‘’İntihara cəhd etmiş’’ 10-a yaxın məhbusun vəziyyəti ‘’ağırdır’’

Çap edildi

6 saylı Cəzaçəkmə Müəssisəsində bazar günü özlərinə xəsarət yetirdiyi deyilən 10-a yaxın məhbusun vəziyyətinin "ağır" olduğu və işgəncələrə məruz qaldıqları iddia olunur.

"Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov BBC News Azərbaycancaya deyib ki, onlara aprelin 25-də bir qrup məhkumun müəssisə rəhbərliyinə etiraz olaraq özlərinə xəsarət yetirməsi və damarlarını doğraması barədə məlumat daxil olub.

O, həmin məhkumlardan dördünün kimliyinin müəyyənləşdirildiyini və vəziyyətlərinin "ağır" olduğunu deyib.

Rüfət Səfərov sözügedən etirazdan bir gün sonra həmin məhbusların "işgəncəyə məruz qalmaları" barədə məlumat əldə etdiyini bildirib.

Ədliyyə Nazirliyi Penitensiar Xidməti sözügedən cəzaçəkmə müəssisəsində hər hansı etiraz və ya özünəxəsarət hadisəsinin ümumiyyətlə "baş vermədiyini" bildirib.

Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov BBC News Azərbaycancaya deyib ki, "heç bir məhbusa işgəncə verilmir".

Rüfət Səfərov əlavə edib ki, məhkumlardan etirazın dəqiq səbəbləri barədə ətraflı məlumat öyrənmək mümkün olmasa da, bu barədə ilkin ehtimallar var:

"Özüm keçmiş dustaq və müəssisələrdəki problemlərdən məlumatlı şəxs kimi bilirəm ki, bu müəssisələrdə ənənəvi problemlər var. Məsələn, telefon danışığı, müəssisələrdəki dükanlarda qiymətlərin "ceyran belində olması" və s...Öz müşahidəmdən deyirəm ki, orada heç bir kassa aparatı olmur, qiymətlər bir neçə dəfə baha olur. Bundan başqa, dustaqlar arasında adi problem olanda karsa (red: cərimə təcridxanası) salınırlar və oradan buraxılmaları üçün hadisənin miqyasından asılı olaraq məhkumlardan 500 manatdan 7 minədək pul tələb olunur. Eləcə də Qobustan həbsxanasına göndərilməmək üçün. Özünə xəsarət edən məhbusların etiraz səbəbləri də bunlar ola bilər", o deyib.

Rüfət Səfərov deyir ki, bu kimi hallar olanda məhkumların telefon danışığı "tam ciddi nəzarətə götürülür ki, informasiyanın necə sızması müəyyən edilsin" və əgər bu, baş tutarsa, həmin şəxsin aqibəti "çox ağır" ola bilər.

Mehman Sadıqov bu iddiaları təkzib edib və cəzaçəkmə müəssisələrindəki mağazalarda satışın "nağdsız" şəkildə həyata keçirildiyini və qiymətin dövlət tərəfindən müəyyən edildiyini qeyd edib.

"Məhkumun hesabında pul varsa onu həmin dükana köçürür və qanunla tələb edilmiş sayda ilkin təlabat mallarını ala bilir. Qiyməti dövlət müəyyən edir, kimsə özbaşına qiymət qoya bilməz. Şəxsi dükan deyil axı", - Mehman Sadıqov söyləyib.

Penitensiar Xidmətin sözçüsü qeyd edib ki, məhbus cərimə təcridxanasına salınmamışdan əvvəl onunla profilaktik söhbət aparılır və ya digər tənbeh tədbirləri həyata keçirilir.

Onun sözlərinə görə, tənbeh tədbirləri öz müsbət nəticəsini vermirsə, o zaman məhkumu cərimə təcridxanasına sala bilərlər.

"Məhkumun cərimə təcridxanasından Qobustan həbsxanasına keçirilməsi məhkəmənin qərarı ilə həyata keçirilir və orada məhkumun vəkili və digər tərəflər də iştirak edir. Əgər doğrudan, məhkumun islahı yalnız həbsxana rejimi çərçivəsində həyata keçirilərsə, o zaman həbsxanaya keçirilir. Kimdənsə pul alıb göndərmək tamamilə cəfəng söhbətdir. Heç bir müəssisə özbaşınalıq etmir. Hər bir müəssisə - cəzaçəkmə müəssisəsi, istintaq təcridxanası mütəmadi olaraq nəzarət altındadır. Ona görə də, kiminsə özbaşınalığından söhbət gedə bilməz".

Mehman Sadıqov BBC News Azərbaycancanın sadalanan iddialarla bağlı Penitensiar Xidmətə hər hansı şikayət daxil olub-olmaması sualına cavab verməyib, lakin qeyd edib ki, "əgər məhkumdan bu və ya digər məsələ ilə bağlı şikayət daxil olubsa, bu məsələlər dərhal araşdırılır və bu, təkcə Penitensiar Xidmət yox, həm də Ədliyyə Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilir".

Rüfət Səfərov etiraz edən məhbusların ailə üzvləri ilə əlaqə yarada bilmədiklərini, lakin bu yöndə çalışdıqlarını bildirib.