-də onlardan üçü Ermənistana qaytarılıb, XİN bildirib.
Bakıda Azərbaycan-Türkiyə birgə təlimi başlayıb

Şəklin mənbəyi, MOD.GOV.AZ
Müdafiə Nazirliyi bu gün Bakıda Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə "Mustafa Kamal Atatürk-2021" birgə "döyüş atışlı taktiki təlimin" başladığını bildirib.
Qeyd olunub ki, təlim Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə uyğun olaraq keçirilir.
"Təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir."
"İyunun 30-dək davam edəcək təlimə 600 nəfərədək şəxsi heyət, 40-dək tank və digər zirehli texnika, 20-dək müxtəlif çaplı artilleriya qurğusu və minaatan, 7 ədəd döyüş və nəqliyyat helikopteri, 3 ədəd müxtəlif təyinatlı pilotsuz uçuş aparatı, 50-dək avtomobil texnikası cəlb olunub", - - MN-in məlumatında bildirilib.
Azərbaycan Tovuzda mövqelərinin atəşə tutulduğunu bildirib

Şəklin mənbəyi, Getty Images
Azərbaycan Müdafiə Nazirliyi bazar günü gecə saatlarında Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən mövqelərinin Ermənistan tərəfindən atəşə tutulduğunu bildirib.
Müdafiə Nazirliyinin məlumatına görə, atəş Ermənistan silahlı qüvvələrinin mövqeləndiyi Berd rayonunun Kolagir kəndi istiqamətindən açılıb.
Nazirlik bəyan edib ki, "Azərbaycan Ordusunun heyəti arasında həlak olan və yaralanan yoxdur".
"Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - Azərbaycan Müdafiə Nazirliyi elan edib.
Hələ ki, Ermənistan tərəfinin məsələyə reaksiyası məlum deyil.
Bir gün əvvəl Azərbaycan tərəfi Ermənistandan Kəlbəcər tərəfdə atəş açıldığını bildirmişdi.
Ermənistan Müdafiə Nazirliyinin bazar günü yaydığı məlumatda deyilib ki, "Ermənistan Silahlı Qüvvələri Azərbaycan mövqelərinə atəş açmayıb."
Məlumatda atəşin Azərbaycan tərəfindən açıldığı iddia edilib, Ermənistan tərəfinin isə "cavab atəşi açmadığı" qeyd olunub.



























