You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Azərbaycanın iki sərhədçisi həlak olub, Ermənistanda “Metsamor” AES-in işi müvəqqəti dayandırılır, Azərbaycan Hərbi Hava Qüvvələrinin təlim-məşq uçuşları
Azərbaycanın iki sərhədçisi həlak olub, Ermənistanda "Metsamor" Atom Elektrik Stansiyasının işi müvəqqəti dayandırılıb, Azərbaycan Hərbi Hava Qüvvələri təlim-məşq uçuşları keçirir, bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Yardımlı rayonunda Azərbaycan sərhədçilərinin naryadına hücum nəticəsində iki nəfər həlak olub, Dövlət Sərhəd Xidməti bildirir.
Hadisə "Göytəpə'" sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Məlumata əsasən, "Dayan" əmrinə tabe olmayan sərhəd pozucuları atəş açaraq hadisə yerindən qaçmağa çalışıblar.
"Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanmışlar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunmuş, lakin həyatlarını xilas etmək mümkün olmamışdır".
Hadisə ilə bağlı bir İran vətəndaşının saxlanıldığı bildirilir. DSX baş verən insidentlə bağlı İran tərəfinə məlumat verildiyini qeyd edilir.
Ermənistanda "Metsamor" AES-in işi müvəqqəti dayandırılır
Ermənistanın Atom Elektrik Stansiyasında başlanılan "geniş miqyaslı" profilaktik-təmir işləri ilə bağlı stansiya 141 gün müddətinə işini dayandırır, AES-in rəsmi açıqlamasında deyilir. Məlumata əsasən, bu, stansiyanın İkinci enerji blokunun istismar müddətinin uzadılması ilə bağlı davam edən layihə-plan işlərinin tərkibidir.
"15 may tarixində, stansiyanın modernləşdirilməsi və istismar müddətinin uzadılması layihəsi çərçivəsində AES-də əsas plan-profilaktik təmir (PPR-2021) başlayıb... Ermənistan AES-in işi 141 günə dayanacaq - bu, layihənin başlanmasından bəri ən uzun müddətli plan-profilaktik təmiridir", - şənbə günü AES-in saytında yerləşdirilən məlumatda qeyd olunur.
Təmir işlərində Rusiya, Belarus, Slovakiya, Ukrayna, Xorvatiya, Çexiya və digər ölkələrdən təxminən 400 mütəxəssisin iştirak edəcəyi deyilir. Planlara görə, enerji bloku 2 oktyabr tarixində işə salınmalıdır.
Ermənistan hökumətinin proqramı "Metsamorun" istismar müddətinin 2026-cı ilə qədər uzadılmasını nəzərdə tutur.
2014-cü ildə Ermənistan hökuməti "Rosatom" dövlət korporasiyasına daxil olan "Rusatom Service" səhmdar cəmiyyətinin himayəsi altında AES-in İkinci enerji blokunun istismar müddətini (2026-cı ilədək) uzadacaq layihəni qəbul edib.
Metsamor şəhərində yerləşən AES-in Birinci bloku 1976-cı ildə, İkinci bloku isə 1980-ci ildə istismara verilib. 1988-ci ildəki zəlzələdən sonra stansiyanın işi dayandırılıb və o, yenidən 1995-ci ildə işə salınıb.
Azərbaycan Hərbi Hava Qüvvələri təlim-məşq uçuşları keçirir
Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri, Bayraktar və müxtəlif tipli digər pilotsuz uçuş aparatları təlim-məşq uçuşlarına başlayıb. Bu barədə Müdafiə Nazirliyi bildirir.
Məlumata əsasən, təlim-məşqlər hazırlıq planına uyğun olaraq keçirilir. Əsas məqsəd şərti düşmənin yerüstü "hədəflərinin koordinatlarının" təyin edilməsidir.
"Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə aparılan məşqlərdə hərbi pilotlar və PUA operatorları tapşırıqları gecə və gündüz vaxtı icra edir", - nazirliyin saytındakı məlumatda deyilir.
Bundan əvvəl Azərbaycan 16-20 may tarixlərində 15 minlik şəxsi heyətlə təlimlərin keçiriləcəyini bəyan edib. Təlimlər Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşdiyi vaxta təsadüf edir.