General-mayor Polad Həşimov II Fəxri Xiyabanda dəfn olunub

Çap edildi

Tovuz döyüşlərində həlak olan Azərbaycan Ordusunun yüksək rütbəli zabiti, general-mayor Polad Həşimov çərşənbə günü səhər saatlarında II Fəxri Xiyabanda dəfn olunub, hərbçinin yaxınları BBC News Azərbaycancaya deyiblər.

Dəfn mərasiminə onlarla şəxsin qatıldığı bildirilir.

Bakı Şəhər Baş Polis İdarəsi II Fəxri Xiyabana gedən yolları avtomobillər və piyadalar üçün bağlayıb. İdarənin mətbuat xidmətindən BBC News Azərbaycancaya deyiblər ki, II Fəxri Xiyabana buraxılış müvəqqəti dayandırılıb, amma Xiyabana buraxılışın nə vaxt bərpa olunacağı, yolların nə vaxt açılacağı barədə konkret vaxt göstərilməyib.

Polad Həşimov Sumqayıtda anadan olub və o, iyulun 13-14 keçən gecə Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində gedən döyüşlər zamanı həlak olub.

Sumqayıtda dəstək yürüşü: "Biz hamımız Poladıq"

Çərşənbə axşamı Polad Həşimovun cənazəsi Sumqayıtdakı evlərinə aparılıb.

BBC News Azərbaycancanın Sumqayıtda olan müxbiri xəbər verib ki, Polad Həşimovun atası evinin həyətinə toplaşan izdiham onun nəşini şüarlarla qarşılayıb: "Biz hamımız Poladıq", "Şəhidlər ölməz, vətən bölünməz", "Qarabağ bizimdir, bizim olacaq" şüarları səsləndiriblər.

Polad Həşimovun həlak olması xəbəri yayılandan sonra Sumqayıt şəhərinin müxtəlif hissələrində yüzlərlə insan yürüş edib.

Müxbirimiz Aygül Mehmanın sözlərinə görə, yürüşə azyaşlı uşaqlar da qatılıb.

Yürüş zamanı "Qarabağ bizimdir, bizim olacaq", "Ya Qarabağ, ya ölüm", "Şəhidlər ölməz, vətən bölünməz", "Sumqayıt, yatma, şəhidimiz var" şüarları səslənib.

Küçəyə çıxanların əllərində, eləcə də avtomobillərdə Azərbaycan və Türkiyə bayraqları dalğalanıb.

BBC müxbirinin müşahidələrinə görə, şəhərdə polislər olsa da, onlar yürüş iştirakçılarına müdaxilə etməyiblər.