You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Azərbaycanda koronavirus: daha 803 yoluxma faktı qeydə alınıb, sağalanlar isə yoluxanlardan azı 3 dəfə çoxdur
Bu gün Azərbaycanda koronavirus infeksiyasına daha 803 yoluxma faktı qeydə alınıb, 2918 nəfər müalicə olunaraq sağalıb, 30 nəfər vəfat edib.
Beləliklə, ötən günün statistikası ilə müqayisədə sutka ərzində yeni yoluxanların sayı az qala ikiqat artıb, bununla belə sağalanlar yoluxanlardan sayca təxminən 3,6 dəfə çox olub.
Nazirlər Kabineti yanında Operativ Qərargah yanvarın 3-də bildirib ki, indiyədək ölkədə ümumilikdə 220 min 265 nəfərin koronavirus infeksiyasına yoluxması faktı aşkar olunub.
Onlardan 194 min 843 nəfər müalicə olunaraq sağalıb, 2733 nəfər vəfat edib.
Hazırda müalicə olunan xəstələrin sayı 22 min 689 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6200, bu günə qədər isə ümumilikdə, 2 milyon 210 min 426 test aparılıb.
Azərbaycan mediasında sosial məsafə və maska taxmaq kimi tələblərə əvvəlki kimi riayət olunmadığını göstərən məlumatlar yayılır. Öz növbəsində, hakimiyyət qaydaların pozulması ilə bağlı tədbir gördüyünü bildirir.
"Dekabrın 1-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublikamızın ayrı-ayrı şəhər və rayonlarında, eləcə də Bakıda 26 aktiv "COVID-19" xəstəsi müəyyən olunaraq saxlanılıb. Onlar əsasən, əhalinin intensiv hərəkət etdiyi, ictimai yerlərdə aşkarlanıblar", - DİN-in rəsmi saytındakı açıqlamada deyilir.
Məlumata əsasən, ev şəraitində müalicə təyinatını pozaraq bayıra çıxan bəzi şəxslərə qarşı cinayət işi başlanıb və araşdırmalar "davam etdirilir".
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, 26 sentyabr tarixinə qədər koronavirus hadisələrinin ümumi sayı 40 mindən aşağı olub. Ermənistan üzrə bu göstərici eyni dövr üçün 50 min civarında idi.
Oktyabr ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hərbi əməliyyatlara görə yaranan insan köçünün vəziyyətin pisləşməsinə töhvə verdiyini qeyd edib: "Münaqişə, pandemiya səbəbindən yükü artan səhiyyə sistemini daha da yükləməklə onun işinə birbaşa mənfi təsir göstərir. Bu, ÜST-nin Avropa regionunda COVID-19-a yoluxma hallarının sayının artmağa davam etdiyi bir vaxta təsadüf edir".