Ramiz Mehdiyev Əfv Komissiyasının sədrliyindən çıxarılıb - xəbərlər icmalı

Çap edildi

Ramiz Mehdiyev Əfv Komissiyasının sədrliyindən çıxarılıb. Beynəlxalq axtarışa verilən Qurban Məmmədov və Tural Sadıqlı ittihamları rədd edirlər - bu və başqa xəbərlər BBC Azərbaycancanın icmalında.

Sabiq Prezident Administrasiyasının rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyev Prezident yanında Əfv Məsələləri Komissiyasının sədrliyindən çıxarılıb.

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Prezidentinin Administrasiyasının indiki rəhbəri Samir Nuriyev komissiyaya sədr təyin olunub.

Bundan başqa, komissiyanın əvvəlki tərkibinin 7 üzvü Əfv Komissiyasının tərkibindən çıxarılıblar:

Səttar Möhbalıyev (Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri), Elmira Axundova (Milli Məclisin sabiq deputatı Azərbaycanın Ukraynadakı səfiri), Əbülfəs Qarayev (sabiq Mədəniyyət naziri), Bəxtiyar Əliyev (Milli Məclisin deputatı), Məlahət İbrahimqızı (Milli Məclisin deputatı), Mehdi Mehdiyev (Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri), Cəmilə Ramazanova (Əməkdar müəllim).

Əfv komissiysının 10 üzvü yeni tərkibdə də yer alıb:

  • Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
  • Fikrət Məmmədov - Ədliyyə naziri
  • Vilayət Eyvazov - Daxili işlər naziri
  • Əli Nağıyev - DTX rəisi
  • Allahşükür Paşazadə - şeyxülislam, Qafqaz müsəlmanları idarəsinin sədri
  • Əhliman Əmiraslanov - millət vəkili, Səhiyyə komitəsinin sədri
  • Azay Quliyev - millət vəkili
  • Aynur Sofiyeva - Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi sədrinin müavini
  • Rəşad Məcidov - Yazıçılar birliyinin katibi, Mətbuat Şurasının İdarə Heyətinin üzvü
  • Əliməmməd Nuriyev - "Konstitusiya" araşdırmalar fondunun rəhbəri

Əfv komissiyasının tərkibinə 6 nəfər yeni üzv daxil edilib:

  • Gündüz Kərimov - prezidentinin administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi,
  • Zahid Oruc - millət vəkili, İnsan hüquqları komitəsinin sədri
  • Fazil Mustafa - millət vəkili, Mədəniyyət komitəsi sədrinin müavini
  • Sədaqət Vəliyeva - millət vəkili
  • Bəyimxanım Verdiyeva - "Xan Şuşinski" fondunun rəhbəri
  • Mehriban Vəliyeva - Zərifə Əliyeva adına liseyin direktoru

Komissiyanın katibi vəzifəsini isə əvvəlki tərkibdə olduğu kimi prezident administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri Kəmalə İsmayılova yerinə yetirəcək.

Beynəlxalq axtarışa verilən Qurban Məmmədov və Tural Sadıqlı ittihamları rədd edirlər

Avropada məskunlaşmış internet televiziya yayımçıları Qurban Məmmədov və Tural Sadıqlı Azərbaycanda onlara qarşı irəli sürülmüş ittihamlarla razı deyillər.

Baş Prokurorluq onları və daha bir neçə nəfəri kütləvi iğtişaşlara, hakimiyyətə qarşı zorakılıq etməyə çağırmaqda ittiham edərək barələrində beynəlxalq axtarış elan edib.

Qurban Məmmədov və Tural Sadıqlı internet platformalarındakı kanallarında hakimiyyəti tənqid məzmunlu materiallar yayımlayırlar.

"Yalnız Azərbaycan rəhbərliyini tənqid edirəm"

Azad Söz internet kanalının rəhbəri Tural Sadıqlı BBC News Azərbaycancaya deyib ki, bu, onun üçün ilk axtarış deyil və oxşar halla bir il öncə qarşılaşıb.

"Mənim barəmdə 2019-cu ildə başqa maddələrlə axtarış elan etmişdilər. Hətta Sabunçu Rayon Polis İdarəsinin qarşısında axtarışda olanların lövhəsinə mənim Facebookdan götürdükləri gülümsəyən şəklimi yerləşdiriblər. İndi mənə təəccüblü gəldi ki, başqa maddələrlə nə gərək var axtarışa versinlər".

O, ittihamların konkret hansı video və ya məzmunla bağlı olduğunu bilməsə də, ümumi fəaliyyətinin nəzərdə tutulduğunu düşünür.

Tural Sadıqlı "Azərbaycan dövləti əleyhinə heç bir açıq və ya gizli çağırış etmədiyini", "konstitusiyon dəyişikliyə çağıran ifadələr işlətmədiyini" söyləyir və qeyd edir ki, ona qarşı irəli sürülən maddələrlə cinayət işinin açılması və axtarışa verilməsi "absurddur".

O, "fəaliyyətinin göz qabağında" olduğunu və yalnız Azərbaycan rəhbərliyini tənqid etdiyini deyir.

Almaniyada siyasi sığınacaq aldığını bildirən Tural Sadıqlı qeyd edir ki, bir ay əvvəl axtarışda olub-olmaması ilə bağlı alman polisinə müraciət edib və cavabında ona "Almaniyada hər hansı axtarışda olmadığı" deyilib.

O, xüsusilə Qərbi Avropa ölkələrində İnterpolun ona qarşı Azərbaycanın qaldırdığı iddialar əsasında "heç bir tədbirin olmayacağını" düşünür.

Cənab Sadıqlı hesab edir ki, Azərbaycan hökuməti adları çəkilən şəxsləri axtarışa verməklə onların "qeyri-azad və ya yarı azad ölkələrə səfər etmələrini məhdudlaşdırmağı" hədəfləyir.

"İğtişaşa çağırış olmayıb"

Hüquqşünas Qurban Məmmədov deyir ki, o, insanları yalnız "konstitusiyon hüquqlarını qorumağa" çağırıb və burada "iğtişaşlara çağırış" olmayıb və əksinə, "hüququşünas kimi insanlara izah edib ki, vətəndaş yalnız məmurun, polisin qanuni tələbinə cavab verməlidir, qanunsuz tələblərə əməl etməməlidir".

Cənab Məmmədov söyləyir ki, Baş Prokurorluğun məlumatında qeyd olunan "əlbir olan bir qrup şəxs" ifadəsi "tamamilə əsassızdır".

O deyir ki, qurumun məlumatında adları çəkilən şəxslərlə heç bir əlaqəsi olmayıb.

Baş prokurorluq onların Azərbaycana verilməsini istəyir

Baş Prokurorluq bildirib ki, Avropanın müxtəlif ərazilərində yaşayan bir neçə Azərbaycan vətəndaşı: Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı, Süleyman Süleymanlı barəsində elan edilən axtarış qərarı icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə və "İnterpol"-un Milli Mərkəzi Bürosuna göndərilib.

Onlar Cinayət Məcəlləsinin "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hakimiyyət qarşı zorakılıq etməyə çağırışlar etmə" və "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara təkrar dövlət əleyhinə yönələn açıq çağırışlar etmə" maddələri ilə ittiham olunurlar.

Həmin şəxslərin yerinin müəyyən edilərək Azərbaycana ekstradisiya edilməsi istənilir.

Baş Prokurorluğun məlumatında deyilir ki, sözügedən şəxslərlə eyni maddələrlə ittiham olunan Azərbaycan vətəndaşı Elvin İsayev Ukraynanın miqrasiya qanunlarını pozduğuna görə, 2019-cu ilin dekabrında Azərbaycana deportasiya olunub və barəsində əvvəlcədən seçilmiş həbs qətimkan tədbiri icra edilib.

Qurumun açıqlamasında qeyd olunur ki, Elvin İsayev, Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı, Süleyman Süleymanlı və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə 2018-ci ildə sosial şəbəkələrdə video müraciətlər yayımlayıblar.

İddia olunur ki, həmin şəxslər video müraciətlərdə "hakimiyyətin zorla ələ keçirilməsi və zorla saxlanılmasına, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına" yönələn ifadələr işlədib, Azərbaycan vətəndaşlarına müraciət edərək onları "hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal itaətsizlik və müqavimət göstərilməklə kütləvi iğtişaşlar və zorakılıqlar etməyə" çağırıblar.

Baş ittihamlara Prokurorluğun məlumatında adları çəkilən digər şəxslərin münasibəti bəlli deyil.

Abituriyentlər Ombudsmandan kömək istəyiblər

Azərbaycanda bəzi abituriyentlər Ombudsmana müraciət edərək ondan kömək istəyiblər.

Ombudsman Aparatı bildirib ki, bir qrup abituriyent Səbinə Əliyevaya müraciət edərək koronovirus pandemiyası ilə əlaqədar üzləşdikləri problemləri qeyd edib.

Onlar məktəblərin bağlanması, qrup halında məşğələlərin məhdudlaşdırılması, internetə fasiləsiz çıxışın olmamasına görə onlayn dərslərə qoşulmadakı problemlər, imtahan vaxtlarının dəyişdirilməsinin abituriyentlərin imtahanlarda yüksək bal toplamasına mane olduğu qeyd edib.

Səbinə Əliyeva bu müraciət əsasında Dövlət İmtahan Mərkəzinə (DİM) məktub ünvanlayıb.

Ombudsman DİM rəhbərliyindən xahiş edib ki, koronavirus epidemiyasına qarşı görülən tədbirlərin normal həyat şərtlərini dəyişməsini nəzərə alsınlar və "müsabiqə şərtlərini yumşaltsınlar".

Naftalanda çoxtəbəqəli yaşayış yeri aşkar edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun apardığı arxeoloji qazıntılar nəticəsində Naftalan şəhəri Qaşaltı-Qaraqoyunlu kəndi ərazisində çoxtəbəqəli yaşayış yeri aşkar edilib.

AMEA bildirilib ki, yaşayış yerinin yerləşdiyi təpənin ümumi sahəsi 5 hektara yaxın, hündürlüyü isə 10 metrdən artıqdır.

İnstitut abidənin əsas təbəqəsinin müxtəlif hissələrinin Eneolit, Son Tunc-İlk Dəmir, Antik və orta əsrlər dövrünə aid olduğunu qeyd edib.

Ərazidə qazma evlər, saxsı qab fraqmentləri və daş əmək alətləri aşkar edilib. Bundan başqa, küp qəbirlərə, dulus kürəsinə, ocaq yerlərinə, təndirlərə, təsərrüfat quyularına, üzəri şirli və sadə üsulla hazırlanmış zəngin saxsı məmulatına rast gəlinib.