Azərbaycan Tovuz istiqamətində mövqelərinin atəşə tutulduğunu bildirir, Ermənistan təkzib edir

Çap edildi

Azərbaycan Müdafiə Nazirliyi Tovuzdakı mövqelərinin atəşə tutulduğunu bildirir, Ermənistan bu məlumatı təkzib edib, İlham Əliyev Azərbaycanın yüzlərlə hərbçisini müxtəlif ordenlərlə və ən azı 69 min 530 hərbiçisini medalla təltif edib,SOCAR-Petrofac və BP Azərbaycan arasında yeni müqavilə imzalanıb, Azərbaycan və Rusiya Prezidentləri və XİN başçıları eyni gündə nədən danışıblar?Rusiya Cənubi Qafqazda etimadın möhkəmləndirilməsinə "kömək edir", - daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Azərbaycan Tovuz rayonundakı Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulduğunu bildirir. Ermənistan bu məlumatı təkzib edib.

Azərbaycan Müdafiə Nazirliyinin cümə axşamı günü yaydığı açıqlamasına əsasən, atəş Tovuz rayonunun Muncuqlu kəndi istiqamətində açılıb.

"İyunun 24-də saat 14:30-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Ayqedzor kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub".

Azərbaycan hərbçiləri arasında ölən və yaralananların olmadığı bildirilir.

Ermənistan Müdafiə Nazirliyi Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonundakı mövqeləri istiqamətində atəş açıldığı haqqında məlumatı təkzib edir.

Sərhədin bu sahəsində vəziyyət sakitdir, Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir.

İlham Əliyev on minlərlə hərbçini medallarla və ordenlərlə təltif edib

Bu gün Prezident İlham Əliyev Azərbaycanın yüzlərlə hərbçisini "İgidliyə görə", "Vətən uğrunda", "Cəsur döyüşçü", "Döyüşdə fərqlənməyə görə" və "Hərbi xidmətlərə görə" medalları, "Qarabağ", "Azərbaycan Bayrağı", 3-cü dərəcəli "Rəşadət", 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri təltif edib.

Prezident gün ərzində həmçinin ən azı 69 min 530 hərbiçini medalla təltif edib. Prezidentin saytının məlumatına görə, hərbçilər Suqovuşan, Laçın, Kəlbəcər, Ağdam, Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Xocavənd ərazilərinin alınmasında iştiraklarına görə müvafiq medallarla təltif ediliblər.

Medal və orden alanlar arasında onlarla general, yüzlərlə polkovnik rütbəli hərbçilər var. Bəzi hərbiçilər ölümündən sonra təltif olunub.

Azərbaycan Prezidenti hərbçilərin təltif olunması haqda bu gün sərəncam imzalayıb və qərar Prezidentin saytında dərc olunandan sonra saytın həmin bölməsinə bir müddət daxil olmaq mümkün olmayıb.

İyunun 26-ı Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd edilir və ənənəvi olaraq hər il bu ərəfədə Prezident bəzi hərbi qulluqçuları təltif edir və mükafatlandırır.

1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikasının ordusu yaradılıb. 2020-ci ilin sentyabrında Azərbaycan İkinci Qarabağ müharibəsində uğurlu hərbi əməliyyatlar keçirərək 44 gün ərzində 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarının böyük hissəsini azad edib.

Həmin ilin noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə atəşkəs bəyanatı imzalanıb və Qarabağa Rusiya sülhməramlıları gəlib.

SOCAR-Petrofac və BP Azərbaycan arasında müqavilə imzalanıb

SOCAR və Petrofac şirkətinin birgə müəssisəsi olan SOCAR-Petrofac BP Azərbaycan şirkəti ilə 25 milyon dollar dəyərində yeni müqavilə imzalayıb.

Bu barədə SOCAR şirkətinin yaydığı açıqlamada deyilir.

Yeni razılaşmaya görə, SOCAR-Petrofac Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) neft yataqları blokunun MƏRKƏZİ-ŞƏRQİ AZƏRİ (Azeri Central East- ACE) layihəsini dəstəkləyəcəkdir.

"ACE layihəsi Azəri-Çıraq-Dərinsulu Günəşli yataqlar blokunun işlənməsinin hazırkı mərhələsidir", məlumatda deyilir.

Layihə çərçivəsində yeni dəniz özülünün tikintisi və quraşdırılması, gündəlik 100 000 barrelədək neft hasil olunması nəzərdə tutulur.

İlk neftin hasilatı 2023-cü ildə gözlənilir.

Azərbaycan və Rusiya Prezidentləri və XİN başçıları eyni gündə nədən danışıblar?

Çərşənbə günü əvvəlcə Azərbaycan ilə Rusiyanın xarici işlər nazirləri sonra isə Prezidentlər İlham Əliyev və Vladimir Putin telefonla danışıblar.

İlham Əliyev Vladimir Putinə telefonla zəng edib.

Prezidentin saytının məlumatına görə, Prezidentlərin telefon danışığı zamanı "Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarının həyata keçirilməsinin praktiki aspektləri nəzərdən keçirilib".

Məlumata görə, telefon söhbətində Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası üzrə üçtərəfli formatda işin fəallaşdırılmasına xüsusi diqqət yetirilib.

Hər iki Prezident müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

Bu telefon söhbətindən bir neçə saatə əvvəl isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, hər iki nazir Rusiya, Azərbaycan və Ermənistan liderlərinin əldə etdikləri razılaşmaların, o cümlədən Dağlıq Qarabağda humanitar vəzifələrin həllinə dair razılaşmaların həyata keçirilməsi barədə danışıblar.

"Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının, xüsusən Dağlıq Qarabağda humanitar vəzifələrin həllinə dair razılaşmaların həyata keçirilməsi kontekstində bir sıra mövzulara toxunulub. Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin birgə sədrlik etdiyi Üçtərəfli İşçi Qrupunun regionun münaqişədən sonra inkişafına əhəmiyyətli töhfə verdiyi vurğulanıb", - Rusiya Xarici İşlər Nazirliyi bildirib.

Bu ayın əvvəlində rəsmi Yerevan bəyan etmişdi ki, Azərbaycan-Ermənistan-Rusiya birgə işçi qrupunun "işi davam etmir".

İyunun 20-də Ermənistanda erkən parlament seçkiləri keçirildikdən sonra ötən gün Rusiya və Azərbaycan rəsmiləri "Üçtərəfli İşçi Qrup" barədə danışıblar.

Rusiya Cənubi Qafqazda "etimadın möhkəmləndirilməsinə" kömək edir

Rusiyanın xarici işlər naziri Cənubi Qafqazda əmin-amanlığın bərpasına şərait yaratmaq üçün ölkəsinin xeyli iş gördüyünü bəyan edib.

Bu barədə Sergey Lavrov Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva konfransında çıxış edərkən danışıb.

Rusiyalı diplomatın sözlərincə, onun ölkəsi ATƏT Minsk Qrupunun digər "həmsədrləri ilə birlikdə" tərəflər arasında etimadın möhkəmləndirilməsinə və humanitar layihələrin həyata keçirilməsinə kömək edir.

Sergey Lavrov həmçinin ötən il başa çatan müharibənin dayandırılmasında Rusiyanın "həlledici rol oynadığını" qeyd edib.

Ötən gün eyni fikri Rusiya Prezidenti Vladimir Putin də dilə gətirib.