You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Karantin rejimi: İctimai nəqliyyatın işi dayandırılıb
Bu həftə sonu xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Onun işi bazar ertəsi bərpa olunacaq.
İctimai nəqliyyatın fəaliyyəti ilə bağlı məsələ Operativ Qərargahın mətbuat konfransında səslənib. Cümə günü keçirilən tədbirdə bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Hikmət Hacıyev danışıb.
Onun sözlərinə görə, iyulun 11-i gecə yarısından, iyulun 13-ü səhər saat 6-ya qədər ictimai nəqliyyat işləməyəcək.
Bakıda 10202 nəfər ev şəraitində koronavirus infeksiyasından müalicə alır. Bu sözləri isə Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov eyni mətbuat konfransında deyib.
Onun sözlərinə görə, onların içərisində "simptomsuz, yüngül və təmas etmiş testi neqativ nəticə verən insanlar da, uşaqlar da var."
Azərbaycanda martın 24-dən tətbiq olunan xüsusi karantin rejimi avqustun 1-ə qədər uzadılıb. Amma Azərbaycanın bəzi şəhər və rayonlarında sərt karantin rejimi iyulun 20-də bitməlidir.
Xarici səfirliklərdə yoluxmalar
Mətbuat konfransında Hikmət Hacıyev deyib ki, Azərbaycana koronavirusla bağlı Türkiyədən və Rusiyadan həkimlər gəlib və Kubadan da Azərbaycana həkim heyətinin gəlməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, Kubanın dünya miqyasında zəngin tibbi təcrübəsi var, xüsusən Kubanın Ebola virusuna qarşı təcrübəsi var.
Hikmət Hacıyev deyib ki, xaricdə qalan Azərbaycan vətəndaşlarının təxliyyəsi davam edir və bununla bağlı Türkiyə və Azərbaycan arasında bir neçə çarter reysi həyata keçirilib.
Cənab Hacıyev müxtəlif qurumlarda koronavirusa yoluxmalar haqqında danışıb.
Onun sözlərinə görə, Əfqanıstanda Azərbaycan sülhməramlıları arasında 1 yoluxma qeydə alınıb və bundan başqa Azərbaycanın xaricdəki səfirliklərində də koronavirusa yoluxma halları var.
Hikmət Hacıyevin sözlərinə görə, Meksika və Moldovada səfirliklərin əməkdaşları və onların ailə üzvləri arasında yoluxma halları var.
Prezidentin köməkçisi deyir ki, Azərbaycandakı təcridxanalarda yoluxmalar qeydə alınır.
O qeyd edib ki, 12 saylı cəzaçəkmə müəssisəsində 11, 14 saylı cəzaçəkmə müəssisəsində 5, 4 saylı qadınların cəza çəkdiyi müəssisədə 2 məhkumun testi müsbət çıxıb.
"Yeni yoluxan həmin 18 nəfərdən ikisi qanuna uyğun vaxtından əvvəl şərti azadlığa buraxılıb", o deyib.
Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb.