Paşinyan: “Həlak olan erməni hərbçilərin sayı 3700 -ə çatır”

Çap edildi

Paşinyan 2-ci Qarabağ müharibəsində 3700-ədək erməni hərbçisi həlak olduğunu deyib. Ermənistanın keçmiş hərbçisi və onun dostu "Azərbaycana məlumat ötürməkdə" ittiham olunurlar. Azərbaycanda Sinovac, AstraZeneca və Sputnik V vaksinlərindən başqa Pfizer vaksininin tətbiqinə başlanılıb. Ermənistanda bu ay baş tutacaq parlament seçkisində hansı siyasi qüvvələr iştirak edir? - daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Bu günədək İkinci Qarabağ müharibəsi nəticəsində rəsmən təsdiqlənmiş həlak olan erməni hərbçilərin sayı 3700 -ə çatır, bazar ertəsi Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, bu rəqəm ancaq 4 minədək arta bilər və o, əleyhdarları tərəfindən "nə üçün həlak olanların sayının 5 min deməsini" anlamır.

"Görünür, onların istəyi budur. Onlar istəyərdilər ki, daha çox insan ölsün. Bununla nə demək istəyirlər? Azərbaycanlılara vəkillikmi edirlər?" - deyə Paşinyan Ermənistan hakimiyyətini müharibə başlamaqda ittiham edən rəqiblərinin "Azərbaycanın dəyirmanına su tökdüyünü" bəyan edib.

Daha əvvəl Ermənistanın keçmiş prezidenti Robert Koçaryan bəyan edib ki, Paşinyan hakimiyyəti "öz hərəkətləri ilə Qarabağ müharibəsinin başlanmasını yaxınlaşdırıb".

Ötən payız başlamış və 44 gün davam etmiş müharibədə Azərbaycan 3 minə yaxın hərbçisini itirib.

Ermənistanda Azərbaycan üçün casusluqda ittiham olunan keçmiş hərbçi həbs olunub

Ermənistanda Azərbaycan üçün casusluqda ittiham olunan keçmiş hərbçi həbs olunub, - Ermənistan Milli Təhlükəsizlik Xidməti açıqlayıb.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətindən BBC News Azərbaycancaya bu barədə "məlumat verə bilməyəcəkləri" bildirilib.

Məlumata görə, keçmiş hərbçi və onun Ermənistan vətəndaşı olan dostu Türkiyədə Azərbaycan xüsusi xidmətinin diqqətini cəlb edib və "muzdla Ermənistanın ərazi bütövlüyü və xarici təhlükəsizliyinə zidd fəaliyyət göstərmək təklifini qəbul ediblər".

Daha sonra bu şəxslər "razılaşmaları sənədləşdirmək və konkret göstərişlər almaq üçün" Azərbaycanın xüsusi xidmət nümayəndələri ilə başqa ölkədə görüşə gediblər, məlumatda qeyd olunur.

Bundan başqa, məlumatda deyilir ki, üçüncü ölkədə Azərbaycan səfirliyi ərazisində sözügedən şəxslər əməkdaşlığa razılıq haqqında sənədlər imzalayıb və bundan sonra onlara xüsusi ləqəblər və avansla pul verilib.

Bu şəxslərin ötən il baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi zamanı erməni qoşunlarının yerləşməsi, silahlı qüvvələri komandirlərə aid şəxsi məlumat, silahların miqdarı haqqında hərbi və dövlət sirlərinin Azərbaycan xüsusi xidmətlərinə verdiyi bildirilir.

"Müttəhimlər səmimi etiraf edib, məhkəmə onların barəsində həbs qətimkan tədbiri seçib".

Ermənistanda erkən parlament seçkisində kimlər iştirak edir?

Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkisində müstəqillikdən sonra ölkəyə rəhbərlik etmiş bütün şəxslər, o cümlədən, indiki hakimiyyət rəhbərliyi iştirak edir.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan "Erməni milli konqres" partiyası siyahısına başcılıq edir, ikinci prezident Robert Koçaryan - "Hayastan" ("Ermənistan") blokuna, hazırda ölkənin Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan isə "Vətəndaş müqaviləsi"partiyası siyahısında birinci sıradadır.

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan heç bir siyahıda yoxdur, amma onun rəhbəri olduğu Ermənistan Respublikaçı Partiyası seçki kampaniyasına qatılan, keçmiş Milli Təhlükəsizlik Xidmətinin başçısı Artur Vanetsyanın liderlik etdiyi "Şərəfim var" blokunun himayəçisidir.

Yerli ekspertlərin ehtimalına görə, "Vətəndaş müqaviləsi" (lideri - Nikol Paşinyan), "Hayastan" (Robert Koçaryan), "Pativ Unem" (erməni dilində ''təzim edirəm'' mənasını verir) bloku (Artur Vanetsyan və Serj Sarkisyanın himayəsi ilə), "Firavan Ermənistan" (Qaqik Tsarukyan), həmçinin, "Zəkalı Ermənistan" (Edmon Marukyan) və "Erməni milli konqres" (Levon Ter-Petrosyan) partiyalarının parlamentə seçilmək şansları var.

Seçkilər tək proporsional seçki sistemi üzrə keçirilir. Seçkilərdə 22 partiya və 4 blok iştirak edir.

Milli Məclisdə təmsil olunmaq üçün siyasi partiyalar səslərin 5 faizini, bloklar 7 faizini qazanmalıdır.

Bu gündən təbliğat kampaniyası başlayır.

Ermənistanda seçkilərdə iştirak etmək hüququna malik olan vətəndaşların ümumi sayı 2 milyon 600 mindən çoxdur.

"Pfizer" vaksinin tətbiqinə başlanılır

Bu gündən Azərbaycanda koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə "Pfizer" vaksinin tətbiqinə başlanılır, Səhiyyə Nazirliyi açıqlayıb.

Nazirlik bildirib ki, bu vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində və Zərifə Əliyeva 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyasında başlanacaq.

18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər, Səhiyyə Nazirliyi qeyd edir.

Peyvənd etdirmək istəyən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Almaniya istehsalı olan Pfizer-BioNTech vaksini Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb.

Azərbaycanda Pfizer vaksinindən başqa Sinovac, AstraZeneca və Sputnik V vaksinləri tətbiq olunur.

Azərbaycanda bu günədək 2.5 milyondan çox şəxs Covid-19-a qarşı peyvəndlənib.

İndiyədək ölkədə 330 mindən çox şəxs koronavirus infeksiyasına yoluxub, 5 minə yaxın şəxs ölüb.