Emin Əmrullayev "təhsil haqlarının ləğv edilməsinin təhsildə rəqabət prinsipindən imtina olduğunu" deyir

Emin Əmrullayev

Şəklin mənbəyi, AZƏRTAC

Şəklin alt yazısı, Emin Əmrullayev
Çap edildi

Təhsil Naziri Emin Əmrullayev bugün təhsil haqlarını tamamilə dövlətin ödəməsi "rəqabət prinsipindən imtina etməkdir" deyib, ANAMA əməkdaşı Cəbrayılın Mehdili kəndində minaya düşüb, Şuşa şəhərində yeni yarımstansiya tikilir, ANAMA-ya müxtəlif ərazilərdə mərmi aşkarlanması barədə müraciətlər daxil olub, Naxçıvanın Şahbuz rayonunda zəlzələ baş verib, Azərbaycan və Fransa rəsmiləri Qarabağ bəyanatından danışıblar - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Bu gün təhsil naziri Emin Əmrullayev keçirilmiş brifinqdə "təhsil haqqlarının ləğv edilməsinin təhsildə rəqabət prinsipindən imtina olduğunu" deyib.

"Bəzi hallarda təhsil haqqının ümumiyyətlə ləğv edilməsini və ya bütün ali təhsilin dövlət təəfindən ödənilməsi ilə bağlı fikirlər səsləndirilir... Bunun (təhsil haqqının) tamamilə dövlət tərəfindən ödənilməsi sisteminə keçsək, bu, o deməkdir ki, biz rəqabət prinsipindən imtina edirik".

Daha sonra nazir əlavə edib ki, "təhsil haqqı ilə bağlı məsələyə fərdi qaydada baxmaq daha uyğundur".

"Azərbaycanın ali təhsil müəssisələrində təhsil haqqı təxminən 2 500 manatdır. Ali məktəblərdə ödənişli təhsilin qiyməti 500 manat olarsa, daha çox şəxs ali təhsil ala bilər, amma bizə o ali təhsilli şəxslərin uzun vədədə iqtisadiyyata və gündəlik rifaha hansı əlavə dəyəri qatacaqlar sualı məncə daha vacib sualdır," - təhsil naziri vurğulayıb.

Nazir həmçinin "bu il ərzində təhsil kreditlərinin təqdim edilməsini planlaşdırılmasına da toxunaraq, dövlət büdcəsindən təhsil kreditləri üçün "80 milyon manat vəsait nəzərdə tutulduğunu" açıqlayıb.

Bütün təhsil müəssislərində əyani dərslər mərhələli şəkildə bərpa ediləcək

məktəb

Şəklin mənbəyi, Təhsil Nazirliyi

Azərbaycanda fevralın 1-dən bütün təhsil müəssislərində əyani dərslər mərhələli şəkildə bərpa ediləcək.

Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Təhsil Nazirliyinin cümə günü keçirdiyi brifinqdə təhsil naziri Emin Əmrullayev bildirib ki, fevralın 1-də Bakı, Sumqayıt şəhərlərində, Abşeron rayonunda və bütün ölkə ərazisində təhsil müəssisələrində ibtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti qismən bərpa ediləcək.

Onun sözlərinə görə, I-IV siniflər böyük şəhərlərdə həftədə 3 dəfə olmaqla, qismən daha kiçik bölgə və kəndlərdə isə, ənənəviyə daha yaxın fomatda, həftədə 4-5 dəfə olmaqda məktəbə gedə biləcəklər.

Cənab Əmrullayev deyib ki, V-IX siniflər, o cümlədən peşə və ali təhsil müəssisələrində qismən təhsilin bərpa edilməsilə bağlı müvafiq qərarların verilməsi nəzərdə tutulur.

Nazir bildirib ki, bu qərara həm də ölkədə koronavirus infeksiyasına yoluxmanın sabit qalması və artımın olmaması təsir edəcək.

O, həmçinin bildirib ki, bu, əsasən Azərbaycanda metropolitenin yenidən fəaliyyətə başlamasından aslı olacaq, çünki müəllim və texniki işçiləri əsasən bu nəqliyyat vasitəsindən istifadə edir.

Bundan başqa nazir uşaq bağçalarının fevralın 15-dək açılacağına ümid etdiyini deyib və qeyd edib ki, "hələ ki, bununla bağlı proqnoz vermək tezdir."

O, həmçinin əlavə edib ki, fevralın 1-dən müəyyən say gözlənilməklə və qaydalara riayət olunmaqla repetitorluq xidmətinin bərpası da nəzərdə tutulur.

Emin Əmrullayev vaksinasiya olunacaq müəllimlərin siyahısının da hazır olduğunu qeyd edib.

O, vaksinasiyanın könüllü olduğunu deyib və bildirib ki, Bakı, Sumqayıt və Abşeronda fəaliyyət göstərən 17 minə yaxın, bölgələrdə isə 32 mindən çox təhsil işçisinin vaksinasiya olunması nəzərdə tutulur.

Brifinqdə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu fiziki tərbiyə dərslərində fiziki təmasların çox olduğu üçün müvəqqəti olaraq bu dərslərin əyani tədrisinin dayandırılmasının tövsiyə olduğunu deyib.

Azərbaycanda COVİD-19 pandemiyasına görə uzun müddət tədris onlayn formatda həyata keçirilib.

Xankəndi

Şəklin mənbəyi, KAREN MINASYAN/AFP/Getty Images

Bako Sahakyanın mühafizəçisinin cəsədi tapılıb

Dağlıq Qarabağda separatçı liderlərdən biri olmuş Bako Sahakyanın mühafizəçi xidməti əməkdaşının meyiti tapılıb.

Dağlıq Qarabağ İstintaq Komitəsinin məlumatına görə, yanvarın 22-si səhər saat 5:00 radələrində "Hyundai" markalı avtomobilin sürücü oturacağında başından aldığı güllə yarasından ölmüş 1985-ci il təvəllüdlü Artur Apresyanın meyiti aşkar edilib.

Məlumata görə, "onun sağ əlində tapança olub".

İlkin məlumatlara görə, hadisə ilə bağlı intihar maddəsi üzrə cinayət işi açılıb.

Arayik Harutyunyan (solda), Nikol Paşinyan (sağda)

Şəklin mənbəyi, Gov.am

Şəklin alt yazısı, Arayik Harutyunyan (solda), Nikol Paşinyan (sağda)

Ermənistan Təhlükəsizlik Şurasının iclasında Arayik Harutyunyan iştirak edib

Yerevanda cümə günü Ermənistan Baş naziri Nikol Paşinyanıın rəhbərliyilə keçirilən Ermənistan Təhlükəsizlik Şurasının iclasında tanınmamış "DQR lideri" Arayik Harutyunyan da iştirak edib. Bu barədə Ermənistan Hökuməti mətbuat xidmətinin məlumatı xəbər verir.

İclası açan Baş nazir Paşinyan deyib ki, "bu format daha da əlaqələnmiş hərəkətlərin işlənib hazırlanması üçün vacibdir və müntəzəm xarakter daşımalıdır".

Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının iclasında Arayik Harutyunyanın iştirakını "önəmli" adlandırıb, "çünki informasiya mübadiləsinə və gələcək hərəkətlərin strateji və taktiki planlaşdırılmasına xidmət edir".

Məlumata görə, iclasda cari gündəlik məsələləri müzakirə olunub.

mina

Şəklin mənbəyi, ANAMA

ANAMA əməkdaşı Cəbrayılda minaya düşüb

Cümə günü Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı, 1974-cü il təvəllüdlü Azər Sultanov işğaldan azad edilmiş Cəbrayıl rayonun Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alıb, Baş Prokurorluq açıqlayıb.

Qurum bildirib ki, ANAMA əməkdaşı yeni çəkiləcək dəmiryolu xəttinin tikintisi ilə əlaqədar minadan təmizləmə işləri həyata keçirib.

Baş Prokurorluq hadisə ilə bağlı Cəbrayıl rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin "təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma", "silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma" və digər maddələri ilə cinayət işi başlandığını açıqlayıb.

Azərenerji, Şuşa, yarımstansiya, işıq

Şəklin mənbəyi, Azərenerji

Azərenerji Şuşada yarımstansiya tikir

"Azərenerji" ASC Şuşada 110/35/10 kilovoltluq yeni yarımstansiya tikir.

Qurum bildirib ki, Şuşa şəhərinin girişində tikilən yeni yarımstansiya məsafədən idarəolunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulacaq.

Məlumatda deyilir ki, işğaldan azad olunan ərazilərin böyük hissəsinin Azərbaycanın ümumi enerjisisteminə qoşulması üçün Füzulidəki "Şükürbəyli" yarımstansiyası genişləndirilərək tam yenidən qurulur və yarımstansiyaya İmişlidən 110 kilovoltluq 51 km məsafədə yeni xətt gətirilir. Bundan başqa, Füzulidən Şuşaya 75 km məsafədə 110 kilovoltluq ikidövrəli "Şuşa-1", "Şuşa-2" hava elektrik xətləri çəkilir.

Azərenerji yaxın vaxtlarda işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında da 110 kilovoltluq yeni yarımstansiyaların inşasına başlanılacağını bildirib.

mərmi mina

Şəklin mənbəyi, ANAMA

ANAMA cəbhəyanı ərazilərdə 300-dən çox sursat aşkarlayıb

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi açıqlayıb ki, 20-21 yanvar tarixlərində Beyləqan, Qubadlı, Zəngilan, Tərtər, Tovuz və Xocavənd rayonları ərazilərində mərmilərin aşkar olunması barədə 8 müraciət daxil olub.

Qurum bildirib ki, aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 124 ədəd partlamamış hərbi sursat (PHS), 7 ədəd piyada əleyhinə mina, 3 ədəd təlim məqsədli tank əleyhinə mina, 197 ədəd müxtəlif çaplı patronlar, 23 ədəd top mərmisinin gilizləri və 2 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Məlumatda deyilir ki, 14 hektara yaxın ərazi yoxlanılıb, 117 km-dən çox yol mina və partlamamış hərbi sursatlardan təmizlənilib, 282 tikili yoxlanılıb.

Şahbuz rayonu

Şəklin mənbəyi, Azərtac

Şahbuzda zəlzələ olub

Cümə axşamı günü gecə saatlarında Şahbuz rayonunda, Şahbuz stansiyasından 12 km şimal-qərbdə zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib ki, zəlzələ saat 23:23-də qeydə alınıb.

Qurumun məlumatında deyilir ki, yeraltı təkanlar episentrdə 4, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss edilib.

Zəlzələ ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilib.

Azərbaycan Xarici İşlər Nazirliyi

Şəklin mənbəyi, Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan-Fransa XİN başçıları Qarabağı müzakirə edib

Cümə axşamı günü Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov fransalı həmkarı Jean-Yves Le Drian ilə Qarabağı müzakirə edib.

Nazirlər bölgədəki son vəziyyət, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış birgə bəyanat və digər məsələlər barədə danışıblar.

Qurum bildirib ki, Azərbaycan-Fransa arasındakı münasibətlər də müzakirə mövzusu olub.