Britaniyaya 20 milyon dollar "çirkli pul gətirməkdə" təqsirləndirilən Azərbaycan əsilli cütlüyün adı daha bir həftə məxfi saxlanacaq

London

Şəklin mənbəyi, Getty Images

Çap edildi

Britaniyaya "çirkli pullar gətirən" Azərbaycan əsilli cütlüyün adları "məxfi" saxlanılacaq, Fransa Azərbaycana onun himayəsi altında "Minsk qrupunun həmsədri kimi yüksək səviyyəli bir dialoq qurmaq üçün bütün öhdəliklərini" davam etdirəcəyini vəd edir, Ermənistan səhiyyə naziri əvəzi cənazələrə görə üzr istəyib, Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayıb, - daha ətraflı BBC News Azərbaycancanın iclasında

Britaniyaya milyonlarla "çirkli pul" pul gətirməkdə təqsirləndirilən Azərbaycan əsilli London cütlüyünün adları ən azı daha bir həftə ərzində məxfi saxlanılacaq, Ali Məhkəmənin çıxardığı son hökm barədə yazan Evening Standard qəzeti bildirir.

Britaniya qəzeti artıq iki ilə yaxındır ki, Londonda "çox milyonluq" mülkə sahib olduğu deyilən cütlüyün işi üzərindən məxfilik qrifinin qaldırılması uğrunda mübarizə aparır.

Sənədlərdə adları X və Y kimi göstərilən cütlük müxtəlif şirkətlər vasitəsiylə Britaniyaya qanunsuz yolla təxminən 14 milyon funt-sterlinq gətirməkdə (33,6 mln AZN) ittiham olunur.

Məhkəmə sənədlərində cütlüyün hesabına pul köçürməkdə iştirak etdiyi deyilən bir neçə şirkətin "Azərbaycan landromatı" kimi tanınan sxemin tərkibi olduğu göstərilir.

Cütlük pullarının korrupsiya mənşəli olduğu barədə ittihamları rədd edir, Evening Standard qəzeti xəbər verir.

Roman Protaseviç

Şəklin mənbəyi, Belaruskaja Tele-Radio Campanija

Belaruslu jurnalist TV efirində etirafa "məcbur olunub"

Belaruslu jurnalist Roman Protaseviçin ailəsi bildirir ki, o, dövlət televiziyasında hökumət əleyhinə nümayişlərin təşkilini etiraf etməyə məcbur olunub.

İyunun 3-də efirə gedən videoda gözü yaşlı cənab Protaseviç Prezident Aleksandr Lukaşenkonu tərifləyir, onu devirməyə cəhd etdiyini etiraf edir.

Onun biləklərində izlər görünür. İnsan hüquqları və müxalifət fəalları onun işgəncəyə məruz qaldığını deyirlər.

Protaseviç

Şəklin mənbəyi, Belarus TV

Şəklin alt yazısı, Cənab Protaseviçin biləklərində izlər görmək olar, onlar qandallardan qala bilərdi

26 yaşlı cənab Protaseviç keçən ilə qədər Telegramda yayılan müxalif Nexta kanalının redaktoru olub. Onun adı Belarus hökuməti tərəfindən "terror fəaliyyətində iştirak edən şəxslər" siyahısına salınıb.

Roman Protaseviç ötən ay, onun Litvaya uçduğu təyyarə Minskdə enməyə məcbur olunduqdan sonra saxlanılıb.

Bakıda Formula 1 yarışları başlayır

Şəklin mənbəyi, Getty Images

Formula 1 Azərbaycan Qran-Prisi başlayıb

Cümə günü Bakıda Formula 1 üzrə dünya çempionatının altıncı - Azərbaycan Qran-Pri yarışları başlayıb.

Azərtacın məlumatına görə, yarışlarda 10 komandadan 20 pilot iştirak edir və onlar 6 kilometr uzunluğunda yolda dövrə vururlar.

Koronavirus pandemiyası səbəbindən bu il yarışlar tamaşaçıların iştirakı olmadan keçirilir.

Amma Bakı Şəhər halqasının nümayəndəsi BBC News Azərbaycancaya bildirib ki, hazırda şəhərin mərkəzində yerləşən otellərdən və sakinlərin eyvanlarından insanlar bu yarışları izləyir və bu cür izləməkdə məhdudiyyət yoxdur.

Məlumata görə, Bakı şəhər halqasında dünyanın ən məşhur pilotları - Luis Hemilton, Fernando Alonso, Sebastyan Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Yarışın keçiriləcəyi ərazi Bakının mərkəzi hissələrini və tarixi İçərişəhərin ətrafını əhatə edir. Rəsmi məlumatda bildirilib ki, təşkilatçılar marşurutu seçərkən şəhərin tarixi və mərkəzi yerlərinin görünməsinə xüsusi diqqət ediblər. Formula 1 yarışlarına görə Bakının bəzi mərkəzi küçələri nəqliyyatın və piyadaların hərəkətinə bağlanıb. Paytaxtın mərkəzindən keçən marşurut xətlərinin istiqamətləri dəyişdirilib.

Əvvəlki illərdən fərqli olaraq, bu il yarışlar zamanı paytaxt sakinlərinin Dənizkənarı Milli Parka getmələrinə maneə törədilməyib.Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq.

Bu gün Formula 1 və Formula 2 üzrə sərbəst yürüşlər təşkil olunacaq. Yarışların iyunun 6-da başa çatacağı bildirilib.

Macron və Paşinyan

Şəklin mənbəyi, Getty Images

Makron ''Azərbaycan Ermənistan torpaqlarından çıxmalıdır'' dedikdən sonra İlham Əliyevə məktub yazıb

Fransa Azərbaycana onun himayəsi altında "Minsk qrupunun həmsədri kimi yüksək səviyyəli bir dialoq qurmaq üçün bütün öhdəliklərini" davam etdirəcəyini vəd edir.

Fransa Prezidenti Emmanuel Macron azərbaycanlı həmkarı İlham Əliyevə göndərdiyi məktubunda belə yazıb.

Bundan iki gün öncə isə Prezident Macron Parisdə Nikol Paşinyanla görüşü zamanı Azərbaycanı ''Ermənistan torpaqlarından çıxmağa'' çağırıb.

O, İlham Əliyevə məktubunda Azərbaycanla Ermənistan arasında ədalətli, davamlı sülh və ortaq rifah mənbəyi əldə ediləcəyinə əminliyini ifadə edib.

Emmanuel Macron məktubunda bildirib ki, Azərbaycan-Fransa arasında "diplomatik münasibətlərin qurulmasının otuzuncu ildönümü yaxınlaşdıqca möhkəm və uzun müddət davam edən ikitərəfli münasibətlər xeyli güclənib". "Cari il yanvarın 14-də son telefon danışığımız zamanı ikitərəfli münasibətlərimizə yeni bir nəfəs vermək istədik,"- Fransa Prezidenti məktubunda vurğulayıb.

O əlavə edib ki, davamlı sülhə şərait yaratmaq üçün "dərin işləri davam etdirmək" lazımdır: "Bu, xüsusilə Ermənistan və Azərbaycan arasındakı sərhədin sülh yolu ilə delimitasiyasını və hərbi əsirlərin öz yaxınlarına qovuşa bilmələrini nəzərdə tutur. Bölgənin bütün irsinin müxtəlifliyi ilə qorunması da vacibdir. Bu baxımdan, UNESCO-nun təklif etdiyi missiyanın təşkilini asanlaşdırmağınızı tövsiyə edirəm".

Cənab Makron İlham Əliyevə xitabən əlavə edib ki, o, "ikitərəfli münasibətlərin keyfiyyətinə şəxsi bağlılığından" xəbərdardır.

O, Azərbaycan-Fransa arasında, xüsusən iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində böyük inkişaf potensialının istifadə zərurətini və mövcud əlaqələri xatırladıb və vurğulayıb ki, onlar "bu ambisiyanı davam etdirməlidirlər".

Bundan əvvəl Fransa Prezidenti bu ölkədə səfərdə olan Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüşü zamanı Ermənistanla Azərbaycan arasında dialoqun inkişafına yardım edəcəyini bildirib.

Fransa Prezidenti Azərbaycan-Ermənistan sərhədində baş verən "son hadisələrlə bağlı" deyib ki, delimitasiya prosesi yalnız danışıqlar yolu ilə və "güc tətbiq etmədən" həyata keçirilməlidir.

Macron-un sözlərinə görə, "Azərbaycan qoşunları Ermənistan ərazisini tərk etməli", "tərəflər 11 may tarixindən etibarən tutduqları mövqelərə qayıtmalıdırlar".

Azərbaycan Xarici İşlər Nazirliyi buna cavab olaraq bildirib ki, onlar iki ölkə arasında atəşkəs rejiminə riayət edilməsində "Fransanın hər hansı rolunu" görmürlər.

Qurum onu da əlavə edib ki, Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinləri səviyyəsində görüşlər keçirilir və dialoq mövcuddur. "Lakin Fransanın bu prosesdə hər hansı rolu yoxdur,"- Azərbaycan XİN sözçüsü Leyla Abdullayeva bildirib.

"Delimitasiya və demarkasiya prosesinə gəldikdə, bəyan etdiyimiz kimi, Azərbaycan delimitasiya prosesinə başlamağı dəstəkləyir və bu proses danışıqlar yolu ilə öz həllini tapmalıdır," - nazirlik sözçüsü vurğulayıb.

Ermənistan səhiyyə naziri cənazələrə görə üzr istəyib

Hərbçilərin cənazələri

Şəklin mənbəyi, Mediaport-Telegram

Şəklin alt yazısı, Ermənistan mediasında yayılan görüntülər etirazlara səbəb olub

Ermənistan səhiyyə naziri vəzifəsini icra edən Anahit Avanesyan Qarabağ müharibəsində həlak olan hərbçilərin cənazələrinin saxlanması şəraitinə görə qalmaqalla bağlı hərbçilərin qohumlarından üzr istəyib.

O, müharibədə həlak olanların cənazələri və bədən hissələrinin nəql olunması və məhkəmə-tibb ekspertizası müddətində saxlanması prosesində səhvlərə yol verildiyini etiraf edib.

Qalmaqala daha əvvəl sosial şəbəkələrdə Abovyan şəhəri məhkəmə-tibb ekspertizası mərkəzinin zirzəmisində döşəmənin üstünə səliqəsiz düzülmüş Qarabağ müharibəsində həlak olan hərbçilərin ehtimal olunan bədən hissələri yığılmış polietilen torbalar əks olunmuş fotoşəkillər səbəb olub.

Ermənistan Baş Prokurorluğu Ermənistan Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmək maddəsi ilə cinayət işi açıb.

"Həlak olmuş hərbçilərin cəsədləri və hissələri ilə dolu 6 torba zirzəmidən çıxardılıb və Kotayk vilayəti məhkəmə-tibb ekspertizası şöbəsinin soyuducularına, qalanı - Geğarkunik vilayəti Martuni şəhərinin meyitxanasına yerləşdirilib", - öz Facebook hesabında baş prokurorun müşaviri Qor Abrahamyan qeyd edib.

Hadisə ilə bağlı Abovyan şəhəri məhkəmə-tibb elmi-praktiki mərkəzin bir şöbə müdiri və iki işçisi işdən azad edilib, müdirinə isə ciddi töhmət verilib.

Daha əvvəl isə, bazar ertəsi günü Qarabağ müharibəsi nəticəsində itkin düşmüş hərbçilərin qohumları Yerevan meyitxanası yerləşən Heratsi prospektini bağlayıb etiraz aksiyasını keçiriblər.

Onların sözlərinə görə, hakimiyyət uzun müddət, "əlavə hay-küy qalxmasın deyə", həlak olan hərbçilərin meyitlərini gizlədir.

Etirazçı əsgər atası Arsen Ğukasyan isə jurnalistlərə deyib ki, 200-dən çox cəsəd müxtəlif yerlərdə, o cümlədən, meyvə üçün sənaye soyuducularında gizli saxlanıb.

Səhiyyə Nazirliyi bu məlumatı təkzib edib.

May ayının əvvəlinə olan rəsmi məlumatlara görə, İkinci Qarabağ müharibəsində Ermənistan tərəfindən həlak olmuş 3029 nəfərin siyahısı dərc olunub.

Eyni zamanda Ermənistan Səhiyyə Nazirliyinin bundan bir ay əvvəlki tarixə olan məlumatına görə, 3684 meyitin məhkəmə-tibbi ekspertizası keçirilib.

Ermənistanda müharibədə itkin düşənlərin rəsmi sayı hələ ki, açıqlanmayıb.

bu gün Azərbaycan

Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

Şəklin alt yazısı, Photo: Arxiv

Azərbaycan-Türkiyə arasında Hərbi Dialoq

Cümə axşamı Bakıda "Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası" öz işinə başlayıb.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilir, hərbi və müdafiə sahəsində inkişaf perspektivləri və əsas fəaliyyət istiqamətləri nəzərdən keçirilir.

İclasın Azərbaycandan həmsədri müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyədən isə Baş Qərargahın ikinci rəisi general-leytenant Selçuk Bayraktaroğludur.

İlham Əliyev

Şəklin mənbəyi, Azertag

Avropa İttifaqı Şurasının Prezidentindən İlham Əliyevə zəng

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin, iki ölkə arasında etimad quruculuğu tədbirlərinin başlanmasına dəstək verməyə hazırdır. Bunu Aİ Şurasının Prezidenti Charles Michel Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla söhbətində bildirib.

President.az yazır ki, çərşənbə günü İlham Əliyevə zəng edən Charles Michel hər iki tərəfi saxlanılan şəxslər, tam şəffaflıq şəraitində mina və digər humanitar məsələlər üzrə əməkdaşlıq etməyə çağırıb.

Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması üçün danışıqlara başlamağa hazır olduğunu qeyd edib, lakin Ermənistanın hələ də bu çağırışa cavab vermədiyini bildirib.

Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel hər iki tərəfi konstruktiv mühitdə danışıqlar aparmağa çağırıb, president.az yazır.

Telefon söhbəti zamanı hər iki tərəf Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsində maraqlı olduqlarını bildirib. Həmçinin Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının əhəmiyyəti vurğulanıb və və bu xüsusda qarşıdakı sammit ilə bağlı fikir mübadiləsi aparılıb.

Avropa İttifaqı Şurasının Prezidenti Ermənistanın hazırda Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla da görüşüb və ona da Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsində, eləcə də Azərbaycanla Ermənistan arasında münasibətlərin stabilləşməsində dəstəyini ifadə edib.

Mayın 12-dən Azərbaycan-Ermənistan sərhədində, Zəngəzur bölgəsində, Sevliç (Qaragöl) gölü yaxınlığında gərginlik yaşanır. Ermənistan Azərbaycan hərbçilərinin sərhədi pozduğunu, Azərbaycan isə beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini deyir. Rusiya və ABŞ tərəfləri yaranmış vəziyyəti danışıqlar yolu ilə həll etməyə çağırıb.