Rusiyada Navalnı saxlanılıb, Azərbaycanda tərxis olunanlarla iş üzrə komissiyanın yeni şöbələri açılıb

Çap edildi

Rusiyada müxalifət lideri Aleksey Navalnı saxlanılıb, Ermənistandan Qarabağa 50 minə yaxın qaçqın qayıdıb, Azərbaycanda ordudan tərxis olunanlar üzrə komissiya bölgələrdə işə başlayır - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Aleksey Navalnı Moskvada saxlanılıb

Rusiya müxalifətinin lideri Aleksey Navalnı bazar günü Almaniyadan Moskvaya qayıtdıqdan sonra Rusiyada Federal Penitensiar Xidməti (FSİN) tərəfindən saxlanılıb.

Navalnının Rusiyaya dönüşündən bir qədər əvvəl FSİN onu şərti cəzaçəkmə qaydalarını pozmaq ittihamı ilə axtarışa vermişdi.

Bundan əlavə, Navalnı dələduzluqda ittiham olunub və ona qarşı cinayət işi açılıb.

Aleksey Navalnı Rusiyada keçən ilin avqustunda zəhərləndikdən sonra koma vəziyyətində Almaniyaya aparılıb və orada təxminən 5 ay ərzində müalicə kursu keçib.

Almaniya ekspertləri Navalnın "Noviçok" adlı sinir-iflic maddəsi ilə zəhərləndiyini bildiriblər.

Navalnı buna görə Kremli ittiham edib.

Kreml onun iddialarını rədd edib.

Bu gün onun təyyarəsi Moskvanın Vnukovo aeroportunda eniş etməli idi, lakin son anda "texniki səbəblərə görə" təyyarə eniş etmək üçün Şeremetyevo aeroportuna göndərilib və orada Moskva vaxtı ilə təxminən saat 20:25-də yerə enib.

Vnukovo aeroportunda Navalnını qarşılamaq üçün onun çoxsaylı tərəfdarları və media nümayəndələri toplaşmışdı.

Sosial mediada yayılan məlumatlara əsasən, Vnukovo aeroportunda polis əməkdaşları Navalnını qarşılamağa gələn kütləni aeroportun ərazisindən sıxışdırıb çıxarmağa çalışıb, bu zaman onlarla adam polis tərəfindən saxlanılıb. OVD-İnfo nəşri Moskva vaxtı ilə axşam saat 21:00 radələrində azı 37 nəfərin saxlandığını bildirib.

Qarabağa 50 minə yaxın qaçqın qayıdıb

Rusiya sülhməramlıları 50 minə yaxın qaçqının Ermənistandan Qarabağa qayıtmasına kömək edib, Rusiya Müdafiə Nazirliyi bazar günü bildirib.

Son sutka ərzində Rusiya sülhməramlıları Yerevandan Xankəndinə avtobuslarla qayıdan 177 qaçqını müşayiət ediblər.

RF Müdafiə Nazirliyi indiyədək Ermənistandan Qarabağa 49,6 mindən çox qaçqının qayıtdığını açıqlayıb.

"Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları vətəndaşların daimi yaşayış yerlərinə təhlükəsiz qayıtmasını təmin edir, humanitar yardım göstərir və mülki infrastrukturu bərpa edirlər," - RF Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

Azərbaycan: Ordudan tərxis olunanlar üzrə komissiyanın Pirəkəşkül və Gəncə şöbələri açılır

Səfərbərlikdən tərxis olunmuş vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması ilə bağlı Müdafiə nazirinin əmri ilə yaradılmış komissiyanın nəzdində əlavə iki səyyar qrupun da yaradılması qərara alınıb.

Yanvarın 18-dən etibarən Pirəkəşkül qəsəbəsində və Gəncə şəhərində yerləşən hərbi hissələrdə səyyar qruplar fəaliyyət göstərəcək.

Bununla da bazar günləri istisna olmaqda hər gün səhər saat 09:00-dan 18:00-dək Azərbaycanın dörd bölgəsində komissiya fəaliyyətini davam etdirəcək, Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Müdafiə nazirinin əmri ilə yaradılmış komissiya yanvarın 11-dən etibarən Bakıda Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində və Füzuli rayonunda komissiyanın səyyar qrupu formatında fəaliyyətini davam etdirir.

Komissiyaya gəlmədən müraciətlərin qeydə alınmasını həyata keçirmək və sorğuların cavablandırılması məqsədilə müvafiq istiqamətlər üzrə "Qaynar xətt" nömrələri də açılıb:

  • Bakıda 012 404-76-34, 050 873-21-85
  • Gəncədə 050 758-27-34
  • Füzuli rayonunda 050 706-70-07
  • Pirəkəşkül qəsəbəsində 050 653-16-39

"İndiyədək Bakıda fəaliyyət göstərən komissiya tərəfindən 1751 vətəndaş, Füzuli rayonunda fəaliyyət göstərən səyyar qrup tərəfindən isə 202 vətəndaş qəbul olunub. Hazırda müraciətlərdə qaldırılan məsələlərin həlli istiqamətində lazımi tədbirlər görülür," - Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov yanvarın 17-də jurnalistlərə müsahibəsində deyib.

COVID-19 əleyhinə Vaksinasiya Strategiyası təsdiqlənib

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli sərəncamı ilə Azərbaycanda "COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası" təsdiq edilib.

Sərəncama əsasən, Vaksinasiya Strategiyasının tədbirlər planında nəzərdə tutulmuş icraçı qurumlar "zəruri tədbirlərin müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsini təmin etməli və işlərin gedişatı barədə məlumatları mütəmadi olaraq Nazirlər Kabinetinə təqdim etməlidirlər".

COVID-19 xəstəliyinə qarşı vaksinasiya kampaniyasının uğurlu keçməsi üçün Strategiyanın aşağıdakı prinsipləri tərtiblənib:

  • könüllülük- vətəndaşın özünün və digərlərinin sağlamlığının qorunması məqsədilə vaksinasiyada könüllü olaraq iştiraketmə qərarını verməsi;
  • təhlükəsizlik- COVID-19 xəstəliyinə qarşı mübarizədə effektiv, keyfiyyətli və təhlükəsiz vaksinin seçilməsi;
  • şəffaflıq- vaksinasiya prosesinin maliyyələşdirilməsi və icrası barədə məlumatların əhaliyə şəffaf və əlçatan olması;
  • mərhələlilik- Strategiyanın hazırlıq, icra və vaksinasiyadan sonrakı mərhələlər şəklində ardıcıllıqla həyata keçirilməsi;
  • ədalətlilik- vaksinasiyanın hər bir fərd üçün onun gəlir səviyyəsindən, yaşayış yerindən və digər fərqli xüsusiyyətlərindən asılı olmayaraq ədalətli şəkildə aparılması;
  • məsuliyyət- vaksinasiya proqramının məsuliyyətli və vaxtında icra edilməsi;
  • əməkdaşlıq- pandemiya ilə mübarizədə beynəlxalq səviyyədə bütün maraqlı tərəflərlə konstruktiv əməkdaşlıq əlaqələrinin qurulması.

Sənəddə Vaksinasiya Strategiyasının əsas hədəfinin epidemioloji vəziyyətin stabilləşdirilməsi, xəstələnmə və ölümlə nəticələnən halların azaldılması olduğuğu qeyd olunub. Bu hədəfə nail olmaq üçün əhalinin "ictimai cəhətdən mühüm və tibbi cəhətdən yüksək risk qruplarının maksimal dərəcədə vaksinasiya ilə əhatə olunmasının" vacibliyi vurğulanıb.

COVID-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskliəhali qrupları aşağıdakı kimi göstərilib:

1. sosial:

  • səhiyyə işçiləri (həkim, orta və kiçik tibb heyəti, texniki heyət) ;
  • hüquq mühafizə orqanlarının əməkdaşları;
  • hərbi qulluqçular;
  • saxlanılan, həbs edilmiş şəxslər və məhkumlar;
  • təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun,telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

2. tibbi:

  • yaşlı əhali ≥65;
  • TSXX, xroniki hemodializ xəstələri, şəkərli diabet II tip (≥50), piylənmə (≥18).

Mərhələlər üzrə COVID-19 xəstəliyinə qarşı vaksinasiya olunan əhali qrupları

1-ci mərhələ:

  • Səhiyyə işçiləri
  • 65 yaşdan yuxarı şəxslər
  • Hüquq mühafizə orqanları tərəfindən əksepidemik tədbirlərə cəlb olunan heyət

2-ci mərhələ

  • Tibbi yüksək riskli olanlar (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar)
  • 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər
  • Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi
  • Yüksək riskli şəraitli işlərdə (cəmiyyətin fəaliyyəti üçün həyati vacib sahələrdə çalışan və əhəmiyyətli dərəcədə daha yüksək riskli sahələrdə çalışan - milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və digər şəxslər

Strategiyanın iqtisadi əsaslandırılması bölümündə qeyd olunub ki, sosial təcrid tədbirləri "işgüzar aktivliyə və iqtisadi artıma mənfi təsir" göstərib.

Pandemiya ilə mübarizə tədbirləri, onun ölkə iqtisadiyyatında yaratdığı mənfi təsirlərin azaldılması üçün ilə dövlət büdcəsindən və digər mənbələr hesabına bötüvlükdə təxminən 2,5 milyard manat vəsait ayrılıb.

"Bununla belə, 2020-ci ildə əvvəlki illə müqayisədə ÜDM istehsalı 4,3 faiz, o cümlədən qeyri-neft-qaz sektorunda isə 2,6 faiz azalmış, ixracın həcmi ötən illə müqayisədə 30 faiz, o cümlədən qeyri-neft ixracı 5,2 faiz, idxalın həcmi isə 21,4 faiz azalmışdır. Ölkə əhalisinin 2020-ci ildə nominal gəlirləri əvvəlki illə müqayisədə 1,8 faiz azalmışdır."