Bu günün xəbərləri: Azərbaycanda 4 hərbçi həbs edildi, Minsk Qrupu Yerevanda görüşlər keçirir

Şəklin mənbəyi, APA
Azərbaycanda 4 hərbçi həbs edildi, Minsk Qrupu Yerevanda görüşlər keçirir, Ermənistanda 3 günlük matəm, Paşinyan Ermənistanı tərk etmək və istefa vermək fikrində olmadığını deyib, Ağdamda 3 nəfər minaya düşüb, Azərbaycanda qana tələbat artıb, Cəbrayılın Əmirvarlı və Decal kəndlərindən görüntülər, ANAMA 6 rayonda mina zərərsizləşdirib, - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Azərbaycanda müharibə zamanı "erməni hərbçilərinin cəsədləri və ermənilərə məxsus qəbir daşlarını dağıtmaqla təhqiredici hərəkətlərə yol verməyə" görə 4 hərbçi həbs olunub.
Baş Prokurorluq məlumat yayıb ki, kiçik gizir kimi xidmət aparan Rəşad Əliyev və Qardaşxan Abışovun Zəngilan rayonu ərazisində döyüş əməliyyatları zamanı öldürülmüş erməni hərbi qulluqçularının meyitlərinin üzərində "təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələrinə" əsaslı şübhələr müəyyən olunub."
Bundan başqa, əsgərlər Arzu Hüseynov və Ümid Ağayev Xocavənd rayonunun Mədətli kəndi ərazisində yerləşən qəbiristanlıqda ermənilərə məxsus qəbir daşlarını dağıtmaqla üzərlərində "təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərməkdə" ittiham olunurlar.
Bu dörd hərbçi təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu məsələ ilə bağlı cinayət işi Cinayət Məcəlləsinin "işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə" və "qəbir və ya meyit üzərində təhqiredici hərəkət" maddələrinə əsasən açılıb.
İstintaq-əməliyyat tədbirlərini Hərbi Prokurorluq həyata keçirir.
Qurum bildirib ki, hazırda sosial mediada yayılmış digər videogörüntülərlə bağlı "zəruri araşdırmalar aparılır".
"Azərbaycan Respublikasının hərbi qulluqçuları tərəfindən yuxarıda qeyd olunan cinayət əməllərinin törədilməsi yolverilməz olmaqla tolerant, multikultural dəyərləri üstün tutan, tarixən humanistliyi ilə seçilən azərbaycan xalqının mentalitetinə ziddir. Oxşar xarakterli qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunla nəzərdə tutulmuş tədbirlər görülməklə məsuliyyətə cəlb edilmələri təmin ediləcəkdir", Baş Prokurorluq bəyan edib.
Minsk Qrupu Yerevanda görüşlər keçirir

Şəklin mənbəyi, Mfa.am
Bu gün Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupu həmsədrlərinin Yerevana səfəri başlayıb. Bu, Minsk Qrupu həmsədrlərinin 44 günlük Qarabağ müharibəsindən sonra bölgəyə ilk səfəridir. Ermənistandan əvvəl həmsədrlər Bakıda olublar.
Yerevanda Minsk Qrupu həmsədrləri Ermənistan xarici işlər naziri və ölkə rəhbərliyi ilə görüşlər keçirirlər.
Ermənistan xarici işlər naziri ilə görüşdə Rusiyanın Ermənistandakı səfiri Aleksey Sinequbov və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Adrzey Kasprzyk də iştirak ediblər.
Ermənistan XİN mətbuat xidmətinin məlumatına görə, görüş əsnasında Dağlıq Qarabağ münaqişə bölgəsində "atəşkəsdən sonrakı hadisələr, bərpaetmə işləri və Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi" məsələləri müzakirə olunub.
Ermənistan rəsmisi deyib ki, Qarabağ ermənilərinin hüquqları və maraqları kimi məsələlər, ilk növbədə, ATƏT-in Minsk Qrupu həmsədrliyi ilə sülh prosesi çərçivəsində nəzərdən keçirilməlidir.
Ermənistan xarici işlər naziri Ara Ayvazyan erməni tərəfin "xalqların öz müqəddəratını təyin etmək hüquqları əsasında Artsaxın (Dağlıq Qarabağın-red.) statusunun müəyyən edilməsi, Azərbaycan tərəfindən işğal edilmiş Artsax ərazilərinin azad edilməsi, Artsax ermənilərinin öz evlərinə təhlükəsiz qayıtmasının təmin edilməsi, dini və mədəni irsin qorunmasına" üstünlük verdiyini qeyd edib, məlumatda deyilir..
Ayvazyan həmsədrlərin diqqətini "Azərbaycan tərəfindən atəşkəs haqqında üçtərəfli bəyanata görə üzərinə düşən öhdəliklərin pozulduğuna yönəldib".
Bununla bağlı nazir Ayvazyan həmsədrlərin bölgəyə səfəri günlərində "Azərbaycan tərəfinin Artsax-Azərbaycan təmas xəttində təxribat hərəkətlərini misal gətirib".
Bir neçə gün əvvəl Dağlıq Qarabağda Ermənistan və Azərbaycan hərbçiləri arasında toqquşma olub. Toqquşmalar zamanı ölən və yaralananlar olub.
Azərbaycan bildirib ki, Ermənistan ordusu iki dəfə noyabrın 26-da və dekabrın 8-də hücum edib. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti həmin ərazidə anti-terror əməliyyatı keçirdiyini deyib.
Ara Ayvazyan həmsədrlərə deyib ki, "Azərbaycan hərbi-siyasi rəhbərliyi müxtəlif səviyyələrdə ermənilərə qarşı nifrət qızışdıran bəyanatlar verir ki, Azərbaycanın bu mövqeyi sülh prosesində konstruktiv iştirak etmək və güc tətbiq etmək və ya tətbiq etməklə hədələmək siyasətindən imtina etməyə qabil olmadığını sübut edir".
Günün ikinci yarısında həmsədrləri Ermənistan Baş naziri Nikol Paşinyan qəbul edib.
Baş nazirin administrasiyasından alınan məlumata görə, Paşinyan da həmsədrlər, Rusiyanın Ermənistanda səfiri Aleksey Sinequbov və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi elçisi Andrzey Kaspzyk ilə görüş zamanı Qarabağ üzrə danışıqlar prosesinin Minsk Qrupu formatında davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.
Paşinyan Qarabağ münaqişəsinin "tam tənzimlənməsi üçün" Qarabağın statusu, əhalinin hüquqları və təhlükəsizliyi təminatı, dini, mədəni irs və ərazi bölgüsü məsələlərinə dair daha əvvəl Ermənistan XİN mətbuat xidmətinin məlumatında qeyd olunan tezisləri təkrarlayıb.
Yerevanda Qarabağ münaqişəsi üzrə Minsk Qrupu formatında danışıqlara dəstək aksiyası

Şəklin mənbəyi, Newsarmenia.am
Yerevanda Qarabağ münaqişəsi üzrə danışıqların Minsk Qrupu formatında davam etdirilməsinə dəstək aksiyası keçirilib.
Aksiyanı "Milli demokratik qütb" hərəkatı təşkil edib. Aksiya iştirakçıları Qaregin Njdeh heykəli yanından həmsədrlərin danışıqları aparılacaq XİN binası önünə yürüş ediblər. Aksiyanın məqsədi Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların ATƏT-in Minsk Qrupu formatı çərçivəsində yenidən başlanmasına dəstək nümayiş etdirməkdir.
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupu həmsədrləri Andrew Shofer (ABŞ) və Stephane Visconti (Fransa) bazar günü Bakıdan Yerevana gedib və bu gün Ermənistan rəhbərliyi ilə görüşlər keçirəcəklər.
Qrupda Rusiyanı təmsil edən İqor Popov bu səfərdə iştirak etmir.
Həmsədrlərin Qarabağda separatçıların lideri Arayik Harutyunyanla da Yerevanda görüşəcəyi bildirilir.
"Milli demokratik qütb" hərəkatının lideri Varujan Avetisyan aksiya iştirakçılarının həmsədrlərlə görüşmək istədiyini bildirib.
"Biz Minsk Qrupundan tələb edirik ki, Artsax (Dağlıq Qarabağ -red.) məsələsinin tənzimlənməsi prosesi Minsk Qrupu formatına qaytarılsın, bölgədə beynəlxalq sülhməramlılar yerləşdirilsin və düşmən qüvvələri ərazilərdən çıxarılsın", - Varujan Svetisyan jurnalistlərə deyib.
O, azından iki həmsədr ölkənin (ABŞ və Fransa) danışıqlar prosesini Minsk Qrupu formatına qaytarılmasına səy göstərir, "Azərbaycan isə bu səyləri puça çıxarmaq istəyir".
Avetisyanın sözlərinə görə, prosesin Minsk Qrupu çərçivəsində davam etməsi daha səmərəlidir, çünki "müəyyən dərəcədə təhlükəsizlik və sülh qarantiyaları təmin edir".
Hərəkatın üzvü Ara Papyan deyib ki, proses "öz formatına" qayıtmalıdır: "Bundan 100 il əvvəlki kimi, rus-türk sövdələşməsi əsasında, Ermənistanın iki qüvvə arasında bölünməsi tarixi təkrarlana bilməz. Bu, yolverilməzdir", - Ara Papyan deyib.
Təxminən 30 ildir ki, Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ və onu əhatə edən 7 rayon uğrunda döyüşlər sentyabrın sonunda başlayıb və 44 gün davam edib. Müharibə noyabrın 10-da Ermənistan, Azərbaycan və Rusiya dövlət başçıları arasında atəşkəs haqqında razılıq əldə edilməsindən sonra dayandırılıb. Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı bir sıra şəhər və rayonlarını geri qaytarıb. Dağlıq Qarabağa rus sülhməramlıları yerləşdirilib.
Paşinyan Ermənistanı tərk etmək və istefa vermək fikrində deyil

Şəklin mənbəyi, Gov.am
Ermənistan Baş naziri Nikol Paşinyan xaricdə heç bir evi olmadığı və təzyiq altında istefaya çıxmaq niyyətində deyil. Bu barədə o, bazar ertəsi günü xalqa müraciətində bəyan edib.
Paşinyan deyib ki, son zamalnar sosial şəbəkələrdə onun və ailə üzvləri haqqında yalan məlumatlar yayılır ki, guya onlar təcili Ermənistanı tərk etməyə hazırlaşırlar, xaricdə isə artıq onların evləri var.
"Müharibə başlanandan bəri mənim ailə üzvlərimdən heç kəs Ermənistanı tərk etməyib və etməyə hazırlaşmır. Yer kürəsində ailəmə məxsus olan yeganə mülk isə hamıya məlum olan Yerevanın Şenqavit rayonundakı evdir", - Paşinyan deyib.
Paşinyan bir daha vəzifəsindən istefa verməyə hazırlaşdığı haqqında şayiələri təkzib edib və bunu yalnız xalqın iradəsi ilə edəcəyini bildirib.
"Mən, xalq tərəfindən mənə verilən statusdan yalnız xalqın öz iradəsini bildirməsinə dair etibarlı tələbi nəticəsində imtina edə bilərəm. Belə iradə olmasa, mən öz baş nazirlik funksiyalarımı yerinə yetirməkdə davam edəcəyəm... Hazırda başlıcası Ermənistanda vəziyyətin sabitləşdirilməsidir və biz bunun üzərində işləməliyik , - Paşinyan deyib".
Noyabrın 10-da Ermənistan, Azərbaycan və Rusiya dövlət başçıları arasında Qarabağda atəşkəs haqqında razılıq əldə edildikdən sonra Ermənistanda baş nazir Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir. Müxalifət Paşinyanı kapitulyasiya imzalamaqda və erməni qüvvələrin nəzarətində olan ərazilərin itirilməsində günahlandırır.
Ermənistanda 3 günlük matəm
Ermənistanda dekabrın 19-da ikinci Qarabağ müharibəsində həlak olanların xatirəsinə üçgünlük matəm elən olunacaq.
Bu barədə bazar ertəsi günü Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.
Dekabrın 19-da münaqişə bölgəsində atəşkəsin bərpa olunmasının 40 günü tamam olur.
Ermənistanda matəm tədbirləri çərçivəsində Respublika meydanından "Yerablur" hərbi panteonuna yürüş təşkil ediləcək.
"Yəqin ki, 19 dekabra kimi həlak olan döyüşçülərimizin hamısının cəsədləri tapılmaya və bir çoxlarının kimliyi müəyyən edilməyə bilər. Lakin, hesab edirəm ki, bu kimi bir dövlət qərarını daha təxirə salmaq olmaz", - Paşinyan deyib.
Ermənistan Səhiyyə Nazirliyinin son məlumatına görə, bu günədək müharibədə həlak olan 2996 hərbçi cəsədlərinin məhkəmə-tibb ekspertizası keçirilib.
Qeyri-rəsmi məlumatlara görə, 44 günlük müharibə nəticəsində həlak olan və itkin düşənlərin ümumi sayı 3300-dən çoxdur.
Ağdamda 3 nəfər minaya düşüb

Bazar günü bir hərbi qulluqçu və 2 mülki vətəndaş Ağdam rayonunun Şahbulaq kəndinin ərazisində piyada əleyhinə minaya düşüb və nəticədə bir mülki şəxs həlak olub, digərləri yaralanıb.
Bu barədə Azərbaycanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
"2020-ci il dekabrın 13-də saat 17 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin bir hərbi qulluqçusu, Ağdam rayon sakinləri 1984-cü il təvəllüdlü Əhmədov Toğrul Vilayət oğlu və 1990-cı il təvəllüdlü Məmmədov Elçin Qanboy oğlu işğaldan azad olunmuş Ağdam rayonunun Şahbulaq kəndinin ərazisində olarkən piyada əleyhinə minaya düşmüşlər. Nəticədə Elçin Məmmədov həlak olmuş, hərbi qulluqçu və Toğrul Əhmədov isə ağır dərəcəli bədən xəsarətləri almışlar,"- məlumatda deyilir.
Bildirilir ki, faktla bağlı Cinayət Məcəlləsinin təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma, cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd və digər maddələri ilə cinayət işi başlanıb.
Hazırda faktla bağlı prokurorluq və polis əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri və əməliyyat tədbirləri həyata keçirilir, qurumların məlumatında deyilir.
Baş Prokurorluq və DİN əhaliyə xəbərdarlıq edib və işğaldan azad olunmuş ərazilərdə təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan, ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edib.
Cəbrayılın Decal kəndindən görüntülər
Azərbaycan Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Decal kəndindən görüntülər paylaşıb.
Decal kəndi oktyabr ayının 4-də işğaldan azad edilib.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube, 1
Azərbaycanda qana tələbat artıb

Şəklin mənbəyi, Anadolu Agency/Getty Images
Azərbaycanda Mərkəzi Qan Bankı bildirib ki, ölkədə qana tələbat artıb.
Qurumun məlumatında deyilir ki, koronavirus pandemiyası ilə əlaqədar ölkədə yoluxma hallarının artması talassemiya, hemofiliya, leykoz eləcə də ağır COVID-19 xəstəliyindən əziyyət çəkən insanlar üçün qan tələbatını artırıb.
Mərkəzi Qan Bankı "sağlam insanların həmrəylik nümayiş etdirib qana ehtiyacı olan xəstələrə yardım etmələri, damarlarında axan qanı hədiyyə vermələri vacibdir" deyə bildirib.
Qan Banklarının 24 saat açıq olduğu və sterillik və digər zəruri təhlükəsizlik üçün xüsusi tədbirlərin görüldüyünü də qeyd edilib.
"Sərtəşdirilimiş karantin günlərində vətəndaşlarımızın karantin qaydalarına uyğun saatlıq icazə ilə evdən çıxdıqlarını nəzərə alaraq bildirmək istəyirik ki, qanvermə prosesi zamanı gecikmə olarsa, donorlar, tərəfimizdən gecikmənin səbəbini bildirən arayışla təmin olunacaq,"- qurumun məlumatında deyilir.
"Qan ehtiyacı olan vətəndaşlarımız xilaskarlarını gözləyirlər. Önə çıx, həyat xilas et!" - Mərkəzi Qan Bankı əlavə edib.
Azərbaycanda indiyədək 175874 nəfərin koronavirus infeksiyasına yoluxması faktı aşkar olunub. Onlardan 111918 müalicə olunaraq sağalıb, 1922 nəfər vəfat edib, Nazirlər Kabineti yanında Operativ Qərargah bildirir.
Cəbrayılın Əmirvarlı kəndindən görüntülər
Azərbaycan Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Əmirvarlı kəndindən video görüntülər paylaşıb.
Cəbrayıl rayonunun Əmirvarlı kəndi oktyabr ayının 19-da işğaldan azad edilib.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube, 2
ANAMA 6 rayonda mina zərərsizləşdirib

Şəklin mənbəyi, ANAMA
Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA ) Ağdam, Ağcabədi, Füzuli, Goranboy, Tərtər və Xocavənd rayonları ərazisində mina və partlamamış hərbi sursat zərərsizləşdirib.
Qurum bildirib ki, bu rayonlarda mərmilərin aşkar olunması barədə 17 müraciət daxil olub.
ANAMA-nın məlumatına görə, aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 11 ədəd partlamamış hərbi sursat (PHS), 84 ədəd tank əleyhinə mina, 68 ədəd piyada əleyhinə mina və 50 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Qurum bildirir ki, agentliyin partlayış qrupu tərəfindən 137 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib.
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 80 141 nəfər mülki şəxs arasında maarifləndirmə təbliğatı aparılıb, məlumatda deyilir.





























