Arıqlamağın açarı yeməyinizdən zövq almaq ola bilər

    • Müəllif, Melissa Hogenboom
    • Vəzifə, Sağlamlıq üzrə müxbir
  • Çap edildi
  • Oxuma vaxtı: 4 dəq

Çox ləzzətli görünən bir şokoladla aşağı kalorili, təbii şəkildə şirinləşdirilmiş alternativi arasında seçim etməli olsanız, hansını seçərdiniz?

Çoxumuz məntiqi olaraq bilirik ki, ikincisini seçməliyik, lakin ləzzətli bir mükafatdan əl çəkmək bəzən son dərəcə çətin olur.

Bu da arıqlamağa çalışanların pəhrizlərini davam etdirməsini çətinləşdirir.

Enerji sıxlığı çox olan, şirin qidalara meyl etməyə təkamülləşmişik; bunun səbəblərindən biri əcdadlarımızın bir vaxtlar bundan asılı olmasıdır.

Həmçinin ətrafımız yüksək kalorili, ultra-emal olunmuş qidalarla doludur və bunları yeyəndə yemək vərdişlərimizə görə günahkarlıq hissi də yaşa bilərik.

"Ultra-emal olunmuş məhsullar sanki metal rok musiqi konsertində olmaq kimidir. Hər şeyi üstələyəcək şəkildə hazırlanıblar. İnsanların bir meyvə və ya tərəvəzin yüngül klassik musiqisinə qulaq asması həqiqətən çox çətindir", - Miçiqan Universitetində psixologiya professoru olan Ashley Gearhardt deyir.

Lakin araşdırmalar sağlam çəkimizi qorumaq üçün təkcə nə yediyimizə deyil, qidalara dair düşüncə tərzimizə də fokuslanmalı olduğumuza işarə edir.

Yeməkdən zövq almağın sağlamlıq baxımından faydaları da var; çünki yediyimiz şeylərə dair gözləntilərimiz nə qədər ac olduğumuzu da formalaşdırır.

Məmnun etməyən "sağlam milkshake"lər

Təxminən 15 il əvvəl bir qrup alim məşhur bir eksperiment keçirtdi, nəticədə nə yediyimizlə bağlı inancımızın bədənimizin verdiyi reaksiyaya təsiri ortaya çıxdı.

ABŞ-dakı Stanford Universitetindən psixoloq Alia Crum-un rəhbərlik etdiyi bir qrup iştirakçıların dəbdəbəli, yüksək kalorili milkshake (milkşeyk) içdiklərini düşündükləri zaman bədənlərinin hormonal reaksiyasına istehlak etdikləri kalori miqdarından deyil, nə qəbul etdiklərinə dair inanclarından təsirləndiyini göstərdi.

İştirakçılara eyni milkshake verildi; lakin bəzilərinə bunun sağlam və cəmi 140 kalorilik olduğu, bəzilərinə isə 620 kalorilik "zövq" dolu bir içki olduğu deyildi. Reallıqda isə içki 380 kalori idi.

İştirakçılar "zövq" içkisini içdiklərini düşündükdə, iştahanı stimullaşdıran və ac olanda yüksələn, tox olanda isə düşən aclıq hormonu olan qrelin səviyyəsində daha çox azalma müşahidə etdilər.

Lakin, sağlam içki içdikləri deyildikdə, qrelin səviyyəsinin azalması daha az nəzərə çarpırdı.

Bu, qida ilə bağlı düşüncələrin və gözləntilərin bədənin reaksiyasını dəyişdirdiyini göstərir.

Crum deyir: "Kifayət qədər yediyinizə inanmaq bədəninizin kifayət qədər yemiş kimi reaksiya verməsinə səbəb olur".

Bu, sağlam çəki saxlamaq üçün vacibdir, çünki qrelin maddələr mübadiləmizə təsir göstərir.

Əgər özümüzü tox hiss etmiriksə və maddələr mübadiləmiz yavaşlayırsa, o qədər də çox enerji yandıra bilmərik.

Buna görə də, məhdudiyyətlərə yönəlmiş düşüncə tərzi sağlam çəki saxlamaq baxımından əks təsir göstərə bilər.

"Əgər arıqlamağa çalışırsınızsa və şəkər, yağ və kalori qəbulunu azaldırsınızsa, lakin məhdudlaşdırıcı düşüncə tərzindəsinizsə, bu, daha az arıqlamağa səbəb olacaq."

Crum toxluq hissi ilə bağlı genetik meyllərimizlə bağlı oxşar nəticələr tapıb.

Özlərini daha tez tox hiss etdirən genlərə sahib olduqları deyilən fərdlər, hətta bu genlərə sahib olmasalar belə, çəki tənzimləyən GLP-1 hormonunu daha çox istehsal edirdilər.

Etiketləmə niyə vacibdir?

Etiketləmə də bu məsələdə fərq yaradır.

Başqa bir araşdırmada iştirakçılardan biri "ləzzətli", digəri "sağlam" olaraq etiketlənmiş iki protein batonundan birini yemələri istənildi; halbuki hər ikisinin qida tərkibi eyni idi.

Üçüncü qrup iştirakçıdan yalnız batonun görünüşünü qiymətləndirmələri istənildi.

"Sağlam baton" yeyən iştirakçılar baton yeməyənlərlə müqayisədə daha çox yemək yesələr də özlərini daha az məmnun və ac hiss etdiklərini bildirdilər.

Bu, sağlamlıq etiketlərinin zövq gözləntilərini azalda biləcəyini və sağlam kimi etiketlənmiş qidaların daha az məmnunedici ola biləcəyini göstərir.

Həmçinin, sağlam qidaların sağlamlıq və ya qidalanma əvəzinə dad və zövqü vurğulayan şəkildə etiketlənməsinin insanların bu qidalardan zövq alma ehtimalını artırdığı aşkar edilib.

Eynilə, şokoladlı tort kimi xoş bir şey yediyinə görə özünü günahkar hiss edən şəxslərin arıqlamaqda daha az uğurlu olduğu aşkarlanıb.

Bütün bunlar arıqlamaq istəyənlər üçün vacib nəticələrə işarə edir.

David Robson-in "The Expectation Effect" (Gözləmə Təsiri) kitabında ətraflı izah etdiyi kimi, özünüzü mükafatdan məhrum etmək avtomatik olaraq ümumilikdə daha az kalori istehlak edəcəyiniz demək deyil.

Əksinə, məhdudiyyət sonradan kompensasiyaedici - həddindən artıq yemək davranışlarına səbəb ola bilər.

Crum-ın sözlərinə görə, bunun əvəzinə bədənimizə etibar etməyə və "yüngül", "aşağı" və ya "azaldılmış" kimi məhrumiyyət hisslərini oyadan qida təsvirlərindən çəkinməyə diqqət yetirə bilərik.

"Kifayət qədər yemədiyimiz hissi pəhrizin işləməsinə mane ola bilər", - o deyir.

Gearhardt bununla razılaşır və qidalara yalnız qida dəyəri və kalori baxımından baxmaq əvəzinə, onları xoşagələn hesab etməyin faydalı olduğunu irəli sürür.

"Özümüzü məhdudlaşdıranda bu, bir zəhlətökən işə çevrilə bilər", o deyir. Bunun əvəzinə, Gearhardtın sözlərinə görə, zülallar və bol meyvə-tərəvəz ehtiva edən emal olunmamış qidalara fokuslanmalıyıq.

Gearhardt deyir ki, insan bədəni bunlarla qidalanmaq, onları faydalı və cəlbedici hesab etmək üçün yaradılıb".

Ultra-emal olunmuş qidaları azaltmaq da kömək edəcək, çünki onlar bizə lazım olan qida maddələrini təmin etmir və iştaha səbəb ola bilər.

Crum-un dediyi kimi, biz bunu "zövq düşüncə tərzi" ilə də edə bilərik.

Bu, bədənin məhdudlaşdırmaq əvəzinə, tam olaraq ehtiyac duyduğu şeyi almasını təmin etməyə fokuslanmaq deməkdir. "Doğru zamanda doğru şeyləri istəmək baxımından özünüzə və bədəninizə etibar edin", o deyir.

Zaman-zaman bir ləzzətdən həzz almaq və ondan zövq almaq, balanslı qidalanma ilə yanaşı, sağlam çəkini qorumaqda rol oynaya bilər.